Əbil Süleymanov: Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan gəncinin döyüş meydanında göstərdiyi şücaətə, mübarizə əzminə, vətən sevgisinə heyran qaldı
Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.
“İki sahil” Azərbaycan gəncliyinin simalarından biri, Bakı-Britaniya tam orta innovasiyalar məktəbində İqtisadiyyat, Biznes və Turizm müəllimi olan Əbil Süleymanovla müsahibəni təqdim edir.
- Söhbətimizə ilk olaraq təqdimatınızla başlamaq istəyərdik.
- Böyük məmnuniyyətlə. Süleymanov Əbil Əlifağa oğlu 6 aprel 1996-cı ildə Salyan Rayonu Xıdırlı kəndində anadan olmuşam. Orta təhsilimi Salyan rayonu Xıdırlı kəndində Təbriz Xəlilbəyli adına orta məktəbdə başa vurduqdan sonra 2013- cü ildə Azərbaycan Diplomatiya Akademiyasına daxil olaraq “İqtisadiyyat” fakültəsi üzrə bakalavr təhsili almışam. 2018-2020 - ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Strukturlarında Menecment” ixtisası üzrə magistratura təhsili almışam. Tələbəlik illərində bir çox xarici ölkədə təhsil səfərlərində, könüllülük proqramlarında iştirak etmişəm. Bunlardan ən yadda qalani “ASAN” könüllüsü olmaq idi. Şəxsi karyerama hələ tələbəikən ADA Universitetində assistant müəllim olaraq başladım. Bundan sonra universitet tələbəsi olduğum halda özəl sektordan bir neçə iş təklifi aldım. Bu kimi hallar ADA universitetində əslində tez- tez baş verirdi və bizim üçün normal hal idi. Çünki hər bir halda savadlı, bacarıqlı və işinin mahiyyətini anlayan kadrlara istər özəl, istərsə də dövlət sektorunda ehtiyac duyulur. ADA Universiteti isə öz növbəsində Cənubi Qafqazda ən müasir prestijli təhsil ocağı olaraq ölkədə savadlı kadrların yetişməsində mühüm rol oynayır. ADA Universitetinin rəhbərliyi altında keçirilən təhsil səfərləri çərçivəsində 2016–cı ildə Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin, 2017–ci ildə isə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin nümayəndə heyətləri ilə keçirilən rəsmi görüşlərdə aktiv iştirak etmişəm. 2017-2018-ci illərdə "Pearson" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi "Oxbridge Academy" orta ümumtəhsil məktəbində İqtisadiyyat müəllimi kimi, Azərbaycan Diplomatiya Akademiyasında isə köməkçi İqtisadiyyat müəllimi vəzifəsində əmək fəaliyyətinə başlamışam. Hazırda Bakı-Britaniya tam orta innovasiyalar məktəbində İqtisadiyyat, Biznes və Turizm müəllimi kimi fəaliyyət göstərirəm.
- Əbil bəy, dövlətimizin həyat keçirdiyi gənclər siyasəti haqqında fikirlərinizi bilmək istərdik.
- Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdə demək olar bütün sferalarda aparılan islahatlar fonunda dövlətin gənclər siyasətində istedadlı gənclərin müəyyən edilməsi, dəstəklənməsi və inkişafına böyük diqqət ayrılır. Təhsilli, yüksək intellektə malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda dövlətin oynadığı rol bu gün daha aktualdır. Gənclərin intellektual inkişafının dəstəklənməsi istiqamətinə xüsusi diqqət ayrılıb. Azərbaycan gənclərinin beynəlxalq səviyyədə tanıdılması və onların inkişafının stimullaşdırılması məqsədilə istedadlı tələbə, gənc alim, yaradıcı gənclərin beynəlxalq mübadiləsi dəstəklənmiş, xaricdə keçirilən yarış, müsabiqə layihə təqdimatında iştirakı təmin edilmişdir. Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılması, bir sözlə, onların dövlət quruculuğunda və ümumiyyətlə, ictimai-siyasi proseslərdə fəal iştirakının dəstəklənməsidir. İqtisadiyyatın müxtəlif sahələrində aparıcı qüvvə kimi gənc nəsil iştirak edir. Bu, hər şeydən əvvəl dövlətimizin gənc nəslə göstərdiyi qayğının bariz nümunəsidir.
- Necə düşünürsünüz, gənclərimiz bu etimadı yetərincə doğrulda bilirmi?
- Azərbaycan gəncliyi beynəlxalq gənclər hərəkatına inteqrasiya sahəsində böyük uğurlar qazanıb. Respublikanın gənclər təşkilatları BMT-nin, UNESKO-nun, Avropa Şurasının, Avropa Birliyinin və s. beynəlxalq qurumların gənclər proqramlarına qoşulur, birgə layihələrdə iştirak edir, MDB və digər ölkələrin gəncləri ilə müntəzəm tədbirlər keçirirlər. Bu gün gənclərimiz, şagirdlərimiz, tələbələrimiz dünyada baş verən bütün hadisələri yaxından izləyir, müasir informasiya texnologiyalarına yiyələnirlər. Onlar dünyada gedən prosesləri təhlil etmək üçün geniş imkanlar əldə ediblər. Bu gün Azərbaycan gəncləri xarici ölkələrə təhsil almağa, biznes qurmağa, təcrübə qazanmağa, işləməyə və s. faydalı işlər görməyə gedir. Xaricdə çalışan gənclərimizin böyük hissəsi bir neçə ildən sonra vətənə dönərək əldə etdikləri təcrübəni ölkəmizdə tətbiq edirlər.
