12 iyun 2019 10:46
387

15 İyun: əbədiyaşar tariximiz

1993-cü il iyunun 15-i, yəni ulu öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıtdığı gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Həmin gün Azərbaycan xalqının tarixində ən əlamətdar bir hadisə kimi qeyd edilir. Milli Qurtuluş Günü ilə əlaqədar müraciət etdiyimiz tanınmış şəxslər də “İki sahil” qəzetinə açıqlamalarında bu günün əhəmiyyətindən ətraflı söz açdılar.

Milli Məclisin deputatı Azər Badamov:

- AXC-Müsavat rejiminin səriştəsizliyi ucbatından ölkəmizdə xaos, böhran hökm sürəndə, iqtisadiyyat iflic vəziyyətə düşəndə xalqımız bu vəziyyətdən çıxış yolu axtarmağa başladı. Xalqımız nicat yolunu ulu öndər Heydər Əliyevin simasında gördü və tərəddüd etmədən onu hakimiyyətə dəvət etdi. Ümummilli Lider xalqın səsinə səs verdi. Sonradan Ulu Öndər  bununla bağlı fikirlərini bölüşərkən bu taleyüklü məsələdə, birinci növbədə,  xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvəndiyini, arxalandığını bildirmişdir. Şübhəsiz, bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan dünya şöhrətli şəxsiyyətin öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

Ümummilli Lider qısa zaman kəsiyində respublikamızın strateji inkişaf istiqamətlərini müəyyən etdi. Prezident İlham Əliyev 28 May - Respublika Günü ilə əlaqədar keçirilən rəsmi qəbulda demişdir: “1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu... Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıb. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir”. Artıq bu inkişaf haqqında dünyanın bir sıra nüfuzlu qurumları da öz hesabatlarında ətraflı məlumatlar verirlər. Ona görə də ölkəmizin müstəqilliyinə yeni bir nəfəs gətirən 15 İyun - Milli Qurtuluş Günü, müstəqil Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan durduqca həmişə qeyd olunacaq.

Milli Məclisin deputatı Fazil Mustafa:

-Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çoxdur. Onları saymaqla qurtarmaz. Fikrimcə, Ulu Öndərin ən böyük xidmətlərindən biri ölkəmizi məhv olmaqdan, parçalanmaqdan xilas etməsidir. Sirr deyil ki, o illərdə Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ulu öndər Heydər Əliyev uzaqgörən siyasəti ilə Azərbaycanı bu bəladan xilas etdi. Belə ki, Ümummilli Lider Gəncədə baş vermiş silahlı qarşıdurmanı ram etdi. Lənkəranda Əlikram Hümbətovun başlatdığı qiyamın dinc yolla aradan qaldırılması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bununla Ulu Öndər həm də mesaj verdi ki, Azərbaycanın parçalanmasına heç bir zaman yol verilməyəcək. Ulu Öndər təkcə xalqı və respublikamızı ölüm-dirim mübarizəsindən xilas etmədi, həm də Azərbaycan xalqının itirilmiş inamını, varlığını özünə qaytardı. Bütün bunlara görə 15 iyunun Milli Qurtuluş Günü kimi qeyd edilməsi təqdirəlayiqdir. Bu mənada bu gün Azərbaycanın qüdrətli bir dövlət olması 15 iyunda başlanan yolun uğurudur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti Vamiq Məmmədəliyev:

- Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra dövlətçiliyimiz xilas edildi, sabitlik təmin olundu, nizami ordu yaradıldı, atəşkəsə nail olundu, həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparıldı, “Əsrin müqaviləsi” imzalandı, iqtisadiyyatımıza böyük həcmdə xarici sərmayə qoyuldu. Üstəlik, respublikamız müstəqil siyasəti ilə beynəlxalq aləmin diqqətini özünə cəlb etdi. Nəticədə üçrəngli bayrağımız beynəlxalq təşkilatların binaları üzərində dalğalandı. Məhz bütün bunlara görə həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş, zəmanəmizin əbədiyaşar dahisinə çevrilmiş bu müdrik siyasətçi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub.

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Fermerlər Şurasının üzvü, “Tərəqqi” medallı  İldırım Məmmədov:

-Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdan kimi ölkə iqtisadiyyatının bazar münasibətləri əsasında inkişafına üstünlük verdi. Yeri gəlmişkən, Ulu Öndər o illərdəki nitqlərinin birində demişdir ki,  aqrar sahədə istənilən səviyyəyə qalxmaq, dünyanın inkişaf etmiş ölkələrinin bu sahədəki nailiyyətlərinə çatmaq üçün iqtisadi tədbirlər həyata keçirməliyik. Yəni iqtisadi islahatlar keçirməli, kənd təsərrüfatının idarə olunmasını, mülkiyyət formasını dəyişdirməliyik. Bu məqsədlə də Ulu Öndər ərzaq təhlükəsizliyinin təmin edilməsi, azad sahibkarlığın bərqərar olması istiqamətində müəyyən addımlar atdı, eləcə də sosial ədalət prinsipinə əsaslanan torpaq islahatı həyata keçirdi. Bununla da ümummilli lider Heydər Əliyev respublikamızda aqrar islahatın hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsi kimi çox mühüm iqtisadi tədbirlərin həm banisi, həm də təşkilatçısı oldu. Məhz bu səbəbdən ölkəmizin siyasi-iqtisadi tarixində “Heydər Əliyevin torpaq islahatları” modeli qızıl hərflərlə öz əksini tapdı.

Bu gün ölkəmizin ümumi iqtisadi inkişaf səviyyəsi və dünya iqtisadiyyatına verdiyi sanballı töhfələr ümummilli lider Heydər Əliyev siyasətinin təntənəsidir və bunu hər bir vətəndaşımız böyük qürur hissi ilə vurğulayır. Onu da deyim ki, ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu aqrar islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimov:

-26-cı ildönümünü qeyd edəcəyimiz və tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində ən yadda qalan günlərdən sayılır. Çünki məhz Qurtuluş Günündən keçən illər ərzində ölkəmiz sürətlə inkişaf edərək dünya birliyinin bir parçasına çevrilib. Bəli, Ulu Öndərin sayəsində mədəniyyətimiz, milli mənəvi dəyərlərimiz də beynəlxalq aləmdə tanınıb. Ulu Öndər deyirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. O, ölkəmizdə belə bir mədəniyyətin formalaşmasına səylə çalışdı və buna nail oldu. İncəsənətin, mədəniyyətin elə bir sahəsi yoxdur ki, orada ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı özünü büruzə verməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz bugünkü inkişafında onun dəyərli ideyalarından bəhrələnir.

Fikrimcə, Ulu Öndərin hakimiyyətə qayıtdığı gün yeni Azərbaycanın yarandığı gündür. Mən həmişə demişəm, yenə də deyirəm: xoşbəxt xalqıq ki, bizim Heydər Əliyev kimi Ulu Öndərimiz var. Bu günlərimizə görə biz Ulu Öndərə borcluyuq.

Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov:

- 15 iyun 1993-cü il tariximizə Azərbaycanın xilası günü kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir. Bu gün iqtisadi və siyasi həyatımızın hər bir sahəsində sürətli inkişaf və tərəqqi müşahidə olunur. Üstəlik, Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin nüfuzu daha da artıb. Bu isə o deməkdir ki, bu gün Prezident İlham Əliyev də Ulu Öndərə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir.