13 dekabr 2019 11:11
902

Zibildir deyib keçməyin

Hazırda dünyada milyonlarla məhsul və əşya istehsal olunur. Bazarlıq üçün marketlərə girdikdə adətən, məhsul çoxluğundan seçim qarşısında qalırıq. Əlbəttə ki, belə böyük həcmdə istehsal tullantıların həcminin dəhşətli dərəcədə artmasına səbəb olur. Aşağıda dünya üzrə tullantıların statistikası ilə bağlı sizi heyrətə gətirəcək faktlarla tanış ola bilərsiniz:

Avstraliya dünyanın ən çox zibil hasil edən ölkəsidir. Hər il bu ölkənin əhalisi öz sayından iki dəfə artıq zibil tullayır. Bir avstraliyalının ildə 1,5 tondan artıq zibil çıxardığı hesablanıb.

Hər il dünya üzrə çıxan zibilləri yük maşınlarına doldursaq, həmin maşınlar Yer kürəsini 24 dəfə dövrəyə ala bilər.

Orta hesabla, insanlar qlobal olaraq hər il 50 milyon ton elektrik tullantıları atırlar. Köhnə kompyuterlər, mətbəx avadanlıqları, TV, köhnə telefonlar və s. zibilləri ikimərtəbəli avtobuslara yığmaq qərarına gəlsək, 4 milyon belə avtobus dolar.

Bir körpə özü ayaqyolu vərdişləri qazanana qədər istifadə edilib atılan uşaq bezlərini toplasaq bir minik avtomobili tam dolar. Yaxşı ki, işlənmiş uşaq bezlərini təkrar istehsal edən şirkətlər var.

Supermarketlərdə kosmetik standartlar əsas götürülərək, əzik olan, görünüşcə pis olan meyvə və tərəvəzin 20-40 %-i atılır.

Məktəblər də il ərzində çox böyük həcmdə tullantı atırlar. Məktəb yeməkxanalarında, kağızla görülən işlər zamanı çoxlu tullantılar yaranır.

Dünya üzrə 1 dəqiqə ərzində 1milyard plastik butulka istifadə edilir. Bunun cəmi 20 %-i təkrar istehsala göndərilir. Qablaşdırılmış su sənayesi Yer kürəsini ən çox çirkləndirən sənaye hesab olunur.

Ətrafa atılan zibillərin öhdəsindən gəlmək əslində çox çətin bir işdir. Bir çox dövlətlərdə tullantılardan qurtulmaq üçün kitabxanalara, parklara, yanğından mühafizəyə ayrılan vəsaitdən daha çox vəsait ayrılır.

Hazırda xalçalar tullantılar arasında çox geniş yer tutur. Bir sıra xalqlarda sakinlər son illər milyonlarla xalçanı zibil qutularına atırlar.

Bir aliminium qutunun təkrar emalı zamanı bir televizorun iki saatdan çox işləməsi üçün lazım olan həcmdə enerjiyə qənaət etmiş oluruq. Lakin həmin qutu torpaqda qaldıqda onun parçalanması 100 ildən artıq çəkir.

Dənizlərin çirkləndirilməsinin insanlar üzərində mənfi təsirləri çoxdur. Okeanda zibillə qidalanan balığı yeyən insanlar özlərini ciddi xəstəliklərlə üz-üzə qoymuş olurlar.

Şüşə zibillərin parçalanması üçün isə 1 milyondan artıq vaxt lazımdır.

Təəssüf ki, dəfnlər də tullantıların əsas mənbəyidir.  Hər il təkcə tabutlara görə 2700 ton mis, 30 metr fut sərt taxta və 90272 ton polad torpağa basdırılır.

Tullantı tək zibillərdən ibarət olmur. Su da tullantı ola bilər. Qəribə görünsə də, bir il ərzində evinizdəki krandan təxminən 5 min litr çirkli su torpağa axıdılır.

Bayram günlərində çıxan zibillər digər günlərdən daha artıq olur, çünki həmin günlər insanlar daha çox alış-veriş edirlər.

Qlobal tullantıların yarıdan çoxu inkişaf etmiş ölkələrdə hasil edilir.

Sənayeləşmiş ölkələrdə isə ildə 325-375 milyon ton təhlükəli və toksik tullantı atılır.

Nüvə enerjisinin kommersiya məqsədli istehsalı hər il minlərlə ton radioaktiv tullantılara səbəb olur.

Dünyada 759 milyon insan aclıqdan əziyyət çəkir.  Qida tullantılarının cəmi dörddə birini istifadə etməklə yer üzündə aclıqdan ölən hər bir fərdi doydurmaq olar.

Bir tipik Afrikalı və avropalının qida tullantılarının həcmini müqayisə etsək, avropalının qida tullantılarının 15 dəfə dah artıq olduğunu görərik.

Çirklənmiş, zibillənmiş relyef insanların əqli sağlamlığı üçün də çox zərərlidir, çünki yalnız normal, səliqəli mühitdə insan beyni rahatlıq tapa bilər.

Hazırda zibil üzərində çox böyük bizneslər qurulur, məsələn, hazırda gündəlik evinizdə, ofisinizdə, məktəblərdəki tullantıları toplamaq, atmaq və ya təkrar emala göndərməklə məşğul olan şirkətlər mövcuddur.

Beləliklə, gördüyünüz kimi parlaq gələcək naminə köklü dəyişikliklər qaçılmazdır və tullantıların idarəsi üzrə yeni strategiyalar işlənib hazırlanmalıdır. Zibildir deyib keçməyin, hər sadə vətəndaşın kiçik bir addımının bu sahədə çox böyük rolu vardır.

Nubar Süleymanova, “İki sahil”