23 fevral 2021 14:12
1334

Xəritələr təqdim olunmasa, Ermənistan beynəlxalq məhkəməyə verilməlidir- ŞƏRH

Arzuxan Əlizadə: Bu cinayətlər mədəni irsə təcavüz kimi qiymətləndirilməli və cinayətkarlar öz layiqli cəzalarına çatmalıdır

 

“Qədim Azərbaycan torpaqları olan İrəvan, Göyçə, Zəngəzur mahalları qədim alban və müsəlman-türk abidələri ilə zəngin olmuşdur. Bu tarixi torpaqlarımızda yüzə qədər irili-xırdalı məscid, türbə, onlarla karvansara, qala, hamam, daş körpü və bazarlar olmuşdur. Şərq üslublu şəhər olmuş İrəvanda əcdadlarımızın uyuduğu qədim qəbristanlıqlarda olan at və qoç heykəlləri bu torpaqların tarixi türk torpaqları olduğunu göstərən əsas elementlərdəndir. Erməni vandalizmi orada da öz vəhşiliyini göstərib və bütün maddi mədəni abidələrimizi yerlə yeksan edilib.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə söyləyib.  

Partiya sədri qeyd edib ki, İrəvanda yerləşən Şah İsmayıl məscidi, Xüdabəndə məscidi, Şah Abbas məscidi tamamilə dağıdılaraq məhv edilib. Tarixi abidələrimizin məhv edilməsi nəinki indiki Ermənistan adlanan qondarma dövlətin ərazisində, eləcə də 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərimizdə də qəddarcasına həyata keçirilib. Bütün maddi mədəniyyət abidələrimiz tamamilə viran edilib. Bu ağır cinayətlər sonadək araşdırılmalı və bəşəriyyətə qarşı bu cinayətləri törədən erməni barbarları beynəlxalq məhkəmələrə verilməlidir. Bu cinayətlər mədəni irsə təcavüz kimi qiymətləndirilməli və cinayətkarlar öz layiqli cəzalarına çatmalıdır.

Həmsöhbətimiz vurğulayıb ki, bütün bunlarla yanaşı, Azərbaycan qalib dövlət olaraq minalanmış ərazilərin xəritələrini də ermənilərdən tələb etməlidir: “Əgər, bu xəritələr təqdim olunmasa, Azərbaycan Ermənistanı beynəlxalq məhkəmələrə verməkdə israrlı olmalıdır. Əks halda biz çox sayda hərbçilərimizin və dinc sakinlərimizin həlak olmasınının şahidi ola bilərik. Necə ola bilər ki, Ermənistan məğlub tərəf olaraq bəyanatı imzaladığı halda insan həyatına hər an təhlükə yaradan belə bir məsələdən boyun qaçırr.”

A.Əlizadə əlavə edib ki, Ermənistanda hakimiyyətdə təmsil olunan rəhbərlərin heç birində hüquqi məsuliyyət anlayışı mövcud deyil: "Bu səbəbdən də üzərilərinə götürdükləri öhdəliklərə əməl etmirlər. Mövcud reallıqlar da onu deməyə əsas verir ki, ermənilər minalı ərazilərin xəritələrini xoşluqla təqdim etməyəcəklər. Bu amili hər zaman diqqətdə saxlamalıyıq. Onu da nəzərə almalıyıq ki, müharibənin aktiv fazası başa çatdıqdan sonra keçən 3 ay ərzində mina partlayışlarından nə qədər dinc insanlarımız həlak olub. Ona görə bu işi minimum təhlükəsiz həyata keçirməyin əsas yolu odur ki, bu sahəyə məsul olan bütün qüvvələri səfərbər etməliyik. Məcburi köçkünlərin tezliklə öz yurdlarına qayıtması çox vacib məsələdir, ancaq bundan da vacibi həmin insanların təhlükəsizliyini təmin etməkdir. Bildiyimiz kimi, Azərbaycan Prezidentinin 15 fevral 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. Hesab edirəm ki, yeni formalaşdırılan bu qurum problemin tezliklə çözülməsi üçün bütün gücünü səfərbər edəcək və mövcud olan müasir texnologiyalar vasitəsilə bu işi sürətləndirəcək.”

Yaqut Ağaşahqızı, "İki sahil"