24 sentyabr 2019 13:02
695

Zandfort bələdiyyəsi F 1 Qran-Prisinə vəsait tapa bilmir

Formula 1 Niderland Qran-Prisinin keçirilməsi xərcləri gözlənildiyindən də yüksək olub. Belə görünür ki, Zandfortun hakimiyyət orqanları yerli büdcədə bu məqsədlər üçün nəzərdə tutulan vəsaitin 4 milyon avrosunu əldə edə bilməyəcəklər.

Ötən yay 35 illik fasilədən sonra Formula 1 Qran-Prisinin Niderlanda qayıtması bəyan edilmişdi. Zandfort avtodromu ilə kontrakt 3 il müddətinə nəzərdə tutulub, lakin bu, gələcəkdə uzadıla da bilər. Təsdiq edilmiş planlara əsasən, bələdiyyə orqanlarının, habelə Şimali Hollandiya əyaləti administrasiyasının da bu layihəyə öz maliyyə töhfələrini verəcəyi gözlənilirdi.

Zandfortda 4 milyon avroluq ehtiyat fondu yaratmaq qərarına gəliblər, lakin bu yaxınlarda dərc olunmuş hesabatdan məlum olub ki, həmin vəsait kifayət etmir. Xüsusən, aydın olub ki, büdcənin tərtib edilməsi zamanı hansısa xərclər unudulub və bəziləri isə ehtimal olunandan yüksək çıxıb. Hesabatda təsbit edilən qənaət konkret olaraq belədir: “Formula 1 büdcəsi sual altındadır”.

Niderland Qran-Prisinin təşkilatçıları əvvəlcə hesab ediblər ki, uik-end günləri avtodroma gəlmək üçün azarkeşlər ictimai nəqliyyatdan istifadə edəcəklər, lakin sonra məlum olub ki, bunun üçün dəmir yolu infrastrukturunu da təkmilləşdirmək lazımdır. Belə ki, qatarlar pik vaxtlarda sərnişindaşıması funksiyasını yerinə yetirməyə bilərlər. Təkcə bu məqsədlər üçün 7 milyon avro vəsait tələb olunur. Ölkənin hökuməti bunun 2,3 milyonunu ödəməyə hazırdır, qalan vəsait isə Zandfort bələdiyyəsi və Şimali Hollandiya əyaləti tərəfindən ayrılmalıdır. Lakin bələdiyyənin büdcəsində həmin xərclər nəzərdə tutulmayıb.

Hazırkı məqamda büdcə kəsirinin məbləği bilinmir. Belə ki, Zandfort bələdiyyəsi öz hesablarını gələn ay təqdim edəcəyini bəyan edib.