11 iyun 2019 13:53
166

1993-cü ilin 15 iyunu xalqımızın müqəddəratında müstəsna rol oynadı

15 iyun – Milli Qurtuluş Günü hər bir azərbaycanlıya qürur hissi bəxş edən bir gündür.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatının sədri Anar Əliyev tarixi günün əhəmiyyəti barədə danışarkən deyib: “Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqın yekdil iradəsi ilə ölkə rəhbərliyinə qayıdışı dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olaraq inkişaf yoluna çıxmasına, xalqımızın müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə imkan yaratdı. Xalqımız ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti ətrafında sıx birləşərək vətəndaş qarşıdurmasından xilas olundu və bunun nəticəsində dövlətimizin müstəqilliyinin əbədiliyinə və sarsılmazlığına təminat yarandı. Əslində bu, ölkəmizi böyük perspektivlərə doğru aparan yolun başlanğıcı oldu. Ona görə də Milli Qurtuluş Günü - müstəqillik dövründə respublikamızın əldə etdiyi böyük tarixi nailiyyətlərin, xalqımızı firavan sabahlara doğru aparan yolun başlanğıcı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

1993-2003-cü illərdə ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də konkret və məqsədyönlü işlər görülüb. İldən-ilə çevik xarakter alan sosial siyasət kursunun etibarlı əsası formalaşıb. Dahi rəhbərin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə planlı təsərrüfatdan bazar iqtisadiyyatına uğurla keçid prosesində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə nail olundu. Eyni zamanda, həmin dövrdə müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillərlə, müharibə əlillərinin nəqliyyat vasitələri ilə təminatına başlanıldı. MDB-də ilk dəfə olaraq 1999-cu ildə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi və Demoqrafik İnkişaf Konsepsiyası, 2001-ci ildə “Məşğulluq haqqında” Qanun, əlilliyin qarşısının alınması və reabilitasiyası üzrə ilk Dövlət Proqramı qəbul olundu”.

Nazir müavini daha sonra deyib: “Dahi rəhbər Heydər Əliyevin memarı olduğu müasir müstəqil Azərbaycanın hərtərəfli və uzunmüddətli inkişaf strategiyası 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ötən dövrdə Azərbaycan dinamik və davamlı inkişaf yolunda inamla irəliləyərək Cənubi Qafqazın güc mərkəzinə çevrilib. Bu gün Azərbaycan özünün müasir və tolerant cəmiyyət modeli, regionda sülhə, sabitliyə və əməkdaşlığa zəmin yaradan və qlobal əhəmiyyət kəsb edən möhtəşəm layihələri uğurla reallaşdırması ilə dünya birliyində nüfuzlu mövqeyə sahib olan, bütün əməkdaşlıq formatlarında etibarlı tərəfdaş kimi tanınan bir ölkədir”.

“Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan Yeni Azərbaycan Partiyası da ötən dövrdə müstəqil dövlətimizin qurulması və gücləndirilməsi, ölkəmizin inkişafı proseslərində misilsiz xidmətlərlə zəngin şərəfli bir yol keçib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiya Cənubi Qafqazın ən güclü siyasi təşkilatı kimi cəmiyyətdə böyük nüfuza malikdir. YAP Ulu Öndərimizin ideyalarına dərin sədaqət ruhunda fəaliyyət göstərir və bu gün də ölkəmizin inkişafı proseslərində daim ön sıradadır”,- deyə Anar Əliyev fikrinə yekun vurub.