25 fevral 2021 13:34
1270

Övladınıza "Sənin yaşında olanda mən belə edirdim" kimi irad tutmayın- MÜSAHİBƏ

Təranə Paşayeva: Əgər, düşdüyünüz vəziyyətdən çıxa bilmirsinizsə, psixoloji gərginliklərin məngənəsində sıxılaraq sağlamlığınıza zərər verməyin, peşəkar yardımlardan faydalanın

 

İnsan niyə özünə qəsd edir, niyə yaşamaq əvəzinə ölümü seçir, buna səbəb nədir? Səbəblər çoxdur və fərqlidir. Mətbuatda, internet resurslarda, ekspert rəylərində intihar hallarını daha çox sosial səbəblərlə, maddi sıxıntılarla əlaqələndirən fikirlərə rast gəlirik. Təbii ki, bu və ya digər səbəblər  intihara apara bilər. Amma maddi çətinliklər, sıxıntılar, laqeydlik niyə intihara səbəb olur?

“İki sahil” sözügedən mövzu ilə bağlı  "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə müsahibəni təqdim edir.

İntihara cəhd halları qadınlarda daha yüksəkdir

- Niyə görə insanlar intihar yolunu seçir?

-Tədqiqatlar göstərir ki, özünəqəsd biri digəri ilə əlaqədə olan sosial mühit və fərdi psixoloji problemlərin təsiri ilə əlaqəlidir. Yəni, biri digərini körükləyir. Bəzi tədqiqatlar isə  psixi cəhətdən sağlam olmayan şəxslərin daha çox intihar yolunu seçdiyini göstərir. Səbəb nə olursa olsun, görünən odur ki, şəxs intihar yolunu özü seçir. Araşdırmalara görə dünyada hər 40 saniyədən bir intihar hadisəsi baş verir. Faciəli ölüm sayına görə kişilər ilk sırada gəlir. İntihara cəhd halları qadınlarda daha yüksəkdir. Risk qrupuna daha çox yeniyetmələr və yaşlılar daxildir. İntihar edənlərin 90-95-faizini psixi cəhətdən sağlam olmayan şəxslər təşkil edir. Yəni, depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozuntusu kimi ruhi rahatsızlıqları olanlar, həmçinin narkotik və alkaqol asılılığından əziyyət çəkənlər ölümün ağuşuna atılırlar. Payız və qış aylarında intihar hallarının nisbətən artdığı müşahidə olunur. Psixologiyada payız, qış depressiyaları terminləri də öz əksini tapır. Depressiv vəziyyətlərin də intihara aparması diqqətə alınmalıdır. Çarəsizlik və ümidsizliyə qapılan bəzi insanlar intihar yolunu seçir. İnsan çətinliyə düşür, özünə qapanır, ətrafdan yardım gözləmir, problemi özü həll etmək istəyir, yaxud yaxın çevrəsi yardım əli uzatmır və həmin şəxs ümidsizliyə qapılır. Artıq o uçurumun kənarındadır, geriyə yollar bağlanıb. Onun üçün bircə yol qalır: həyatdan, yaşamaqdan “xilas olmaq”!

Bəzi saytlar reytinq xatirinə insan ölümünü şouya çevirirlər

- Belə söyləmək olarmı ki, intiharların bir çoxunun əsasında ailədaxili münaqişələr, valideyn-övlad münasibətlərinin düzgün qurulmaması, ən əsası da qarşılıqlı anlayışın olmaması dayanır?

- İnsan ilk olaraq ailə mühitində həyata hazırlanır. Bu kiçik cəmiyyətdəki fərdlərin istər fiziki, istərsə də psixoloji sağlamlığı həmin mühitdən çox asılıdır. Ailədaxili münasibətlərdəki çatışmazlıqların, əngəllərin birbaşa intihara səbəb olacağı fikri ilə razılaşmaq tam doğru olmazdı. Adətən ailədə diqqətə alınmayan, doğmalarından sevgi görməyən, daim danlaq altında olan yeniyetmələr daha çox intihara cəhd edir. Bu, bir növ daxili üsyan yoludur. Dünyaya gətirdiyimiz övladları yalnız uğurlarına, istedad və qabiliyyətinə, bizə xoş olan davranışlarına görə yox, var olduqlarına görə sevməliyik. Ailədə bir uşaq daha fərasətli, digəri passiv ola bilər, zəif olanı digəri ilə yerli-yersiz müqayisə edərək dəyərsizləşdirmək, onun özgüvənini sıfıra endirmək, aqressivləşdirmək, həyata küsdürməklə nəticələnər ki, bu da psixoloji sarsıntıları dərinləşdirir.  Özünü könüllü şəkildə öldürən şəxs bununla yaxınlarına, doğmalarına nə qədər acı yaşatdığını dərk etmək gücündə olsaydı, bəlkə də bu addımı atmazdı. İnsanın yaxındakı faciəni dərk etməsi, həyata tutunması, yaşamına davam edə bilməsi, yanlış addım atmaması üçünsə, mütləq şəkildə ailəsinin, doğmalarının, yaxın çevrəsinin yanında olması, anlayış göstərib düşdüyü durumdan xilas etməsi lazımdır. Bu yerdə mətbuat orqanlarının, sosial medianın da üzərinə ciddi vəzifələr düşür. Bəzi saytlar reytinq xatirinə insan ölümünü şouya çevirirlər. İntihar hadisəsini, yaxud hər hansı bir qəzanı dramatikləşdirərək, bütün təfsilatı ilə gündəmə gətirməyin kimə nə faydası var? Bunların əvəzinə maarifləndirici yazılara yer verilməlidir.  

