01 iyun 2018 15:27
2839

Əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib

Meksika Neft İnstitutu ilə SOCAR-ın perspektivli əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

SOCAR-dan bildirilib ki, müzakirələr şirkətin prezidenti Rövnəq Abdullayevin XXV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi-konfransı çərçivəsində Bakıda səfərdə olan Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Görüşdə Azərbaycan və Meksika neftçiləri arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Bildirilib ki, Meksika Neft İnstitutu uzun illərdir ki, köhnəlmiş yataqların işlənməsi və bu yataqlarda hasilatın sabit saxlanılması istiqamətində elmi araşdırmalar həyata keçirir. Hasilatda neftvermə əmsalının artırılması Azərbaycanda uzun illərdir istismar edilən yataqlarda hasilatın sabit saxlanılması baxımından böyük önəm kəsb edir.

Görüşdə SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığın qurulması, həmçinin SOCAR-ın təlim mərkəzlərinin fəaliyyətində müxtəlif əməkdaşlıq imkanlarından, o cümlədən hasilat və emal sənayesi üçün operatorların sertifikatlaşdırılması haqqında söhbət açılıb. Tərəflər akademik hərəkətlilik, təcrübə mübadiləsi və birgə tədqiqatların həyata keçirilməsi üçün əməkdaşlıq yollarının qurulmasını vacib hesab ediblər.

Xatırladaq ki, 1965-ci ildə yaradılmış Meksika Neft İnstitutu neft sənayesi ilə bağlı fəaliyyət göstərən tədqiqat mərkəzidir. Əsas fəaliyyət sahəsi: texnoloji tədqiqat və inkişaf (R&D), mühəndislik və texniki xidmət, tədris və təlimlərin keçirilməsi (treninq), texnoloji tədqiqat və inkişaf nəticələrinin kommersiyalaşdırılması, strateji və texnoloji birgə müəssisələrdə iştirak. Məramı neft sənayesinin inkişafına töhfə verən texnologiya və xidmətlərlə dünya səviyyəli bir ictimai araşdırma mərkəzi olmaqdır. Meksika Neft İnstitutu hazırda “Pemex” şirkəti ilə sinerji yaradıb.