02 mart 2021 15:18
2339

Adil Qarayev: İxtisasım üzrə ölkədə ən yaxşılardan biri olmaq istəyirəm

"Azərbaycan gənclərinin hərb meydanında göstərdiyi qəhrəmanlıq onların vətənpərvərlik hissinin nə dərəcədə yüksək olduğunu sübut edir"

 

Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.

“İki sahil” Azərbaycan gəncliyinin simalarından biri, İqtisad Universitetinin magistrı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Gənclər birliyində Sədr müavini olan Adil Qarayev ilə müsahibəni təqdim edir.

- Söhbətimizə ilk olaraq təqdimatınızla körpü salmaq istərdik...

-Məmnuniyyətlə! Mən, Qarayev Adil 1998-ci ildə Bakı şəhərində anadan olmuşam. 2016-cı ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyini bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində(ADNSU) Management ixtisası BBA Georgia programı üzrə bakalavr təhsili almışam.2020-ci ildə  İqtisad universitetində (UNEC) Heyətin idarə edilməsi ixtisasına qəbul olmuşam. Təhsil aldığım müddət ərzində Riyaziyyat fənn olimpiadalarının qalibi olmuşam. Həmçinin Təhsil Nazirliyi tərəfindən təşkil edilən "Breyn-Rinq" İntellektual yarışı üzrə Respublika 1-cisi (2014), "Əlaçı" televiziya verilişinin qalibi (2015), "MƏN AZƏRBAYCANLIYAM" intellektual yarışmasının 2 qat qalibi olmuşam (2016). Müxtəlif proqramlarda könüllü fəaliyyət göstərmişəm. Asudə vaxtlarımda şahmat oynayıram, dedektiv romanlar oxuyuram, bəzən də futbol oynayıram. Hazırda ictimai əsaslarla Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Gənclər birliyində Sədr müaviniyəm, eyni zamanda, İqtisad Universitetində magistr təhsili alıram.

- Qeyd etdiniz ki,  Yeni Azərbaycan Partiyasının  üzvüsünüz. Bəs, Yeni Azərbaycan Partiyasına inamınızın səbəbi nədir?

- Yeni Azərbaycan Partiyasının  ideologiyası elə məktəb illərindən mənim düşüncələrimlə eynilik təşkil edib. YAP gənclərinin fəaliyyətini hər zaman bəyənmişəm. Ona görə də 18 yaşım tamam olduqdan sonra özüm başqasından məlumat almadan YAP-ın sıralarına qoşuldum. Qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. Yeni Azərbaycan Partiyası Ulu Öndərin rəhbərliyi altında yarandığı ilk gündən bu günlərə qədər gənclərə yüksək önəm verib, gənclərin səsi olub. Xüsusi istetadlı gənclərin fərqli platformalarda təqdim olunmasında YAP Gənclər birliyinin rolu çox yüksəkdir. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi əsas fəaliyyət istiqamətini ölkə Prezidentinin siyasi xəttinə dəstək, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması, ölkə gənclərinin sosial mühitə adaptasiyası, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində quraraq, il ərzində onlarla tədbir keçirir, fərqli mövzularda gəncliyimizə böyük töhfələr verir. Gənclərin maariflənməsi, nitq qabiliyyətlərinin inkişafı, dünyagörüşlərinin artması üçün müxtəlif kurslar, seminarlar və akademiyalar hər il mütəmadi olaraq təşkil edilir.

- Bir gənc olaraq, dövlətimizin həyata keçirdiyi  gənclər siyasəti haqqında fikirləriniz necədir?

- Azərbaycan dövləti gənclərə yüksək önəm verərək, onların inkişafı üçün bütün imkanlardan istifadə edir. Bu, həyata keçirilən dövlət gənclər siyasətində özünü açıq şəkildə göstərir. Ölkə başçımız da daim gənclərə böyük diqqət və qayğı göstərir. Kadr təyinatlarında gəncləşmə meyilləri üstünlük təşkil edir, gənclərimizin yüksək vəzifələrə təyinatı artır. 

-Necə düşünürsünüz, gənclərimiz bu etimadı doğrulda bilirmi?

- Biz gənclər də göstərilmiş etimadı layiqincə doğrultmalıyıq. Fikrimcə, gənclərimiz müxtəlif yerli idarəetmə strukturlarında, yüksək vəzifələrdə məsuliyyətli şəkildə fəaliyyət göstərərək, dövlətimizin inamını doğruldurlar.

-Azərbaycan həqiqətlərinin təbliğində gənclərimizin üzərinə düşən məsuliyyətlə bağlı danışaq. Xüsusilə QAN YADDAŞIMIZIN, 20 Yanvar faciəsinin, Xocalı Soyqırımının dünyaya çatdırılmasında, erməni vəhşiliyinin bütün detallarının beynəlxalq arenaya çıxarmaqda gənclərimizin rolu nə dərəcə önəmlidir?

- Azərbaycan həqiqətlərinin təbliğində üzərimizə düşən məsuliyyəti dərk edirik. Müasir tələblər informasiya müharibəsinin sosial şəbəkələrdə, müxtəlif platformalarda getməsini zəruri edir. Hadisələri obyektiv şəkildə dünyaya çatdırmağın digər yolu isə elmi məqalələrin yazılması, fərqli ölkələrdə çap olunub insanlara çatdırılmasıdır. Bu mövzuda da Azərbaycan gəncləri öz məsuliyyətini dərk edərək, üzərinə düşün işi yuksək səviyyədə görməyə çalışır. Həmçinin, “Xocalıya Ədalət” (Justice For KHOJALY) kampaniyası çərçivəsində dövlətimiz və gənclərimiz müxtəlif ölkələrdə həqiqətlərin çatdırılması üçün əllərindən gələni əsirgəmirlər.

- Gəncliyimizin  ötən il göstərdiyi fədakarlıq, şücaət haqqında nə deyə bilərsiniz?

-Azərbaycan dövləti ölkə gənclərinə hərtərəfli qayğı və diqqət göstərdiyi kimi,gənclərimiz də dövlətin etimadını hər addımda doğrultmaq üçün əllərindən gələni əsirgəmirlər. Pandemiya bütün dünya ölkələri kimi ölkəmizdən də yan keçməmişdir. Əhaliyə və iqtisadiyyatımıza həm maddi, həm də mənəvi cəhətdən ziyan vurdu. O cümlədən də gənclərimizə. Lakin bu periodda gənclərimiz müxtəlif könüllülük proqramlarında fəal iştirak edərək insanlara, xüsusilə də ahıllara göstərilən yardımlarda ön sıralarda oldular. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda yetişib. Danılmaz bir həqiqətdir ki, gənclərimiz Vətənə olan sevgi, hörmət hislərinə görə sözün yaxşı mənasında dünyada seçilirlər. Xarici ölkələrdə, fərqli arenalarda bayrağımızı zirvələrə daşımaq üçün əllərindən gələni edirlər. Azərbaycan gənclərinin hərb meydanında göstərdiyi qəhrəmanlıq onların vətənpərvərlik hissinin nə dərəcədə yüksək olduğunu sübut edir. Prezidentimizin qeyd etdiyi kimi, qələbəmizdə gənclərimizin böyük rolu oldu. Əsgərlərimizin, şəhid və qazilərimizin böyük əksəriyyəti gənclərdir. Onların şücaəti, vətənpərvərliyi, ordumuzun yüksək doyüş qabiliyyəti nəticəsində bu gün xalqımız İkinci Qarabağ müharibəsindən başı uca, qalib tərəf kimi ayrılmışdır.

- Uğur qazanmaq üçün nə lazımdır?

- Fikrimcə, əvvəlcə insan mütləq bir şəkildə qarşısına məqsəd qoymalıdır. Necə deyərlər nə istədiyini bilməlidir Sonra isə o məqsədə gedən yolda özünə qaydalar çərçivəsi müəyyənləşdirməli və o çərçivədən kənara çıxmamalıdır. Bunlara əməl etdikdən sonra uğur özü insanı qovalayır.

- Bu gün gənclərimizin  təhsilə göstərdiyi diqqət sizi qane edirmi?

- Bu gün  gənclərimizin  təhsilə verdiyi dəyər, diqqət yaxın keçmişə nəzərən daha yüksəkdir ve bunun davam etməsi ürəkaçan bir mənzərədir. Artıq hər kəs daha artığını öyrənməyə can atır,təhsil seminarlarında iştirak edənlərin sayı artır, kitab mağazalarındakı kitablar əvvəlkinə nisbətən daha çox satılır. Bu göstəricilər gənclərimizin təhsilə olan marağının artdığını göstərir.

- Gələcəklə bağlı planlarınız nədir?

-Yaxın gələcəklə bağlı olan planlarımda magistr təhsilimi yüksək səviyyədə bitirmək var. Sonra isə öz ixtisasımda peşəkar olmaq üçün fərdi inkişafa vaxt ayırmağı düşünürəm. İxtisasım üzrə ölkədə ən yaxşılardan biri olmaq istəyirəm.

-Sonda, müsahibəmizi gənclərimizə çağırışınızla yekunlaşdırmaq istərdik…

- Bəzi məqamlarda gənclərimiz təhsilə və özünü inkişaf etdirməyə yönəlmir, əldə olan imkanlarla kifayətlənir. Potensial olaraq çox yüksəklərdə olan gənclərimizin mövcud imkanlarından istifadə etməmələri bir az narahatlıq yaradan məqamlardandır.  Azərbaycan gəncliyinə tövsiyəm odur ki, bacardıqları qədər yüksək təhsil alsınlar. Ulu Öndərimizin də söylədiyi kimi, təhsil millətin gələcəyidir, xalqımızın gələcəyi gənclərin əlindədir.  İşıqlı gələcək savadsız, təhsilsiz mümkün deyil. Hər bir vətəndaş kimi, mən də ölkə gənclərinin yüksək intellektual səviyyəsi olan, təhsilli və uğurları ilə seçilən gənclər olmasını arzu edirəm. İstərdim ki, dünya alimləri, irimiqyaslı araşdırma rəhbərləri sırasında barmaqla sayılası qədər az təmsilçimiz olmasın.

Yaqut Ağaşahqızı, “İki sahil”