27 fevral 2021 08:26
771

Almaniya KİV-ləri Xocalı soyqırımından yazdı: "Tarixin 2 mənası: Xocalı kütləvi qırğını”

Alman türkoloq alim Mixael Raynhard Hes “Tarixin 2 mənası: Xocalı kütləvi qırğını” adlı məqalə yazıb. Məqalə Almaniyanın nüfuzlu “Sueddeutsche Zeitung”, “Tagesspiegel”, “Frankfurter Rundschau” və “Hamburger Abendblatt” qəzetlərinin, “Focus” jurnalının onlayn resurslarında, eləcə də digər Almaniya portallarında dərc olunub.

"İki shail" xəbər verir ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Xocalı şəhərinə etdiyi hücum barədə məlumat verilir. AZƏRTAC-ın məlumatına görə, məqalədə bildirilir ki, Xocalı şəhərində 6000-ə yaxın azərbaycanlı mülki əhali yaşayıb və yaxınlıqda yerləşən hava limanına görə şəhərin yerləşdiyi ərazi ermənilər üçün strateji əhəmiyyət daşıyıb. Şəhərə hücuma keçən erməni silahlılarının sayı 2000-dən artıq olub. Hücumda o zamankı sovet ordusunun ərazidə yerləşən 366-cı alayı da iştirak edib. Sayca və texnika cəhətdən şəhərin azərbaycanlı müdafiəçilərindən xeyli üstün olan ermənilər müqaviməti qırdıqdan sonra mülki əhalini qətlə yetirməyə başlayıb. Hücum nəticəsində 613 azərbaycanlı mülki şəxs qətlə yetirilib. Vurğulanır ki, Xocalıda törədilən bu hadisə qurbanların sayına görə İkinci Dünya Müharibəsindən sonrakı dövrdə Srebrenitsadan sonra Avropada baş vermiş ikinci ən dəhşətli soyqırımı aktıdır.

Məqalədə bildirilir ki, erməni tərəfi sonrakı illərdə həmin ərazidə “mühüm hərbi birləşmələrin yerləşməsi” bəhanəsi ilə öz cinayətlərinə bəraət qazandırmağa və onu ört-basdır etməyə çalışıb. Müəllif yazır ki, Ermənistanın o zaman müdafiə naziri və sabiq prezidenti olmuş S.Sarkisyan Xocalıya dair etiraf edərək deyib: “Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin onlarla zarafat etdiklərini, onların mülki əhaliyə qarşı əl qaldıra biləcək insanlar olmadığını düşünürdülər. Biz bu stereotipi qıra bildik. Və bu baş verdi”.

Həmçinin 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımı törətmiş Stepan Şaumyan barədə də bəhs olunur. Onun da məqsədli şəkildə çoxsaylı azərbaycanlı mülki əhalini qətlə yetirdiyi vurğulanır.

Məqalədə Xocalı faciəsi nəticəsində həyatını itirmiş və hazırda Bakıdakı Şəhidlər xiyabanında dəfn olunmuş 3 yaşlı Gülmirә Murad qızı Mehdiyeva barədə də məlumat verilir və onun məzarının şəkli məqaləyə əlavə olunub. Onun Xocalıya hücum nəticəsində həlak olan yeganə uşaq olmadığı vurğulanır.