14 yanvar 2020 14:24
608

100 il əvvəl Bakıda nə baş vermişdi? FOTO

Bu gün - 100 il əvvəl

Həmin gün Bakıda yüksək bayran əhvalı-ruhiyyəsi hökm sürürdü...

Nə baş vermişdi ?

Tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Rüstəmova-Tohidi yazır ki, 1920-ci il yanvar ayının 10-da Böyük Britaniyanın təşəbbüsü ilə çağırılan Paris Sülh Konfransı Ali Şurasının sessiyasında Qafqazdakı vəziyyət geniş müzakirə edildi. Qızıl Ordu, Denikin qoşunları və həmin dövr bolşeviklərlə müttəfiq olan Mustafa Kamalın hərbi birləşmələrinin 3 tərəfdən Cənubi Qafqaz respublikalarına təcavüz edəcəyi ehtimalı qarşısında bu gənc dövlətlərə siyasi, iqtisadi-hərbi yardım etmək üçün onların müstəqilliyinin tanınması qərara alındı.

Bu zaman Azərbaycan və Gürcüstan dövlətlərinin həmin yardım üçün Antanta dövlətlərinə müraciət etməsi əsas götürüldü. Azərbaycan və Gürcüstan dövlətləri Müttəfiq və Birlik ölkələri tərəfindən de-fakto tanındı. Yanvarın 15-də Fransa Xarici İşlər Nazirliyində həmin qərar Əlimərdanbəy Topçubaşova təqdim olundu. Yanvarın 17-də bu qərar həmçinin İtaliya Xarici İşlər Nazirliyində o zaman İtaliyada olan Azərbaycan hərbi missiyasının başçısı İbrahim ağa Usubova da təqdim edildi. Elə həmin gün Parisdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə hərbi ekspertlərin müşavirəsi keçirildi, yanvarın 19-da isə Ali Şuranın iclasında Avropanın aparıcı dövlət başçıları – Lloyd Corc, Klemanso, Nitti, Kerzon, Çerçill və digər tanınmış dövlət xadimlərinin və Azərbaycan nümayəndə heyətinin tam tərkibdə iştirakı ilə müşavirəsi oldu və bu mötəbər toplantıda Əlimərdanbəy Azərbaycanla bağlı verilən bütün sualları cavablandırdı.

Azərbaycanın müstəqilliyinin tanınması xəbərini Bakıya, Azərbaycan hökumətinə ilk olaraq İngiltərənin Qafqaz üzrə baş Komissarı Oliver Uordrop yanvarın 12-də bildirmişdi. Əslində Azərbaycan və Gürcüstan Nümayəndə Heyətlərinin Paris Sülh konfransında iştirakının təmin edilməsində O.Uordropun böyük xidməti olmuşdu.

Elə həmin gün, yanvarın 12-də Əlimərdan bəy Topçubaşovun Baş nazir Nəsib bəy Usubbəyova göndərdiyi təcili teleqram Bakıya yetişmişdi. Yanvarın 14-də Əlimərdan bəy Məhəmməd Əmin Rəsulzadəyə də teleqram vuraraq bu böyük hadisə münasibəti ilə onu təbrik etmişdi.

Həmin günlər Parisə, Əlimərdan bəyin ünvanına, istər Bakıdan, istərsə xaricdəki siyasi xadimlərdən onlarla təbrik teleqramları gəlirdi. Baş nazir Nəsib bəy Yusifbəyli bu münasibətlə Azərbaycan nümayəndə heyətinin bütün üzvlərini təbrik etməklə yanaşı “çoxdan gözlənilən uğurlu nəticələrin əldə olunmasında mühüm rol oynamış əməyinə görə” Əlimərdan bəyə şəxsən öz təşəkkürünü bildirirdi. General İbrahim Usubovun İtaliyadan Əlimərdan bəyə ünvanlandığı teleqramda isə deyilirdi: “Tarixi hadisə baş verdi və Azərbaycanın siyasi həyatında yeni era yarandı…Ölkə onun həyatındakı bu nəhəng nailiyyətin iştirakçısı kimi Sizə borcludur…”

Təbiidir ki, Bakıda da Azərbaycan müstəqilliyinin tanınması xəbəri böyük əks-səda doğurdu, Azərbaycan hökuməti dərhal bu münasibətlə Bakıda, Gəncədə və bölgələrdə təntənəli bayram mərasimləri keçirilməsi məqsədilə xüsusi tədbirlər planı müəyyənləşdirdi. 1920-ci il yanvarın 14-ü bütün Azərbaycanda əmək haqqı saxlanılmaqla qeyri-iş günü élan edildi. Həmin gün bayram təntənələri saat 11-də Təzəpir məscidində dualar oxunmaqla başlandı. Hökumət başçısı və nazirlərin, Parlament üzvləri, dini xadimlərin və geniş xalq kütlələrinin iştirak etdiyi bu tədbirdə Şeyxülislam bayram xütbəsini oxuduqdan sonra “Camaat, bu gün şərəfli və böyük gündür. İslamın əziz günüdür. Bayramdır!” deyə öz təbriklərini bildirdi.

