18 fevral 2021 12:20
1148

Bəşəriyyətin Nizami dühasından bəhrələnməyə çox böyük ehtiyacı var- MÜSAHİBƏ

Xanım Qasımova: "Təklif edərdim ki, Bakıda və bir sıra bölgələrdə "Nizami parkı" yaradılsın, onun yaradıcılığı haqqında məlumat, əsərlərinə çəkilən illüstrasiyalar, yaradılan heykəllər həm yerli, həm də əcnəbi qonaqlara nümayiş etdirilsin"

Dövlət başçıcı İlham Əliyevin Sərəncamı ilə  2021-ci ilin "Nizami Gəncəvi İli"  elan edilməsində məqsəd Nizami Gəncəvi irsinin və yaradıcılığının  Azərbaycan xalqının mənəviyyat xəzinəsində rolu və yerini təbliğ etmək, gənc nəslə çatdırmaqdır.  Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Onun geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır.

“İki sahil” Filologiya üzrə fəlsəfə doktoru Xanım Qasımova ilə “Nizami Gəncəvi İli” ilə bağlı  müsahibəni təqdim edir:

-“Nizami Gəncəvi İli” Nizami ədəbi məktəbinin, irsinin təbliğində nə kimi rol oynayır?

-Milli-mənəvi dəyərlərimizin qorunması, təbliği cəmiyyətin inkişafına təkan verən ən ümdə vəzifələrdəndir. Qarabağda tarixi Qələbənin qazanılması, torpaqlarımızın işğaldan azad olunması bu sahədə dövlətimizin uğurlu tədbirlər həyata keçirməsinə şərait və  stimul yaradır. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin  “Nizami Gəncəvi İli”  elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Sərəncamla Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açılacaq, ölməz sənətkarın 880 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevriləcək, dahi şairin irsi daha dərindən və əhatəli araşdırılacaq. Hələ öz dövründə də Nizami irsinə yüksək dəyər verildiyini hind şairi  Ə.X.Dəhləvinin bu misraları da təsdiq edir:

            Nizami hər sözü demiş birinci.

            Qoymamış cilasız qalsın bir inci.

 Ümid edirəm ki, “Nizami İli”ndə özündən sonra böyük ədəbi məktəb qoyan sənətkarın əsərlərinin təbliği, vətəndaş cəmiyyətinin mənəvi cəhətdən formalaşmasında mühüm rola malik olacaq.

-“Nizami Gəncəvi İli”nin əsas çağırışı: Nizamini sevmək və sevdirməkdir. Bu istiqamətdə hansı tədbirlərin keçirilməsi zəruridir?

- Elə sənətkarlar var ki, onların dəyərli irsi sərhəd və zaman tanımır, bəşəriyyətə gözəl töhfədir. Nizami irsi bir hikmət dünyası, hər beyti nəsihət dolu, bitkin və kamildir. Müdrik kəlamları Nizami qələminin qüdrəti ilə elə yaradılıb ki, hər biri öz dəyərini zərrəcə itirməyib, əksinə, zaman keçdikcə məna yükü qazanıb.

O şey ki, bizlərə lap aşkiardır.

Orda da bir gizli xəzinə vardır.

-deyən müdrik şairin hər misrası, hər beyti hələ tam kəşf olunmamış bir xəzinədir. Bu kəlamları oxuyan insan humanizm, vətənpərvərlik, dostluq, zəhmətsevərlik  kimi fəzilətlərdən bəhrələnir. Gənc nəslin əsl  vətəndaş kimi yetişməsində “Nizami İli” ilə bağlı əyani və ya onlayn elmi konfransların, sərgi və  seminarların keçirilməsi böyük sənətkarın bədii irsini sevdirməkdə mühüm əhəmiyyət daşıyar.

-2019-cu ilin ölkəmizdə Nəsimi ili, 2021ci ilin Nizami ili elan edilməsi ədəbiyyatımıza diqqəti hansı şəkildə özündə ehtiva edir?

