03 dekabr 2020 19:24
10324

Zəfər Günün mübarək, Azərbaycan! - 30 ilin nisgilinə son

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında  Zəfər Gününün  təsis edilməsi bir daha təsdiqləyir ki, artıq Dağlıq Qarabağ münaqişəsi  yoxdur

 

     30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə dünyaya səs saldı. Bu səs  münaqişənin hərb yolunun olmadığını bildirən dövlətlərə, eyni zamanda, erməni ordusu barədə «məğlubedilməz» mifi yaradan Ermənistan hakimiyyətinə Azərbaycan Ordusunun nəinki işğalçı dövləti, həmçinin dünyanı hansı reallıqlarla barışmaq məcburiyyətində qoyduğunu nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyev tarixə 2020-ci ilin Müzəffər Sərkərdəsi, Azərbaycan xalqı ən məğrur, yenilməz xalq, Ordumuz dünyanın ən güclü Ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar,  tarixi Zəfər bir daha təsdiqlədi ki, tarixinə sahibi çıxan xalq məğlubedilməzdir. Tarixin yaddaşlığı, zamanın hakimliyi əsasında dünya bir daha bu reallığı qəbul etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bir qarış torpağımız belə düşmənə verilməyəcək.

   Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev xalqımıza 1 dekabr müraciətində Laçının işğaldan azad olunması münasibətilə təbrikini çatdırmaqla yanaşı, 44 günün reallıqlarını bir daha təhlil etdi, 30 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların mahiyyəti  barədə geniş məlumat verdi. Bir daha təsdiqləndi ki, işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər bütün işğal altında olan torpaqlarımızın geri qaytarılmasında maraqlı olmayıblar, hətta 5 rayonun  verilməsi ilə kifayətlənməyə çağırışlar ediblər.  Ermənistan tərəfi hər dəfə bu məsələni gündəmə gətirirdi ki,  əgər  7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. İşğalçı dövlətin bu şərti açıq-aşkar danışıqları imitasiya naminə apardıqlarını təsdiqləyirdi. Azərbaycanın münaqişənin həllində dəyişməz mövqeyi nəinki Ermənistana, ona havadarlıq edən dövlətlərə də çox yaxşı bəlli idi. «Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz» bəyan edən rəsmi Bakı işğal altında olan torpaqlarımızı istənilən yolla azad edəcəyimizi ən yüksək tribunalardan bəyan edirdi. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu fakt BMT Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapıb.  Ermənistan tərəfi gah Dağlıq Qarabağa müstəqillik verilməsini şərt kimi irəli sürür, gah da  onu öz əraziləri kimi qeyd edirdi.

 «Bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,   Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmadığı halda  heç bir razılaşmanın  ola bilməzliyini  bəyan edirdim. Bu mövqe xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı: «Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır.»

   Cənab İlham Əliyev müraciətində bu mesajı da çatdırdı ki, noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə,  sərt mövqeyimizi görəcək. Bu razılaşmanın pozulması ilə bağlı cəhdlər var.  Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıb. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması Bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır: «Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir.»

Bugünümüzün mənzərəsi budur ki, Azərbaycan yeni  reallıqlar yaratdı, qələbə çaldı,  düşməni torpaqlarımızdan qovdu. Ermənistanın baş naziri Nikol Paşinyan  kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan çıxılmaz vəziyyətdə qalmışdı,  ya tamamilə məhv olacaqdı, ya da  sənədi imzalayacaqdı.

    Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi.  Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Beynəlxalq hüquq bizim tərəfimizdə olduğu halda işğalçı dövlətə maddi və mənəvi dəstək göstərilərək münaqişənin həlli prosesi uzadılır, Ermənistan əlavə vaxt qazanırdı. Azərbaycan 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq  beynəlxalq hüquq praktikasında da  yeni reallıq yaratdı. Bir daha beynəlxalq hüquq, ədalət deyilən məfhumların mövcudluğu dünyaya çatdırıldı. Cənab İlham Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından, o cümlədən BMT Baş Assambleyasının iclaslarında bu  məqamı xüsusi qeyd edirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrası üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Bu qətnamələr bəzi dövlətlər üçün 1-2 saat ərzində icra edilir, amma Azərbaycana gəldikdə isə mənzərə göz önündədir.

   Azərbaycan dünyanın ikili standartlar əsasında yanaşmasını müharibənin getdiyi 44 gündə də aydın şəkildə gördü. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan hakimiyyətinin göstərişi əsasında erməni silahlı qüvvələrinin mülki şəxsləri, yaşayış məntəqələrini atəşə tutması, 44 gündə 90-dan artıq mülki şəxsin ölümünə, 400-dən artıq insanın yaralanmasına səbəb olan  terror aktlarını törətməsinə dünyanın biganə yanaşması, eyni zamanda, 10 noyabr razılaşmasına uyğun olaraq Ağdam, Kəlbəcər və Laçını boşaldarkən törətdikləri vəhşilikləri görməzdən gəlmələri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasının səbəblərini bütün aydınlığı ilə ortaya qoyar. Amma bütün bu cəhdlərə, ikili yanaşmalara, Azərbaycana göstərilən təzyiqlərə baxmayaraq dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, qüdrəti sayəsində  torpaqlarımızı azad etdik, kimin haqlı, kimin haqsız olduğunu, beynəlxalq hüququ arxa plana keçirməyin dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların nüfuzuna hansı xələli gətirdiyini bir daha onların nəzərinə çatdırdıq.

  Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. Cənab İlham Əliyev bütün müraciətlərində bu fikri xüsusi qeyd edirdi ki, nəyi nə zaman etmək lazım olduğunu bilirdim.

   44 günlük müharibə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli  olduğunu dünyaya nümayiş etdirdi. Çoxəsrlik tariximizin ən şanlı səhifəsini yazan Ordumuz bir daha sübut etdi ki, yenilməz, məğrur ordu bizim ordudur.  Ordumuz ərazi bütövlüyümüzü bərpa etməyə,  işğala son qoymağa qadirdir. Bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaradıldı.  

   Bir sözlə,  Qələbəmiz tarixi Qələbədir. Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi nəticəsində 300-ə qədər yaşayış məntəqəmiz, 4 qəsəbə, 5 şəhər işğaldan azad edildi. Üç rayonu- Ağdam, Kəlbəcər və Laçını  isə  düşməni məcbur edərək qaytardıq. Artıq yeni yazılan tariximizdə torpaqlarımızın işğaldan azad olunduğu tarixlər yer alıb. 30 il torpaqlarımızın işğal günləri yaxınlaşdıqca mənəvi sarsıntı keçirir, bu nisgilin nə zaman başa çatacağını gözləyir, içimiz torpaq həsrəti ilə göynəyirdi. Artıq bu sıxıntılar arxada qaldı.

    Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər oldu. Dövlətimizin başçısı İlham Əliyevin Zəfər Gününün təsis edilməsi il bağlı Sərəncamında da qeyd olunduğu kimi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı.  Həmin sənəddə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-u Azərbaycanda  Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi öz əksini tapmışdı.

 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dekabrın 3-nə olan məlumatına əsasən, noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq,  cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib. Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.

    Dövlətimizin başçısı xalqa müraciətlərində daim  bu məqamı  xüsusi qeyd edirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi münasibətilə təşkil olunacaq hərbi paradda düşmənin məhv edilmiş və ya qənimət kimi götürülmüş texnikaları da nümayiş olunacaq. Ölkə Prezidenti,  Ali Baş Komandan İlham Əliyev  hələ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman Qələbə paradının anonsunu vermişdi. Bu parad möhtəşəmliyi ilə seçiləcək, digər paradlardan fərqli olacaq. Bu baxımdan ki, əvvəlki illərdə bu parad Azərbaycan Silahlı Qüvvələr Günündə keçirilərək Azərbaycan Ordusunun malik olduğu imkanları nümayiş etdirmək məqsədi daşıyırdısa, bu gün artıq həmin ordunun gücü, qüdrəti sayəsində Zəfər Günümüzün sevincini yaşayır və bu sevinci keçiriləcək Qələbə paradında bir daha bölüşəcəyik. Zəfər Günün mübarək, Azərbaycan! Dost, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın  qarşıdakı günlərdə ölkəmizə  səfəri gözlənilir. Təbii ki, bu səfər Qələbə paradında iştirakla bağlıdır. Hər zaman, o cümlədən sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə Azərbaycana mənəvi dəstək olan qardaş Türkiyə ölkəmizin siyasi qələbəsini bizimlə bərabər yaşadı. Böyük öndər Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz,  kədəri bizim kədərimizdir», ümummilli lider Heydər Əliyevin «Biz bir millət, iki dövlətik» tezisləri bugünümüzün reallıqlarında bir daha təsdiqini tapmaqla yanaşı, dünyaya mesaj oldu.    Azərbaycanın Milli Ordusunun uğurlu əməliyyatlarının da bu qardaşlıq dəstəyindən qaynaqlandığını vurğulayan Ali Baş Komandan İlham Əliyevin açıqladığı kimi, artıq dünya dəyişir, hər kəs bizim gücümüzü görür. Regional məsələlərdə Türkiyə-Azərbaycan birliyinin rolunu bütün dünya gücləri etiraf edir. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu həmrəylik Türkiyə və Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Bu birlik isə bölgəyə sabitlik, sülh gətirir. Hər iki dövlətin maraqları eyni səviyyədə qorunur, mühüm regional məsələlər bu birliyin möhkəmlənən təməli əsasında həllini tapır. «Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli, sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı.  Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə də bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq» söyləyən dövlətimizin başçısı  İlham Əliyev bu fikirləri ilə faşizm siyasəti həyata keçirən  Ermənistanı dəstəkləyənlərə bir daha çatdırmışdır ki,  bu qardaşlıq bölgədə güclər nisbətini  dəyişəcək, Türkiyə ilə Azərbaycanın birliyi daha möhkəm olacaq.

    Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin  «Bizim türk qardaşlarımız bu Qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu, belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir… Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik» fikirləri bu birliyin əbədiliyinin, sarsılmazlığının təqdimatıdır.

 Yeganə Əliyeva, «İki sahil»