21 may 2019 10:47
1454

Zəngin sənət və mədəniyyət inciləri

Muzeylər milli özünəməxsusluğu nümayiş etdirən, milli mənəvi dəyərləri toplayan, keçmişlə bağlı həqiqətləri təcəssüm etdirən, qoruyan və təbliğ edən mədəniyyət ocaqlarıdır. Bu gün muzeylərimiz zəngin sənət və mədəniyyət inciləridir.

Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Paytaxtımızda da bu gün münasibətilə müxtəlif tədbirlər reallaşdırıldı. Belə ki, Azərbaycanda fəaliyyət göstərən bir çox muzeylərdə də Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçirildi.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin bələdçisi Ümidə Hacıyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, muzeylər keçmişdən soraq verən maddi-mənəvi xəzinə, nəsillər və tarixi mərhələlər arasında körpü və qoruyucu təmsilçidir: “Məhz bu baxımdan gələcəyimizin təmsilçiləri olan gənclərin maraq dairəsində  maddi-mənəvi sərvətlərimizin, irsimizin, tarixmizin qorunduğu, nümayiş olunduğu  bir çox mədəni ocaqlara, o cümlədən  muzeylərə ziyarət də önəmli yer tutmalıdır. Hər bir gənc nəsil nümayəndəsi öz tarixi keçmişində maddi- mənəvi irsindən xəbərdar olmalıdır, öyrənməlidir. Təkcə gənc nəsil deyil, bütün həmvətənlərimizin yaşından asılı olmayaraq  muzeyləri ziyarət etməsində fayda var. Çünki muzeylər insan təfəkkürünün, milli əqidəsinin, azərbaycançılıq ideyasının  yaşaması və inkişaf etdirilməsində özünəməxsus yer tutur. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir. Bayram günü muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və yaşından, vəzifəsindən asılı olmayaraq insanlara pulsuz xidmət göstərilir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü qeyd edilir. Bu peşə bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir, tariximizlə, mədəniyyətimizlə yaxından tanış olmaq məqsədi ilə mayın 18-də bütün muzeylərimizdə “Açıq qapı” günü elan edilir. Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda, keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir. Bu il isə Bakı muzeyləri “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında birləşərək “Park Bulvar” AVM-də “Muzeylər Park Bulvarın qonaqları” mövzusunda tədbir keçirildi. Əlamətdar gün ilə əlaqədar mayın 17, 18, 19-u tarixlərində Bakı muzeyləri öz sərgilərini  nümayiş etdirdi, müxtəlif konsert və rəqs proqramları təşkil olundu. Bizim muzeyimiz də tədbirin fəal iştirakçılarından idi.”

Ümidə Hacıyeva, həmçinin muzeyləri ziyarət edən turistlərin sayında artımın olmasından da bəhs etdi: “Bilirik ki, son illər Azərbaycan dövləti  bir çox beynəlxalq, mötəbər tədbirlərə ev sahibliyi edib. Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları, “Eurovision” mahnı müsabiqəsi və bir çox  dünya miqyaslı tədbirlər keçirilib. Məhz bu tədbirlərə ev sahibliyi edən paytaxtımıza təşrif buyuran turistlər bizim şəhərimizə, memarlıq abidələrimizə, milli mənəvi dəyərlərimizə , tarixi qoruqlarımıza, eləcə də muzeylərimizə baş çəkirlər. Bələdçilərimizə suallar verir, xüsusi qeydlər edirlər. Sanki turistlər muzeylərimiz vasitəsilə keçmişə səyahət edirlər. Ona görə də həmişə nəzərdə tutulan proqrama   məhz muzey gəzintilərini də daxil edirlər. Bu baxımdan , muzeyləri ziyarət edən əcnəbi vətəndaşların sayında çox artım var.”

Yaqut Ağaşahqızı, “İki sahil”