07 fevral 2019 11:11
112

15 ildə kənd təsərrüfatı məhsullarının ixracı 6 dəfə artıb

Son illər Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə ciddi addımların atılması ölkə iqtisadiyyatının neftdən asılılığının tədricən aradan qaldırılması, sosial dayanıqlılığının, ərzaq təhlükəsizliyinin etibarlılığının artırılması, iqtisadiyyatın şaxələndirilməsi yüksək  ixrac potensiallı  qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Təbii ki, idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sisteminin tətbiq edilməsi, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, müvafiq institusional dəyişikliklər, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyən edilməsi aqrar sektorda keyfiyyətcə yeni mərhələnin başlanmasının əyani təsdiqidir. Aqrar-sənaye parklarının yaradılması, rayonların kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşdırılması, kənd təsərrüfatı məhsullarının istehsalı prosesində informasiya texnologiyalarının tətbiqi Azərbaycanda aqrar sektorun inkişafı üzrə dövlət siyasətinin prioritet istiqamətləridir. Bundan başqa, ərzaq təhlükəsizliyindən qida təhlükəsizliyinə keçid, məhsuldarlığın artırılması, texniki və texnoloji yenilənmə, kənd təsərrüfatı məhsullarının artımı və şaxələndirilməsi, dövlət dəstəyinin səmərəli təşkili, subsidiyalaşdırma mexanizminin təkmilləşdirilməsi, iri təsərrüfatların inkişafı, kiçik təsərrüfatlara dəstəyin davam etdirilməsi, gəlirli sahələrin inkişafı həmin prioritetlərə daxildir.

Bütün bunlar  özünü pambıqçılığın, tütünçülüyün, fındıqçılığın, baramaçılığın inkişafında da göstərir. İxracatda da həmin ənənəvi sahələrin çəkisi ildən-ilə artır, əhalinin məşğulluq səviyyəsi yüksəlir. Kənd təsərrüfatının inkişafında tütünçülük, baramaçılıq, fındıqçılıq, üzümçülük, pambıqçılıq kimi sahələr xüsusi yer tutur. Bu sahələrin inkişafına xüsusi diqqət yetirən dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, bütün bunlar Azərbaycan üçün ənənəvi kənd təsərrüfatı məhsullarıdır. Həmin sahələrin inkişaf etdirilməsi ölkəmiz üçün əhəmiyyətli sosial amildir.

Hazırkı nəticələr bunu deməyə əsas verir ki, verilən proqnozlar artıq  özünü doğruldur. Məsələn, 2018-ci ildə respublikamızda 3 milyon 200 min ton taxıl yığılıb. Bu sahədəki iri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq hektardan 50 sentnerə çatıb, 326 min ton ət, 2 milyon ton süd, 109 min ton quş əti, 233 min ton pambıq tədarük olunub, 1 milyon 500 min ton tərəvəz istehsal olunub, 513 ton barama tədarük edilib, 2 milyon 600 min tut tingi əkilib. Keçən il 13 rayonda 6200 ton tütün, 167 min ton, yəni üzüm yığılıb. Şərab istehsalı isə 15 il ərzində 5 dəfə artıb.

Ötən il  ölkəmizə pomidorun ixracından 177 milyon dollar, xurmadan 114 milyon dollar, pambıq və pambıq məmulatlarından 108 milyon dollar, fındıq ixracından 100 milyon dollara yaxın, alma ixracından 38 milyon dollar valyuta axını olub.

Aqrar sektorun sürətlə inkişaf etməsi yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə böyük töhfələr verir. Belə ki, hazırda fındıqçılıqda 20 min, pambıqçılığın bütün sahələrində 190 min nəfər işləyir. Tütünçülükdə 9500 nəfər işlə təmin olunub. Bundan başqa, çayçılıq, çəltikçilik, arıçılıqda ciddi nailiyyətlər əldə olunub.

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransdakı nitqində bildirib ki, bundan sonra da kənd təsərrüfatında islahatlar dərinləşməli, bu sahə elmi əsaslarla inkişaf etməlidir: “Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir”.

Zahid Rza, “İki sahil”