23 fevral 2021 18:12
563

Politoloq: Erməni vandalizminə beynəlxalq hüquqi qiymət verilməlidir

Elxan Şahinoğlu: Yüzlərlə tarixi və dini abidələrimiz ermənilər tərəfindən talan edilib. Amma müharibə qanunlarına, beynəlxalq hüquq prinsiplərinə görə mədəni irsin qorunması mütləqdir

 

“Ermənilərin tarixi abidələrimizi yerlə-yeksan etməsi təsadüfi xarakter daşımırdı. Onlar bununla tarixi yaddaşımızı silməyə çalışırdılar. Amma unudurdular ki, tarixi və dini abidələrimizi məhv etsələr də öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər. 44 günlük Vətən müharibəsi bunu bir daha təsdiqlədi.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu bildirib ki, işğal altındakı ərazilərdə olan yeraltı və yerüstü, təbii və mədəni sərvətlərimiz vəhşicəsinə talan edilərək Ermənistana daşınırdı. Ordumuzun qələbəsi sayəsində Azərbaycanın işğal edilmiş ərazilərində bu prosesə son qoyuldu: “Dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinin planlı şəkildə həyata keçirilməsindən bəhs edərkən ilk olaraq tarixi və dini abidələrimizin bərpasını, bunun üçün xarici mütəxəssislərin də cəlb ediləcəyini diqqətə çatdırıb. Yüzlərlə tarixi və dini abidələrimiz ermənilər tərəfindən talan edilib. Amma müharibə qanunlarına, beynəlxalq hüquq prinsiplərinə görə mədəni irsin qorunması mütləqdir. Ermənilərin törətdikləri vəhşiliklər beynəlxalq hüquq prinsiplərinə ziddir. Ümumiyyətlə, onların işğal etdikləri ərazilərimizdə tarixi abidələrimizin məhv edilməsinə və saxtalaşdırılmasına xidmət edən cinayət əməlləri bəşəriyyətə qarşı cinayətdir. Erməni vandalizminə beynəlxalq hüquqi qiymət verilməlidir”.

Nigar Orucova, “İki sahil”