- Necə etməliyik ki, hadisələr gəlib bu həddə çatmasın?

- Psixoloji mərkəzlərlə media qurumlarının əməkdaşlığı sayəsində psixoloji maarifləndirmənin səviyyəsi yüksəldilməli, əhatə dairəsi genişlənməlidir. Mövcud şərait kütləvi tədbirlərə imkan vermədiyi üçün psixoloji yardım və maarifləndirmə proqramları onlayn aparılmalı və hər kəs üçün əlçatan və anlaşılan formada olmalıdır. Ailələr mümkün olduğu qədər həyat şərtlərinin imkan verdiyi qaydalarla yaşamağı öyrənməli və gələcəyə olan ümidlərini canlı saxlamalıdırlar. Bu məsələdə də KİV-lərlə psixoloqların birgə fəaliyyəti müsbət nəticələr verə bilər. Pandemiya şərtləri insanları yetəri qədər yorub. Davamlı olaraq məhdud çərçivədə yaşamaq psixoloji gərginlik yaradır ki, bunun da depressiyaya və psixosomatik xəstəliklərə aparması mümkündür. Müharibənin yaratdığı ağrı-acılar, iqtisadi çətinliklər təbii ki, qısa zaman kəsiyində aradan qaldırıla bilməz. Bunları şüurlu şəkildə dərk edərək yaşamağı öyrənməliyik. Həssas dönəmdən keçirik. Bir-birimizə qarşı diqqətli olmaq vətəndaşlıq borcuna çevrilməlidir. Sabahımız üçün, gələcək nəsillər üçün və ən nəhayət özümüz üçün bunları etməliyik. Ətrafınızda, yaxın çevrənizdəki insanların fərqli davranışlarına biganə yanaşmayın, həmişə deyən-gülən, optimist olan bu adama birdən birə nə oldu, niyə belə susqunlaşdı, özünə qapandı, deyib, yan keçməyin, dostcasına əl uzadın, dərdinə şərik olun. Və nəhayət insanlar yaşadığımız dövrdə psixoloqun, psixoloji dəstəyin fərqinə varmalıdırlar. Əgər düşdüyünüz vəziyyətdən çıxa bilmirsinizsə, psixoloji gərginliklərin məngənəsində sıxılaraq sağlamlığınıza zərər verməyin, peşəkar yardımlardan faydalanın.

Davamlı olaraq mobil telefon və komputerlə “ünsiyyət” gözlə görünməyən problemlər yaradır

-Sonda, valideynlərə tövsiyələrinizlə müsahibəmizi yekunlaşdırmaq istərdik...

-Sosial həyatdan, məktəbdən, dostlardan ayrılmaq, davamlı olaraq mobil telefon və komputerlə “ünsiyyət” gözlə görünməyən problemlər yaradır. Təcridolma böyüklərdən çox uşaq və yeniyetmələrə təsir edir. Odur ki, valideynlər mümkün olduğu qədər övladları ilə ünsiyyətdə olmalı, onların güvənini qazanmalı, birgə fəaliyyətlər həyata keçirməlidirlər. Yeniyetmə artıq özünü şəxsiyyət hesab edir. Onlara söz haqqı vermək, ailədə hər hansı məsələnin həllində fikirlərini öyrənmək məsləhətdir. Dəyər verildiyini hiss etmək yeniyetməyə güvən verəcək. Bu çox vacibdir. Onları ev işlərinə cəlb edin, məsələn, süfrəni oğlan uşaqları ilə qurmaq, qızları sevdikləri yeməyi bişirməyə cəlb etmək həm bu gün, həm də gələcək üçün faydalı olar. Yeniyetmə övladınızı özünüzün onun yaşındakı halınızla, yaxud digər uşaqlarla müqayisə edərək dəyərsizləşdirməyin. Sənin yaşında olanda mən belə edirdim, niyə sinif yoldaşın filankəs yaxşı şagird kimi həmişə nümunə göstərilir, sən pis oxuyursan və digər bu kimi irad tutmalar, müqayisələr övladınızı sizdən uzaqlaşdıra və onun özgüvəninin sarsılmasına gətirib çıxara bilər. Onu sizin övladınız olduğu üçün, var olduğu üçün sevin. Sevgi pulla alınmır, o sizin özünüzdədir. Sevginizi övladlarınızdan əsirgəməyin!

Yaqut Ağaşahqızı, "İki sahil"