18 iyul 2019 16:35
969

Yuxarı Ləki kəndində seçicilərlə görüş - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov rayonun Yuxarı Ləki kəndində sakinlərlə görüşüb.

Görüşdə Cavid Osmanov son illər ölkədə görülən işlərdən söhbət açaraq Azərbaycanın tarixində heç vaxt müşahidə edilməyən bir inkişaf dövrü yaşadığını qeyd edib. Paytaxt Bakı ilə yanaşı, regionlarda da həyata keçirilən çoxsaylı infrastruktur layihələrinin, aparılan abadlıq-quruculuq işlərinin deyilənlərə bariz nümunə olduğunu qeyd edən Milli Məclisin deputatı, eyni zamanda, Ağdaş rayonunda da irimiqyaslı işlərin görüldüyünü görüş iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.

C.Osmanov Prezident İlham Əliyevin imzaladığı sosialyönümlü Sərəncam və fərmanlara diqqət çəkərək bildirib ki, cari ilin əvvəlindən bu istiqamətdə mühüm qərarlar verilib: “Dövlət başçısının Sərəncamı ilə minimum əməkhaqqının məbləği artırılaraq 250 manat müəyyən edilib. Cənab İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir. Bu fakt bir daha göstərir ki, dövlətimizin siyasətində vətəndaş amili öndə dayanır. Dövlət başçısının digər sərəncamları ilə müxtəlif sahələrdə çalışan insanların da əməkhaqları artırılıb. Bütün bunlar Azərbaycanın sosial rifah dövləti olduğunu bir daha təsdiqləyir.”

Görüşdə çıxış edən sakinlərdən Müşviq Hüseynov, Zeynəb Talıbova, Nizami Abdullayev, Nəzifə Mahmudova, Məbud Məmmədov, Çingiz Hacızadə, Oulu Nəbiyev, Sevinc Cabbarova, Valeh Lətifov, Ulduzə Abbasova və Vasib Əliyev bildiriblər ki, bu gün Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına, ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz uğurla həyata keçirilən bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur. Kənd sakinləri cənab Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini və bundan sonra da hər zaman bu siyasətə dəstək olacaqlarını bəyan ediblər.

Sonda Cavid Osmanov sakinlərin suallarını cavablandırıb.

Orxan Vahidoğlu, «İki sahil»