09 dekabr 2019 20:15
952

Zatulinin Njde sevgisinin arxasında hansı məqamlar gizlənir?

Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin yenə öz ampluasındadır. O Zatulin ki, həmişə Azərbaycanı atəşkəsi pozmaqda günahlandırır.

O Zatulin ki, hər yerdə car çəkir ki, bəs Dağlıq Qarabağ Azərbaycanın tərkibinə daxil olmamalıdır. O Zatulin ki, ölkəmizin işğal olunmuş ərazilərinə səfər edib, buna görə də Azərbaycan tərəfindən arzuolunmaz şəxs  elan edilib. O Zatulin ki, Bakı-Tbilisi-Qarsı dəmir yolu layihəsini təkcə Ermənistan deyil, Rusiya üçün də təhdid sayır. Bir sözlə, ermənipərətst bəyanatları ilə “məşhur” olan Zatulin bu dəfə faşizmə xidmət etmiş “Njde” ləqəbli Qaregin Ter-Arutyunyanın müdafiəsinə qalxıb və onu bir qəhrəman kimi təqdim etməyə çalışıb.

Hətta erməni lobbisinin təsiri ilə separtaçıları dəstəkləyən Zatulin Njdenin faşist Almaniyasının Türkiyəyə hücumunu gerçəkləşdirmək məqsədilə onlarla əlaqələr qurduğunu bildirib. Halbuki tarixi sənədlər deyir ki,  İkinci Dünya müharibəsi zamanı Njde Sovet ordu hissələrinə qarşı dağıdıcı fəaliyyət aparmaq niyyətilə alman kəşfiyyat orqanları ilə əlaqə qurub, onların  tapşırıqlarını yerinə yetirib. Bununla bağlı Rusiyanın arxivlərində də kifayət qədər materiallar var. Amma Konstantin Zatulin bütün bunları bir kənara qoyub ictimaiyyəti öz uydurduqlarına inandırmağa səy göstərir. Bu mənada, demək olar ki, onun söylədikləri növbəti erməni sevdasından başqa bir şey deyil.

Üstəlik, Ermənistana böyük simpatiya nümayiş etdirən Konstantin Zatulin ərz edib ki, Azərbaycan hakimiyyətinə elə gəlir ki, faşist  tərəfdaşı kimi göstərmək istədikləri Qaregin Njdenin abidəsi kartı ilə oynasalar, erməniləri bizim gözümüzdən salacaqlar: “Bu, heç də Qafqazda yeganə müttəfiqimizi itirəcəyimizlə nəticələnməyəcək”. Buradan bir daha aydın olur ki, əslində Zatulini belə danışmağa vadar edən, sözün həqiqi mənasında, onu yandırıb-yaxan 2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının  iclasında Azərbaycan Prezidenti İlham Əliyevin işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini, hətta İrəvanda faşist cəlladı və satqın Qaregin Njdeyə heykəl qoyduğunu diqqətə çatdırması və bütün dünyaya bəyan etməsidir. Erməni terrorçusu, faşist Njdenin iç üzünün ifşası ilə bağlı dövlət başçımız son dövrlərdə digər müxtəlif beynəlxalq tədbirlərdə, həm də ölkə daxilində gerçəkləşən mərasimlərdə də öz prinsipial mövqeyini ortaya qoyub.

Yeri gəlmişkən, qeyd edək ki, Prezidentin bu məsələ ilə bağlı çıxışları geniş əks-səda doğurdu və  bu, Rusiyanın Krasnodar diyarının Armavir şəhərindəki erməni kilsəsi ərazisindəki faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin  sökülməsində özünü göstərdi. Faşizmə xidmət etmiş Njdenin xatirə lövhəsinin sökülməsini həm də dinamik yüksəliş mərhələsini yaşayan Rusiya-Azərbaycan münasibətləri fonunda işğalçı Ermənistanın regional blokadasının getdikcə sürətlənməsi kimi də xarakterizə etmək olar.  Hətta bəzi  siyasətçilər, o cümlədən bəzi erməni ekspertləri bu uğuru getdikcə dərinləşən Rusiya - Azərbaycan əlaqələrinin ortaq qələbəsi kimi də dəyərləndirirlər. Bu mənada Zatulinin qəzəbini, onun əl-ayağa düşməsini  başa düşmək olar. Bu isə o deməkdir ki, Rusiya-Azərbaycan strateji əməkdaşlığından ciddi narahat olan ermənipərəst Zatulin buna qarşı olduqca fəal mübarizəyə başlayıb.

Xatırladaq ki, həmin lövhə sökülməzdən əvvəl Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı, daşnak cəlladı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı. Şübhəsiz, seçkili orqanın təmsilçisi olan bu şəxsin belə addımını həm də sosial sifariş kimi dəyərləndirmək olar. Erməni millətçiləri də buna cavab olaraq ermənilərin İrandan Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına köçürülməsinin iştirakçısı olmuş rusiyalı şair və diplomat Aleksandr Qriboyedovun Yerevandakı abidəsini rəngə boyadılar. Özü də bu, erməni sepatatçılarının Qriboyedova qarşı ilk hörmətsilikləri deyil. Amma nədənsə “ağıldan bəla”, xəstə təxəyyülli Zatulin bu kimi məsələlərdən  yan keçir. Bununla da ermənidən betər erməni olan Zatulun öz Vətəninə xəyanət edir. O, başa düşmək istəmir ki, II Dünya müharibəsinin bitməsinin 75 illiyi ərəfəsində, xüsusilə Rusiya ərazisində elə lövhələr qoymaq ən azından xalqına təhqirdir. Bu isə o deməkdir ki, Zatulinin  Azərbaycana qarşı düşmənçilik siyasəti o həddə çatıb ki, o hətta Rusiya maraqlarını belə arxa plana atır.

Konstantin Zatulin başa düşmək istəmir ki, bu gün bütün dünyada faşizmə qarşı nifrət var. Odur ki, bu bəlanın hər hansı bir elementinə sərt reaksiya göstərilir. Məsələn, elə bu günlərdə ABŞ-ın Qərbi Virciniya ştatının qubernatoru faşist salamı verən 30 nəfərdən ibarət həbsxana personalının əməkdaşlarının işdən qovulması barədə əmr imzalayıb. İtaliya polisi isə nasizm, ksenofobiya və antisemitizm ideyaları əsasında partiya yaratmaq istəyən şəxsləri həbs edib.  Zatulin başa düşmək istəmir ki, dünya erməniliyinin azərbaycanlılara  qarşı qatı millətçi davranışlarının təməlində qəddarlıqda Andranikdən geri qalmayan Njdenin faşizm düşüncələri yer alır. Bütün bunlar isə o deməkdir ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin erməni sevgisi sərhədsizdir.

Bir də Zatulin başa düşmək istəmir ki, gün gələcək elə İrəvanın mərkəzindəki abidə də söküləcək. Hər halda atılan addımlar belə qənaətə gəlməyə əsas verir. Qeyd edək ki, bu günlərdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın nasistlərin qəhrəmanlar kimi qələmə verilməsi ilə bağlı qurumun Baş katibi Antonio Quterreşə rəsmi məktub da ünvanlayıb. Zatulinə  isə sadəcə, hürmək qalacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”