- Söz sərrafı Nizami Gəncəvinin əsərlərində, xüsusən "Xəmsə"də əksini tapan dövlətçilik düşüncəsi, ölkənin ədalətlə idarə olunması çağdaş dünyanın mütərəqqi ideyaları ilə səsləşir. Bəzən hətta, onu qabaqlayır. Nizaminin yaratdığı  xəyali  dövlət məsələsi  Sen Simon, Şarl Furye kimi utopiklərin nəzəriyyələrindən çox öncə qələmə alınmışdır. Müstəqil dövlətimiz  2019-cu ili Nəsimi, 2021-ci ili  Nizami İli elan etməklə ədəbiyyata, ədəbi sərvətimizə olan diqqət və qayğını  nümayiş etdirmişdir. Doğrudur, bu təbliğat yalnız bir illə məhdudlaşmamalı, hər zaman aktual olmalıdır. Təhsil müəssisələrində, kitabxana və  teatrlarda  tez-tez bu cür dahilərin ədəbi irsinə müraciət edilməli, cəmiyyətə çatdırılmalıdır.

- Bu gün Nizami Gəncəvinin insanları əxlaqi kamilliyə çağıran  və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının öyrənilməsi və təbliği səviyyəsi qaneedicidirmi?

- Qloballaşan dünyamızda insanın qayğı və problemləri artdıqca zaman qıtlığından, mənəvi dəyərlərin itməsindən şikayətlənir. İnsan oğlu cəmiyyət tarixinin bütün zaman kəsiyində bu problemləri duyub. Hansı cəmiyyətdə yaşamasından asılı olmayaraq özünəqədərki  ədəbi irsi öyrənmədən yaşadığın tarixi dövrü dəyərləndirə bilməzsən. Nizaminin yaşadığı cəmiyyət də öz problemləri ilə şairin əsərlərində əks olunub. Bəşəriyyətin, xüsusən gənc nəslin Nizami dühasından bəhrələnməyə  çox böyük ehtiyacı var. Ən sadə həqiqətlərdən dərin fəlsəfi düşüncələrədək  yüklənən mətləbləri  ustalıqla qələmə alan şairin insana çatdırdıqlarını  mənimsəyib növbəti nəslə ötürmək mənəvi borcumuzdur. İkinci Qarabağ müharibəsində əldə olunan Zəfərdə Nizaminin və digər klassiklərin əsərlərindəki vətənpərvərlik ruhunun da rolu var.

- Gənclərin klassiklərimizi daha yaxından tanıması üçün hansı təbliğat vasitələrindən istifadə edilməlidir?

-Cəmiyyətin hərəkətverici qüvvəsi, keçmişlə  gələcək arasındakı mənəvi körpü olan gənclik onlara ötürülən mirası yəni, milli- mənəvi  dəyərləri öyrənməli, qorumalı və ondan dövlətçiliyin, insanlığın inkişafında yararlanmalıdır. Televiziya, radio, mətbuat və  nəşriyyatların bu sahədə daha geniş təbliğatına ehtiyac duyulur. Nizaminin əsərlərinin araşdırılması, bununla bağlı verilişlərin, sanballı yazıların, kitabların hazırlanması öz  müsbət nəticəsini  verə bilər. Təklif edərdim ki, Bakıda və bir sıra bölgələrdə "Nizami parkı" yaradılsın, onun yaradıcılığı haqqında məlumat, əsərlərinə çəkilən illüstrasiyalar, yaradılan heykəllər həm yerli, həm də əcnəbi qonaqlara nümayiş etdirilsin.

- Ümumiyyətlə, "Nizami Gəncəvi ili"ndən nələri gözləyirsiniz?

-Dövlətimizin  söz usradlarına, onların ədəbi irsinə diqqət və qayğısı ədəbiyyatımızın gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıyır. Genişmiqyaslı tədbirlərin keçirilməsi, əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq nəşr olunması, teatr tamaşaları və filmlərin hazırlanması Nizami irsinin nurundan daha  geniş  auditoriyaya pay düşəcəyindən xəbər verir.

Yaqut Ağaşahqızı, “İki sahil”