2021-ci ilin yanvar ayında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,9 milyard manat təşkil etib.
Bu barədə "İki sahil"ə Bakı şəhər Statistika İdarəsindən bildirilib.
Məlumata görə, sənaye məhsulunun 78,7 faizi mədənçıxarma, 18,4 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 85,4 faiz olunub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,7 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2021-ci il vəziyyətinə 375,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 80,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Ay ərzində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 57 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,2 faizini əsaslı təmir, 6,9 faizini cari təmir, 28,9 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 92,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Yanvar ayında paytaxtın ticarət dövriyyəsinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalaraq 1 milyard 757,4 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 3,8 faiz artaraq 882,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5 faiz azalaraq 875 milyon manata bərabər olub. İstehlak məhsullarının 33,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 55,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
2021-ci ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 72,4 faiz azalaraq 20,2 milyon manat olub. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz azalaraq 16,3 milyon manat olub.
Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 35,6 faiz azalaraq 306,4 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 203,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 66,5 faizini təşkil edib.
Bakıda çalışanların orta aylıq əməkhaqqına gəlincə, 2020-ci ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqları 2019-cu ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 927,2 manat təşkil edib.