Süni zəka və ya süni intellekt (Artificial Intelligence-AI). Bu termin ilk dəfə 1955-ci ildə işlədilib. Texnologiyanın insan davranışlarını təkrarlamasının təmin edilməsi mənasına gəlir.
Süni zəkanın ilk cücərtiləri hələ 1914-cü ildə görünməyə başlanmışdı. Radioidarəedici sistemlərdən birini ixtira etmiş ispaniyalı mühəndis və riyaziyyatçı Leonardo Torres de Quevedo həmin ildə şahmat avtomatını təqdim etmişdi. Həmin cihaz olduqca primitiv idi və yalnız endşpili (şahmat oyun partiyasının final mərhələsi) oynaya bilirdi. Lakin buna baxmayaraq həmin vaxtda heç bir şahmat ustası Torresin yaratmış olduğu həmin avtomata qalib gələ bilməmişdi. Həmin ildə baş vermiş Birinci Dünya müharibəsi və onun ardınca gəlmiş olan İkinci Dünya müharibəsi bu cür ixtiraları dayandırmalı oldu.
1985-ci ildə Karnegi-Mellon Universiteti şahmat oyunu üçün nəzərdə tutulmuş ChipTestkompyuterinin hazırlanmasına başladı. 1988-ci ildə bu layihəyə IBM şirkəti qoşuldu və layihənin adı “Deep Thought”a dəyişdirildi. 1 ildən sonra onu təcrübədən keçirtməyə qərar verdilər və bunun üçün məşhur şahmatçı Harri Kasparovu dəvət etdilər. H.Kasparov hər iki halda çox rahatlıqla kompyuterə qalib gələ bildi. 1995-ci ildə IBM şirkəti “Deep Thoughts II”ni (sonrakı adı “Deep Blue”) təqdim etdi. 1 ildən sonra təkmilləşdirilmiş kompyuter ilə Kasparov arasında növbəti şahmat yarışması keçirildi. Bu halda da insan süni zəka üzərində qaləbə çaldı. Belə ki, 6 oyun partiyasında Kasparov 3 dəfə qalib gəldi, 1 dəfə uduzdu, 2 dəfə isə oyun heç-heçə bitdi. Daha 1 ildən sonra 1997-ci ilin may ayında təkmilləşdirilmiş “Deep Blue” cavab oyunda iki dəfə qalib gəldi, 1 dəfə uduzdu və 3 dəfə heç-heçə oynadı. Beləliklə, həmin vaxtda kompyuter ilk dəfə şahmat oyununda dünya çempionu Harri Kasparova qalib gəldi. Artıq 2000-ci illərin əvvəllərində kompyuterlər stabil olaraq şahmat oyununda dünya çempionlarına qalib gələrək insanları bu oyunda geridə qoymağa başladılar.
2014-cü ildə “Google” “DeepMind AlphaGo” adlı alqoritmi təqdim etdi. Həmin alqoritm 2 il ərzində professional yarışçılarla mübarizə aparırdı. Lakin öz ilk qalibiyyətini alqoritm 2015-ci ilin oktyabr ayında reallaşdırdı. Həmin vaxtda “AlphaGo” Avropa çempionuna “Go” oyununda qalib gəldi. 1 ildən sonra Asiyanın məşhur “Tygem” serverində (həmin serverdə dünyanın çempionları oynayırlar) “Master” ləqəbli oyunçu peyda olmuşdu. Bir neçə gün ərzində o, 60-a yaxın oyun keçirtmişdi və heç birində uduzmamışdı. Beləliklə, həmin oyunçu digər istifadəçilər arasında cığallıq halları üzrə şübhələr yaratmışdı. Lakin 4 yanvar 2017-ci ildə “Google” şirkəti bildirmişdi ki, “Master” ləqəbi altında “AlphaGo” alqoritminin təkmilləşdirilmiş versiyası olub. May ayında “Master” ləqəbi ilə tanınmış alqoritm go oyunu üzrə məşhur çempion “Ke Jie”yə 3 oyunun üçündə də qalib gəlmişdi. Həmin ilin oktyabr ayında “Google DeepMind” alqoritmin daha güclü versiyasını təqdim etmişdi. Belə ki, “AlphaGo Zero” hansısa insanın iştirakı olmadan özü-özü ilə oynayaraq özünü təkmilləşdirirdi. 21 gündən sonra o, Master səviyyəsinə çatdı. 40 gündən sonra isə “AlphaGo Zero” əvvəlki versiyaların hamısından daha güclü olmuşdu. Dekabr ayında “AlphaGo Zero”nun təkmilləşmiş versiyası “AlphaZero” təqdim olunmuşdu. O, 8 saat ərzində “AlphaGo Zero” alqoritmindən daha güclü vəziyyətə gəlmişdi. Beləliklə, “Go” insanların qalib gələ bilmədikləri ikinci oyun oldu.
Go və şahmat oyunları müəyyən qaydalara tabe olurlar və süni zəkanın həmin oyunlarda təlimatdan keçməsi yalnız zaman məsələsidir. Lakin elə oyunlar da var ki, onlarda insan faktoru ön plana keçir. Buna misal olaraq poker oyununu gətirmək olar. Çox halda bu, emosiyalar, xüsusi kommunikasiya, yalan danışmaq və yalanı təyin etməyi bacarmaq üzərində qurulmuş psixoloji oyundur. Lakin 10 il ərzində uğursuz səylərdən sonra bir-birindən asılı olmayan iki komanda öz süni zəka sistemlərini yaratdı. Həmin sistemlər professional poker oyunçularına qalib gələ bildilər.
Mart ayında kiçik bir robot kubik-rubiki 0.38 saniyə ərzində yığdı. İnsanlar arasında bu kubikin yığılması üzrə rekord göstərici 4.69 saniyə təşkil edir. Süni zəka sahəsində 350-dən çox mütəxəssis arasında aparılmış sorğu nəticəsində belə qənaətə gəlmək olar ki, yaxın müddətdə alqoritmlər bizləri istənilən oyunda udacaqlar, 10 ildən sonra onlar bizdən daha yaxşı avtomobil sürə biləcəklər, 2050-ci ilə kimi isə onlar insanlardan daha yaxşı tibbi əməliyyatlar reallaşdıra biləcəklər.
Sevinc Azadi, “İki sahil”