Bayram tədbirləri saat 12-də Parlamentin təntənəli iclası ilə davam etdi. Xarici İşlər naziri Fətəli Xan Xoyski öz qısa nitqndə bunları vurğuladı: “1918-ci il may ayının 28-də Azərbaycan xalqı öz istiqlalını bəyan etdi. Lakin bunu élan etmək az idi. Bütün dünyaya sübut etmək lazım idi ki, biz müstəqil həyata layiqik. Və ötən il yarımda Azərbaycan xalqı Avropaya sübut etdi ki, o, müstəqil yaşaya bilər, müstəqil idarə edə bilər. Azərbaycan xalqının həyat qabiliyyətinə inanan Avropa bizim müstəqilliyimizi tanımağı lazım bildi. Birinci Azərbaycan hökuməti təşkil olunduğu vaxt onun başında mən dururdum. Indi isə bizim respublikamızın müstəqilliyinin tanınması haqqında xəbəri sizə çatdırmağı özüm üçün böyük xoşbəxtlik hesab edirəm”.

Parlament iclasında Həsən bəy Ağayev, M.Ə.Rəsulzadə, A.Səfikürdski, S.Ağamalıoğlu, Azərbaycanda yaşayan digər xalqların, həmçinin Gürcüstan, Ermənistan, Norveç, Qafqazda Alman Mərkəzinin nümayəndələri və d. şəxslər təbrik nitqləri söylədilər. (Parisdəki Azərbaycan nümayəndələri M.Ə.Rəsulzadənin parlamentin bu tarixi iclasındakı parlaq nitqinin tam mətnini fransız dilində İnformasiya bülletenində dərc etmişdilər). İclasa sədrlik edən Həsən bəy Ağayev öz nitqində bu hadisənin bütün Türk dünyası üçün əlamətdar olduğunu vurğuladı. Həqiqətən, Azərbaycan Respublikası müstəqilliyi Avropa dövlətləri tərəfindən tanınan ilk türk və müsəlman ölkəsi idi. Parlamentin bu tarixi iclasının sonunda ədliyyə naziri Xəlil bəy Xasməmmədov Azərbaycanın müstəqilliyinin tanınması münasibətilə amnistiya elan etmək haqqında hökumətin qərarını oxudu.

Daha sonra dənizkənarı bulvarda “Hürriyyət” (indiki Azadlıq) meydanından başlayaraq Milli Ordunun rəsmi paradı keçirildi. Paraddan sonra Xarici İşlər Nazirliyinin binasında təntənəli qəbul mərasimi başladı. Hökumət və Parlament üzvləri, Azərbaycandakı bütün xarici nümayəndəliklərin başçıları və üzvləri, xarici qonaqlar, nüfuzlu ziyalıların iştirak etdiyi bu qəbulda da Azərbaycanın həyatında baş vermiş bu tarixi hadisə ilə bağlı təbrik nitqləri söylənildi.

Həmin gün Bakıda yüksək bayran əhvalı-ruhiyyəsi hökm sürürdü. Bütün şəhər Azərbaycanın 3 rəngli bayraqları və xalçalarla bəzədilmiş, bayraqlar dalğalanan avtomobillər küçələrdən şütüyür, ətrafı bürüyən milli musiqi sədaları altında aktyorlar milli–tarixi geyimlərdə Azərbaycan tarixindən səhnələr göstərirdi. Şəhərətrafı qatarlar xalq bayramında iştirak edən insanları gün ərzində pulsuz daşımış, axşam və gecə isə bütün paytaxt Bakı tam çıraqban edilmişdi. Bu hadisə insanlar arasında elə bir ruh yüksəkliyi qaldırmışdı ki, onlar Təzəpir məscidindən çıxan Nəsib bəy Yusifbəylini Parlament binasına çiyinlərində aparmışdı. Parlamentin qarşısında yığılan və Məhəmməd Əmin Rəsulzadəni tələb edən insanlar da onu görərkən əlləri üstə Parlament binasının eyvanına çıxarmışdı. Küçədə yığışan izdiham qarşısında atəşin nitq söyləyən Məhəmməd Əmin Rəsulzadə özünün məşhur “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarını təkrar edərək “öz istiqlalını dünyaya qəbul etdirmiş” Azərbaycan xalqını təbrik etmişdi.

Eyni bayram təntənələri Bakı ilə yanaşı Gəncədə də keçirilmiş, Gəncə valisi Xudadat bəy Rəfibəyli, görkəmli ziyalılar Firidun bəy Köçərli, Vəli Xuluflu, Ağalar bəy Səfikürdski, Cavad Axundzadə və b. şəhər ictimaiyyəti qarşısında cıxış edərək təbrik nitqləri söyləmişlər.

Həmin tarixi günləri yaşayan Azərbaycan xalqının və onun liderlərinin əhval-ruhiyyəsi, keçirilən mərasimlərdə söylənilən nitqlər Azərbaycan Xalq Cümhuriyyətinin sənədlərində, dövrün mətbuatında və bir neçə foto-şəkillərdə öz əksini tapib. Bakıdakı mərasimləri əks etdirən 4 foto-şəkil XİN-nin müavini Məmməd xan Təkinskinin imzası ilə təsdiq olunan məktubla birgə Fransaya, Azərbaycan hökumətinin və diplomatiyasının bu böyük qələbəsini Parisdə qeyd edən nümayəndə heyətinə göndərilib. Bu şəkillərdə Təsə-Pir Məscidindəki mitinq, Azərbaycan Parlamenti qarşısındakı qələbəlik, Dənizkənarı bulvardakı parad və Azərbaycan Parlamentində xarici işlər naziri Fətəli xan Xoyskinin Azərbaycanın müstəqilliyinin tanınması barədə aktı oxuduğu anlar öz əksini tapıb.