14 iyun 2019 18:29
216

15 iyun dövlətçiliyimizin xilası tarixi, Azərbaycanın gələcəyini müəyyənləşən tarixdir

Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə həkk olunan 1993-cü ilin 15 iyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın gələcəyini müəyyənləşdirdi.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Sahibə Qafarova deyib.

Deputat deyib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir: "Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir".

Sahibə Qafarova deyib ki, əgər o dövrdə ulu öndər Heydər Əliyev bu ağır məsuliyyəti öz üzərinə götürüb ölkəmizdə siyasi hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, xalqımızın azadlıq arzularının reallaşması mümkün olmazdı: "Həmin dövrdə ölkəmizdə mövcud olan siyasi böhran, hakimiyyətin səriştəsizliyi kövrək olan müstəqillik sütunlarını tamamilə sarıtmışdı. AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, dövlət idarəçiliyi sisteminin olmaması, 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuqluqlar, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmasını şərtləndirmişdi. Həmçinin köhnə iqtisadi münasibətlər sisteminin çökməsi, yeni dövrdə isə iqtisadiyyatı bərpa etmək istiqamətində heç bir addım atılmaması, inflyasiyanın min faizlə ifadə olunması, sosial böhran, yoxsulluq və işsizliyin pik həddə çatması insanların sabaha olan inamlarını da tamamilə yox etmişdi. Digər yandan da, ölkədəki bu ağır vəziyyətdən istifadə edən Ermənistanın himayədarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi prosesləri idarə olunmaz həddə gətirib çatdırmışdı.

Milli Məclisin deputatı qeyd edib ki, məhz belə bir ağır şəraitdə xalqımız yeganə ümid yeri kimi ulu öndər Heydər Əliyevi görürdü. Ona görə də Azərbaycan xalqı israrla Ümummilli Liderimizi Bakıya dəvət etdi. Ümummilli lider Heydər Əliyev qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb və burulğanlı proseslərin içərisindən uğurla çıxararaq müstəqil respublikamıza həm bölgədə, həm də dünyada layiqli yer və böyük nüfuz qazandırdı: "Bütün ömrünü Azərbaycan xalqının firavan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ulu Öndər öz əməli, atdığı addımları, fəaliyyəti, tariximiz və dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə əsl dövlət xadimi, dahi şəxsiyyət, Vətənini, xalqını sevən əsil vətəndaş olduğunu sübuta yetirdi. Xalqımızın ən çətin günlərində, tariximizin ən mürəkkəb dövrlərində məhz ulu öndər Heydər Əliyev məsuliyyəti öz üzərinə götürərək süqutun astanasında olan bir dövləti yenidən inkişaf yollarına çıxardı. Dahi lider millətini bütün bəlalardan hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etdi".

Deputat vurğulayıb ki, Ulu Öndərin tarixi qayıdışı ilə əsası qoyulan Azərbaycanın müstəqil inkişaf yolu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərlə müşayiət olunur. O, əminliklə deyib ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı Heydər Əliyev ideyaları və bu ideyaların uğurla və dönmədən həyata keçirilməsi ilə birbaşa bağlıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən illər Azərbaycan tarixinə sabitlik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. "Şübhə yoxdur ki, qarşıdakı illərdə Heydər Əliyev yolu, Heydər Əliyev siyasəti Azərbaycanı daha böyük zirvələrə qaldıracaq, müstəqil respublikamız daha böyük zəfərlərə imza atacaq", - deyə Sahibə Qafarova qeyd edib.