24 oktyabr 2019 19:40
1228

Zirvə görüşü fonunda Ermənistanın əndişəsi

Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşü fonunda Ermənistanın əndişəsi

Bu günlərdə Ermənistan mətbuatında gündəmi zəbt edən mövzulardan biri də 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşüdür.

Beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunun getdikcə artmasından narahat olan işğalçı dövlətin mediasında sözügedən mühüm görüşün Bakıda baş tutması ilə bağlı dərin narahatlıq ifadə edən fikirlər yer almaqdadır.

Ölkəmizin hərtərəfli inkişafını  gözü götürməyən üzdəniraq işğalçı “qonşuların”  fikirlərinə münasibət bildirməmişdən əvvəl, Qoşulmama Hərəkatının beynəlxalq əhəmiyyətinə nəzər salaq.

Azərbaycanın 2011-ci ildən üzvlüyünə qəbul olunduğu Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rolu olan çoxtərəfli platforma kimi tanınır.  120 dövləti birləşdirən  Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi qurumdur. 

Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək olan Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatına üzv olduğu 8 il müddətində respublikamız özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb. Məhz bunun nəticəsidir ki, 2016-cı ilin sentyabrında Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə Görüşündə növbəti Sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul edilib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə əsas məqsədi üzv dövlətlərlə birlikdə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltməklə yanaşı,  dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz layiqli  töhfəsini verməkdir.

Hazırda Ermənistanın dərin narahatlığına və hiddətlənməsinə səbəb də Azərbaycanın Hərəkata sədrliyi dövründə mövcud beynəlxalq reputasiyasını daha da yüksəltməsi, dünyada daha da tanınmasıdır. Təcavüzkar dövlətin rəhbərliyi yaxşı bilir ki,  artıq Azərbaycan həqiqətlərini anlayan sivil dövlətlərin əksəriyyəti  indi daha artıq prinsipiallıqla işğalçı Ermənistanın öz sıralarına qoşulmasına imkan verməyəcək, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü şəkildə apardığı uğurlu xarici siyasət kursu sayəsində işğalçılara qarşı təcrid siyasəti bundan sonra da davam etdiriləcək. 

Ermənistan tərəfinin bu narahatlığını  “armenianreport” saytının siyasi şərhçisi Qraçya Qalustyan növbəti  yazısında Azərbaycan Prezidentinin həm “Valday” Klubundakı nitqini,  həm də Aşqabadda birbaşa Nikol Paşinyanın üzünə işğalçı və dövlət səviyyəsində faşizm siyasəti yürüdən Ermənistanla bağlı sərt fikirlər səsləndirməsini xatırladaraq ifadə edib: “Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlərdə beynəlxalq tədbirlərdə  baş nazir Nikol Paşinyanı necə ustalıqla və sərt şəkildə susdurmasından sonra biz artıq Qoşulmama Hərəkatının Bakıda keçiriləcək görüşündə də Ermənistan haqqında hanslı fikirlərin səsləndiriləcəyini təxmin edirik”.

Şərhçi cızma- qarasında Rusiyanı da hədəfə alaraq sayıqlamasını belə davam etdirib: “ Valday sammitində Rusiyanın dövlət başçısı Putin Azərbaycan Prezidentinin fikirlərinə qarşı çıxmalı və Ermənistanı müdafiə edən mövqe sərgiləməli idi”.

Ancaq Qalustyan unudur ki,  tarixi şərait artıq çoxdan dəyişib, Rusiya da başa düşür ki,  Ermənistanın işğalçılıq siyasəti sonsuzluğadək davam edə bilməz. Qalustyanın israrla vurğuladığı kimi, Putinin susması da məhz buna görədir. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu Rusiya Prezidenti də yaxşı anlayır və buna görə də Əlahəzrət Həqiqət qarşısında susmağı, Ermənistana, ümumiyyətlə, əhəmiyyət verməməyi lazım bilir...

Şərhçi həyasızcasına daha da irəli gedərək Putinin Azərbaycan həqiqətləri önündə susmasını Ermənistan -Rusiya münasibətlərində böyük satqınlıq kimi dəyərləndirib. Azərbaycanla Rusiyanın son dövrlərdə strateji tərəfdaşlıq səviyyəsinə çatan münasibətlərini də təəssüf hissi ilə xatırladan analitik Ermənistanın yeni hakimiyyətinin yürütdüyü xarici siyasətin iflasa uğradığını da etiraf etməli olub: “ Biz Rusiyanın Azərbaycana silah tədarükünü dayandırmasını istəyirik. Rusiya hər zaman Ermənistanı strateji tərəfdaş adlandırsa da, hazırda faktiki olaraq Azərbaycanın mövqeyini  dəstəkləyir və  onu silahlandırır. Hər iki ölkənin prezidentilərini səmimi dostluq münasibətləri bağlayır. Rusiya getdikcə güclənən Azərbaycana təzyiq göstərməlidir, əks təqdirdə, dövlətimiz və xalqımızla ittifaq ruhuna sadiqlik barədə verdiyi vədlər heç bir əhəmiyyət daşımır,”-deyə analitik fikrini yekunlaşdırıb.

Görünür, şərhçi hələ də keçmişin eyforiyasından ayılmayıb. Belə ki, Ermənistanın əvvəllər “Böyük qardaş” adlandırdığı Rusiya artıq çoxdandır ki, işğalçı dövləti heç bir şəkildə dəstəkləmir.

Ermənistanın xarici və daxili siyasətinin fiaskosu fonunda Azərbaycanın  bir-birinin ardınca mühüm beynəlxalq tədbirlərə ev sahibliyi və bəzilərinə də rəhbərlik etməsi isə işğalçı ölkənin cinayətkar rejiminin dincliyini pozub, yuxusunu ərşə çəkib. Təcavüzkarlıq siyasətini davam etdirən Ermənistanın dinclik tapmasının və təcrid siyasətindən qurtulmasının yeganə yolu isə budur ki, ilk növbədə, işğalçılıq siyasətindən əl çəkməli, öz hərbi birləşmələrini əzəli Azərbaycan torpaqlarından çıxarmalıdır.

Sevinc Abdullayeva,
"İki sahil"