-Gənclərimizin ötən il göstərdiyi şücaəti, fədakarlıqları necə dəyərləndirirsiniz?
- 2020-ci il Azərbaycanda "könüllülər ili" elan edilmişdi. Ümumiyyətlə, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Ötən ilin "könüllülər ili" elan edilməsi əslində heç də təsadüfi deyildi. Azərbaycan xalqı əsrlərboyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. İlk öncə gənclərimizin pandemiya dönəmində əhalini maarifləndirmə prosesində könüllu iştirakını qeyd etmək istərdim. Əminəm ki, mənim kimi bir çox insan şəhərin mərkəzi küçələrində könüllü gənclərimizin insanlara pulsuz maska paylamasının, Operativ Qərargahın qərar və tövsiyələrini vətəndaşlara xatırlatmasının şahidi olub. Gənclərimiz Prezident İlham Əliyevin “Biz Birlikdə Güclüyük!” şüarını rəhbər tutaraq pandemiya səbəbindən sosial maddi vəziyyəti pisləşən aztəminatlı ailələrə edilən ərzaq yardımlarının paylanmasında aktiv iştirak etdilər. Gənclərimizin 2020-ci ildəki şücaəti, fədakarlıqları bununla da bitmir. Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan gəncinin döyüş meydanında göstərdiyi şücaətə, mübarizə əzminə, vətən sevgisinə heyran qaldı. Eyni zamanda sosial media üzərindən bütün dünyaya Azərbaycan həqiqətlərinin çatdırılmasında gənclər böyük iş gördü. 2020-ci il Azərbaycan gənclərinin mərd, vətəninə, dövlətinə bağlı, torpağını sevən, eyni zamanda dünya arenasında öz sözünü deyə bilən, intellektual, savadlı olmasının sübut olunduğu il kimi yadda qaldı.
- Vətən müharibəsindən söz düşmüşkən, tarixi Zəfərimizin qazanılmasını şərtləndirən əsas amillər hansı idi?
- Vətən müharibəsində qazanılmış qələbə uzun illər ərzində ölkəmizin həyata keçirdiyi siyasətin nəticəsidir. Eyni zamanda, pandemiya dövründən başlanan “Biz Birlikdə Güclüyük!” şüarını xalq olaraq Vətən müharibəsində də özümüzə rəhbər tutduq. Əsas gücümüzü birliyimizdən aldıq. Bütün dünyaya Azərbaycan xalqının birlikdə olduğu zaman nələrə qadir olduğunu sübut etdik. Əlbəttə, tarixi zəfərimizi şərtləndirən əsas amil Azərbaycan dövlətinin Prezidenti cəban İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdir. Bu illər ərzində Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında böyük uğura imza adıldı. Ötən il Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev Erməistan baş naziri Paşinyanı tutarlı faktlarla susdurdu. Bundan əlavə, müasir ordu, xalq-iqtidar birliyi, daxili sabitlik kimi amilləri də qeyd etmək istərdim. Əlbəttə, igid əsgərlərimiz və zabitlərimizi xüsusi qeyd etmək lazımdır. Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə şəhidlərimizin canı və qanı bahasına son qoyuldu.
- Gənclərimizin təhsilə, elmə münasibəti sizi qane edirmi?
- Statistika göstərir ki, gənclər bu gün ölkə əhalisinin 2.8 milyon nəfərini yəni, 28 %-ə qədərini təşkil edir. Bu təbəqənin sosial-iqtisadi inkişafı güclü ölkə, parlaq gələcək deməkdir. Ölkənin sosial-iqtisadi inkişafında gənclərin potensialından istifadə etməklə həm gəncləri inkişaf etdirmiş olarıq, həm də ümumi problemlərimiz öz həllini tapar. Bu gün gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sosial təminatı, sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyytının əsaslarına dair biliklərə yiyələnməsi daha genişləndirilməlidir. Artıq dünyada belə bir fikir formalaşıb ki, hər il bilik və bacarıqların 20-30 faizi, hər 5-8 ildə isə peşələr tamamilə köhnəlir. Gənclərimiz iş məsələsini mükəmməl təhsilə yiyələnmədən həll edə bilməyəcəklərini indi daha yaxşı başa düşürlər. Digər tərəfdən, neft sektorunun inkişafı nəticəsində ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər müasir texnologiyalarla işləməyi bilən gənclərə daha çox üstünlük verirlər.
- Gələcək hədəflərinizdən danışmağınızı istərdik...
- Azərbaycan güclü siyasi iradə, əzm və cəsarət nümayiş etdirərək ərazi bütövlüyünü təmin etdikdən sonra işğaldan azad edilmiş Qarabağı yenidən qurmaq istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Ölkə başçısının dediyi kimi, Azərbaycanın strateji, iqtisadi, siyasi məqsədləri reallığa çevriləcək. Gələcək arzularımdan biri dövlətimizin bu böyük qayıdış planında dövlətə, xalqa faydalı olmaqdır. Söhbəti müasir gənclər siyasətinin banisi ümumilli lider Heydər Əliyevin gənclər haqqında fikirləri ilə yekun vurmaq istərdim. “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” Fikrimcə, hər bir gənc Ümumilli Liderin bu fikirlərini öz həyat amalına çevirməlidir.
Yaqut Ağaşahqızı, “İki sahil”