Bu gün bütün dünyada 50 milyon insan demensiyadan (ağıl zəifləməsi) əziyyət çəkir. Hər il bu xəstəliyə düçar olan 10 milyon nəfər qeydə alınır. AZƏRTAC xəbər verir ki, bu məlumatlar Dünya Səhiyyə Təşkilatının (DST) tədqiqatında yer alıb. Tədqiqat müəllifləri qeyd edirlər ki, demensiya müalicə olunmur, lakin düzgün qidalanma, zərərli vərdişlərdən imtina və aktiv həyat tərzi ilə onun qarşısını almaq mümkündür.
DST-nin ekspertləri ehtiyat edirlər ki, 2030-cu ildə demensiyadan əziyyət çəkənlərin sayı 82 milyon, 2050-ci ildə isə 150 milyon nəfərə çata bilər. Hazırda bu xəstəliyə tutulanların 60 faizi aşağı və orta gəlir səviyyəsi olan ölkələrin sakinləridir.
Demensiya həm ailələr, həm də ölkələr üçün böyük iqtisadi itkilərlə nəticələnir. Ekspertlər qrupu hesablayıb ki, 2030-cu ildən etibarən bu xəstəliyə tutulmuş insanlara xidmət üçün xərclər ildə 2 trilyon dollara çatacaq.
Demensiyanın ən geniş yayılmış forması Altsgeymer xəstəliyidir. Bu sindromun 60-70 faizi məhz onun payına düşür. Digər geniş yayılmış formalar damar demensiyası və Levi bədən demensiyasıdır. Onların arasında dəqiq sərhəd yoxdur. Bir çox hallarda pasientlərdə eyni vaxtda bir neçə müxtəlif xəstəlik əlamətləri müşahidə olunur.
DST-nin baş direktorunun köməkçisi Ren Minxa bəyan edib: “Demensiya əlilliyin və ahıl insanların asılı vəziyyətə düşməsinin əsas səbəblərindən biridir. Bu xəstəlik pasientlərin həyatına mənfi təsir göstərir, onların yaxınlarının, ailələrinin yaşayış ritmini və əmək münasibətlərini pozur”.
Demensiyanın inkişafında beyin xəsarəti ilə bağlı müxtəlif xəstəliklər və travmalar da rol oynayır. Xəstəliyin inkişafının başlanmasının başlıca məlum amili isə yaşlanmadır. Lakin alimlər əmindirlər ki, demensiya qocalmanın mütləq nəticəsi deyil. Onun qarsısın almaq lazımdır və bu, mümkündür. Yuxarıda göstərilən səbəblərlə yanaşı, şəkərli diabet, piylənmə və depressiyalar da risk amilləridir. Bundan başqa, digər mənfi təsiredici səbəblər sosial təcridolunma və fəal zehni fəaliyyətin olmamasıdır.
2017-ci ildə Dünya Səhiyyə Assambleyası bu sahədə 2017-2025-ci illər üçün Qlobal Fəaliyyət Planını təsdiq edib. Sənəddə strateji tədbirlərin yeddi əsas sahəsi əks olunub.