12 iyul 2019 11:39
138

1969-cu ilin 14 iyul tarixi milli özünüdərkin və özünəqayıdışın başlanğıcıdır

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün misilsiz xidmətlər göstərmişdir. Bu gün daha çox Ulu Öndərin müstəqillik dövründə Azərbaycana rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir. Lakin unutmaq olmaz ki, dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan sovet dövründə də böyük dövlət xadimi milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır. Heydər Əliyev gələcək müstəqil dövlətin köklü əsaslarını hakimiyyətinin ilk dövründə yarada bilmişdir. 1969-cu ildən başlayan böyük inkişaf yolu Azərbaycanın gələcək tərəqqisinin əsası olmuşdur. Bu baxımdan dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini təsvir etmək üçün mütləq mənada Onun hakimiyyətinin birinci dövrünə  nəzər yetirmək lazımdır.” Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov  deyib.

H.Şikarov vurğulayıb ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsi ilə respublikanın tarixində böyük dönüş dövrünün əsası qoyuldu: “Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Ulu Öndər hələ o zaman qurmağa başlamışdı. O dövrdə Azərbaycan müttəfiq respublikalar arasında ən  geridə qalmış respublikalardan biri idi. Sovet Azərbaycanında Heydər Əliyevin fəaliyyəti  Azərbaycanın dövlət müstəqilliyinə  hesablanmışdı. Xalqın dahi oğlu Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı və bütün ömrünü doğma xalqına həsr etdi. Məhz bu dövrdə - Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrində inkişaf başlandı. Sənayedə, kənd  təsərrüfatında, mədəniyyət sahəsində,  incəsənət, kino, teatr, rəssamlıq  və digər sahələrdə də  intibah dövrü başlandı. Bütün bunlar Heydər Əliyevin şəxsiyyəti, titanik fəaliyyəti, işgüzarlığı,  dərin məntiqi, yüksək qabiliyyəti, intellektual səviyyəsi ilə  bağlı idi.”

YAP Pirallahı rayon təşkilatının sədri bildirib ki, 1970-1985-ci illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın gələcəyini nəzərdə tutan güclü kadr potensialının yaradılması idi: “Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. Keçmiş SSRİ-nin 170 qabaqcıl ali məkəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Eyni zamanda, hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirilirdi. Naxçıvanski adına hərbi məktəbin yaradılması buna sübutdur. Bütün bunlar göstərir ki, Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Ulu Öndər  şəxsən özü başçılıq edirdi. Azərbaycan qısa zaman ərzində İttifaq miqyasında iqtisadi-sosial baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu və 1969-1982-ci illərdə öz inkişafına görə sovet respublikaları içərisində birinci yerə keçdi. Bu isə sovet dövrü üçün çox böyük bir hadisə idi. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün əzəmətli quruculuq işlərinin böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX əsrin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə - yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.”

H.Şikarov onu da vurğulayıb ki, bu gün ölkəmizdə qazanılan uğurların təməlində Heydər Əliyevin xilaskarlıq missiyası, ondan sonrakı dövrlərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət dayanır: “Cənab Prezident İlham Əliyev Ulu Öndərin möhkəm təməl üzərində qurduğu həmin xətti uğurla davam etdirməklə Azərbaycanı ən yüksək zirvələrə yüksəldir. Uğurlarımızın bir - birini əvəzləməsinə baxmayaraq, dövlət başçısı bildirir ki, biz daim irəliyə baxmalıyıq. Azərbaycanın artan iqtisad imkanları, siyasi mövqeyi, beynəlxalq aləmdə nüfuzu daha mühüm uğurlara yol açır. Beləliklə,  bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji əhəmiyyətli milli siyasəti müasir dövrün tələblərinə və qanunauyğunluqlarına müvafiq qaydada davam etdirən Prezident İlham Əliyevin siyasi kursu xalq - iqtidar birliyini daha da möhkəmləndirir.”

Orxan Vahidoğlu, “İki sahil”