28 fevral 2021 00:33
1261

Cavid Şahverdiyev: Şəhid ailələri, müharibə veteranları və qazilər qayğı ilə əhatə olunub

Şəhid ailələrinə, müharibə veteranlarına, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir.

Bunu “İki sahil”ə açıqlamasında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev dedi.

O qeyd etdi ki, Prezidenti İlham Əliyev bu təbəqədən olan hər bir şəxsə diqqət və qayğısını heç zaman əsirgəməyib: “Onlar mənzillə, avtomobillə təmin edilirlər, daxildə və xaricdə pulsuz müalicə alırlar, həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 000 manat birdəfəlik sığorta ödənişi verilir, səfərbərlik tərəfindən yas mərasiminin təşkili üçün həlak olan şəxsin valideynlərinə 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi, aylıq olaraq şəhid ailəsinə 300 manat Prezidentinin təqaüdü verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması və s. bu kimi şəhid ailəsinə, müharibə iştirakçılarına, qazilərə dövlət qayğısının bariz nümunəsidir”.

QHT sədri bildirdi ki, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müxtəlif bədən həsarəti alan əlillərə də dövlət lazım olan hər bir qayğı və diqqəti göstərməkdədir: “Əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun birdəfəli 8 800, 6 600 və 4 400 manat sığorta ödənişi həyata keçirilir, əlillik dərəcəsinə uyğun 250, 230 və 210 manat məbləğində, I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində Prezidentinin təqaüdü ödənilir, əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ olmadıqda II dərəcə əlilliyi olan 130, III dərəcə əlilliyi olan 110 manat məbləğində müavinət ayrılır, əlilliyi müəyyən edilmiş şəxslərə tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilir, əlil arabası daxil olmaqla reabilitasiya vasitələri, protez-ortopedik vasitələr, yüksək texnologiyalı protezlər, bərpa mərkəzlərində mütəmadi reabilitasiya kursu keçirlər”.

Cavid Şahverdiyev dedi ki, şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə dövlət qayğısı 1997-ci ildən göstərilir: “Hələ 1997-ci ildən başlayaraq ölkənin şəhər və rayon mərkəzlərində çoxmərtəbəli yaşayış binaları, kənd yerlərində isə fərdi yaşayış evləri inşa olunaraq mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri, həmçinin 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin istifadəsinə verilib.

Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələri, müharibədə əlil olanlar, qazilərimizə heç vaxt dövlətin qayğısından kənar qalmayıb. Dövlətimiz hər zaman şəhid ailələrinə, qazilər, müharibə veteranlarına qayğı göstərib, onların bütün sosial problemləri həll olunub. Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi ilə bağlı 20 proqram dövlət tərəfindən dəstəklənir və maliyyələşdirilir. Eləcə də Qarabağ qazilərinin sosial təminatının gücləndirilməsi ilə bağlı 12 proqram həyata keçirilir. İcra olunan layihələr nəticəsində, həmin kateqoriyadan olan minlərlə insanın sosial vəziyyəti ildən-ilə yaxşılaşır. Həmçinin Heydər Əliyev Fondu da hökumətin bu sahədə gördüyü işlərə mühüm töhfələr verir.

Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur. Fond Qarabağ müharibəsi əlillərinə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, aztəminatlı ailələrə və xüsusi qayğıya ehtiyacı olan kimsəsiz uşaqlara böyük köməklik göstərir. Həmçinin yanvarın 25-də Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb. Belə ki, Sərəncama əsasən, 2021-2025-ci illərdə həmin kateqoriyadan olan şəxslərin (ailələrin) mərhələli şəkildə mənzillə təminatı həyata keçiriləcək. Dövlət dəstəyi ilə yanaşı, artıq yeni formalaşan “YAŞAT” Fondu da şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə xüsusi dəstək nümayiş etdirməkdədir”.