31 iyul 2020 14:32
352

13 şəhərdə karantin rejimi avqustun 15-dək uzadıldı

Filippin Prezidenti Rodriqo Duterte koroavirus pandemiyasının daha geniş yayılması fonunda paytaxt Manila da daxil olmaqla 13 şəhərdə karantin rejimini avqustun 15-dək uzadıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 31-də ABC-CBN media qrupu məlumat yayıb.

Prezident qeyd edib ki, vəziyyətin daha ağır olduğu Sebu şəhəri geniş şəkildə tətbiq edilən karantindən iki həftə sonra tam təcrid vəziyyətinə alınacaq.

Prezidentin mətbuat katibi Harri Rokun bildirdiyinə görə, təcrid qaydaları yeni yoluxma hallarını qeydə alındığı karantin zonalarında tətbiq ediləcək.

H.Rok əlavə edib ki, bundan sonra tibbi maskanın üzərindən qoruyucu ekranın istifadə edilməsi sağlamlığı qorumaq üçün əsas standartlardan biri olacaq.

Qeyd edək ki, Manilada ümumi karantin rejiminin uzadılması barədə qərar bir gün əvvəl - paytaxtda 3954 yoluxma qeydə alındıqdan sonra qəbul edilib. Beləliklə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 89 min 374 nəfərə çatıb. Eyni zamanda, Filippində 65 min 64 nəfər bu xəstəlikdən sağalıb.