13 iyun 2019 10:38
273

15 İyun Azərbaycanın xilas və nicat tarixidir

“1993-cü ilin əvvəllərində artıq Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Hakimiyyət böhranı getdikcə daha kəskin xarakter almışdı. Bu dövrdə  hakimiyyətdə olan səbatsız qüvvələr  öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün real təhlükə yaratdılar. Vəziyyət son dərəcə ağır idi. AXC-Müsavat iqtidarının səriştəsizliyi üzündən hərc-mərclik, başıpozuqluq, hakimiyyət uğrunda didişmə dövlətin bütün  strukturlarına sirayət etmişdi. Tarixi düşmənimiz ermənilər bir-birinin ardınca rayonlarımızı işğal edib, yüz minlərlə soydaşımızı öz vətənində qaçqına çevirmişdi.  Azərbaycanın “ölüm, ya qalım” dilemması ilə qarşı-qarşıya qaldığı o ağır günlərdə ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Bununla da, daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən ümummilli liderimiz Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş müharibəsinin qarşısını aldı”.

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, professor Ədalət Qasımov söylədi. Bildirdi ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli mənəvi dəyərlərimiz bərpa edildi, Onun qətiyyətlə apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı.

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi xalqımızın qurtuluş tarixidir” deyən həmsöhbətimiz qeyd etdi ki, bu tarix  Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür: “Əgər xalqın təkidi ilə ulu öndər Heydər Əliyev həmin zaman yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olardı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşüb.

Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Ulu öndər Heydər Əliyev öz fəaliyyəti ilə xalqımızın, dövlətimizin inkişafı, gələcəyi üçün işıqlı bir yol açdı.

Azərbaycan Prezidenti cənab İlham Əliyev müstəqilliyimizin ilk illərini xarakterizə edərkən demişdir ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçirdi, müstəqil inkişafımız əslində şübhə altında idi. Əgər xalqın iradəsi ilə 1993-cü ildə Heydər Əliyev yenidən artıq müstəqil Azərbaycanın rəhbəri kimi hakimiyyətə gəlməsəydi, ölkəmizin gələcək taleyi çox böyük fəlakətlərlə üzləşə bilərdi. 1993-cü ildə bütün xoşagəlməz halların qarşısı alındı, ölkədə sabitlik yarandı, inkişaf başlandı. Dövlətçiliyimizin əsasları qoyuldu və ölkəmizin ümumi inkişaf strategiyası müəyyən edildi. Bu strategiya həm xarici, həm də daxili siyasəti əhatə edirdi. Azərbaycanı müasir, demokratik ölkə kimi görmək Ulu Öndərin arzusu idi. Onun fəaliyyəti, səyləri nəticəsində bu gün Azərbaycan, sözün əsl mənasında, inkişafda olan, inkişaf edən müasir, dünyəvi, demokratik ölkədir.

Tarixçi-alim vurğuladı ki, əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi: “Bu mənada15 İyun 1993-cü il Azərbaycan xalqının tarixinə ən əlamətdar bir tarixi hadisə kimi daxil olub. Çünki bu tarix Azərbaycanın xilas və nicat tarixidir. 15 İyun Azərbaycanın müstəqilliyinin əbədiləşdiyi gündür. Fikrimi ulu öndər Heydər Əliyevin müdrik sözləri ilə tamamlamaq istərdim: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”.

Zahid Rza, “İki sahil”