14 avqust 2019 15:35
526

Zərdabın Bəyimli qəsəbəsi qazlaşdırılır

Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Zərdab rayonu üçün nəzərdə tutulan tədbirlər çərçivəsində 955 nəfər əhalinin yaşadığı Bəyimli qəsəbəsinin qazlaşdırılmasına başlanılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq 1700 metr yeraltı, 10 min 500 metr yerüstü qaz xətti çəkilib. Hazırda işlər davam etdirilir.

Qeyd edək ki, rayonda əhalinin normal qaz təchizatı üçün də ardıcıl tədbirlər görülür. Belə ki, son vaxtlar Zərdab şəhərinin Şəhriyar, S.Mahmudov, S.Abdullayev küçələrindəki kəmərlərdə təmir işləri aparılıb. Otmanoba, Şahhüseyinli və Əlvənd kəndlərində isə korroziyaya uğrayan qaz xətləri dəyişdirilərək yeni yerüstü kəmərlərlə əvəzlənib.