02 mart 2021 17:53
1014

Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur

İkisahil TV-nin bugünkü müsahibi Milli Məclisin deputatı Vüqar Bayramovdur

- Vüqar müəllim, regionun gələcəyi baxımından mühüm faktor olan kommunikasiyaların açılması Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini nə dərəcədə gücləndirəcək?

- Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də regionda tamamilə yeni bir reallıq yaratdı. 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli Bəyanatın reallaşdırılması regionun gələcəyi üçün perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Ümumiyyətlə, üçtərəfli Bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan prioritetləri özündə ehtiva edir. İmzalanmış sənədə əsasən, regionda həm vaxtilə mövcud olan, həm də yeni kommunikasiya və nəqliyyat əlaqələrinin bərpasına və yaradılmasına başlanılır. Nəticədə yaxın gələcəkdə Azərbaycanla onun ayrılmaz tərkib hissəsi olan  Naxçıvanı, daha sonra Türkiyəni birləşdirəcək yol inşa ediləcək. Bu yol Azərbaycanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq. Digər tərəfdən, Azərbaycan ərazisindən keçməklə Ermənistanla Rusiyanı əlaqələndirəcək yol salınacaqdır. Bütün bunlar  Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə, beynəlxalq nüfuzunun güclənməsinə və bölgədə yeni yaranacaq geosiyasi və geoiqtisadi müstəvidə əhəmiyyətinin artmasına gətirib çıxaracaq.

- Azərbaycan regionda yalnız tranzit ölkə kimi yox, eyni zamanda, bir sıra nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Nəqliyyat dəhlizləri region ölkələrinin iqtisadiyyatına necə təsir edəcək?

- Bütün tarixi dövrlərdə yollar xalqların iqtisadi, siyasi və mədəni əlaqələrində mühüm rol oynayıb. Birqütblü dünya sisteminin formalaşdığı, qloballaşma və inteqrasiya proseslərinin dərinləşdiyi müasir şəraitdə Bakı-Naxçıvan-Qars nəqliyyat dəhlizinin regionda mühüm geostrateji zonaya çevrilməsi bu gün aktual məsələlərdən birini təşkil edir. Bakı-Naxçıvan-Qars dəhlizinin bərpası ilə ilk növbədə regionda nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı yaradılacaq, yeni yaradılan nəqliyyat-kommunikasiya sistemi Türkiyə ilə Azərbaycan arasında əlaqələri möhkəmləndirməklə Avropa - Asiya arasında beynəlxalq yükdaşımaların həcminin artmasına imkan verəcək.

Azərbaycanın coğrafi mövqeyi və burada qurduğu nəqliyyat infrastukturu bu gün həm Qərbdə, həm də Asiyada xüsusi diqqətlə izlənilir. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir.

Bakı-Naxçıvan-Qars nəqliyyat dəhlizinin bərpa edilməsi sivilizasiyanın yeni inkişaf səviyyəsinə çatmasına, region əhalisinin həyat səviyyəsində tarixən yaranmış və artmaqda olan fərqlərin, həmçinin ümumbəşəri amil hesab edilən yoxsulluğun aradan qaldırılmasına imkan verəcək. 2030-cu ilədək dünyada enerji daşıyıcılarının istehlak həcminin 47% artması nəzərə alınsa, yeni nəqliyyat dəhlizi Xəzər regionunun Qərblə sabit və dayanıqlı nəqliyyat marşrutu əldə etməsinə şərait yaradacaq. İqtisadi inteqrasiya prosesləri inkişaf edəcək, beynəlxalq əmək bölgüsü dərinləşəcək, dünya ölkələri arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq.

Bu baxımdan region ölkələrinin hər biri bu dəhlizdən istifadə etməklə üstünlük əldə edəcək. Bu dəhliz ilk növbədə Şərqlə Qərbin qovşağında əlverişli coğrafi mövqedə yerləşən, türk-İslam dünyasına bir qapı hesab edilən qədim Naxçıvan diyarının inkişafına birmənalı müsbət təsir göstərəcək. Əhalisi 300 mindən artıq olan Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin bərpa edilməsi həm məsafə, həm də yüklərin nəqletmə müddətinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən uzunluğu baxımından 1,7 dəfə, təxminən 343 kilometr az olan bu dəhliz yükdaşımalara çəkilən xərcləri azaldacaq və Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayacaq. Qeyd etmək lazımdır ki, yalnız Asiya nəqliyyat bazarının illik həcmi 200 milyard dollar, Avropa və Asiya arasında ticarət dövriyyəsi isə 2 trilyon dollar təşkil edir ki, bunun da 200 milyon dolları nəqliyyat xərclərinin payına düşür. Dünya Bankının son hesabatlarına əsasən, hazırda məhsulun ilkin qiymətində nəqliyyat xərcinin xüsusi çəkisi inkişaf etmiş ölkələrdə 5%, inkişaf etməkdə olan ölkələrdə 4,25%, bütün dünyada isə orta hesabla 4,8% təşkil edir. Deməli, nəticə etibarıilə istehlak bazarına məhsulların çatdırılması ilə əlaqədar nəqliyyat xərclərinin azaldılması rəqabət üstünlüyü vəd etməklə bərabər, milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına səbəb olacaq.

- Yeni yaradılacaq nəqliyyat-kommunikasiya sisteminin beynəlxalq yükdaşımaların həcminin artmasında nə kimi rolu olacaq?

- Yeni yaradılan nəqliyyat-kommunikasiya sistemi Türkiyə ilə Azərbaycan arasında əlaqələri möhkəmləndirməklə Avropa və Asiya arasında beynəlxalq yükdaşımaların həcminin artmasına imkan verəcək. Qardaş Türkiyənin Şərqi Anadolu bölgəsi əsas olmaqla iki ölkə arasında ticarət əlaqələri daha da genişlənəcək. Bakı-Tbilisi-Qars dəmir yoluna nisbətən daha ucuz və optimal hesab edilməklə turizm sənayesinin inkişafının təkanverici komponentinə çevriləcək. Türkiyənin şərq vilayətlərinin enerji təhlükəsizliyi təmin ediləcək. Eyni zamanda, Bakı-Naxçıvan-Qars dəhlizinin istifadəyə verilməsi ilə Ermənistanın Orta Asiya, Çin və Yaxın Şərqə çıxışı üçün geniş imkanlar yaranacaq. Dəmir və avtomobil yollarından istifadəni nəzərdə tutan, hüquqi-iqtisadi baxımdan çox əlverişli hesab edilən, ikinci İpək Yolu adlandırılan Bakı-Naxçıvan-Qars dəhlizinin istifadəyə verilməsi bütün regional və beynəlxalq iqtisadi lahiyələrdən kənarda qalan Ermənistan üçün ən optimal nəqliyyat marşrutu hesab edilməklə bu ölkənin region ölkələri ilə inteqrasiya əlaqələrinin qurulmasında əsaslı rol oynayacaq.

- Azərbaycan Prezidentinin imzaladığı Sərəncamla 2030-ci ilədək ölkəmizin sosial-iqtisadi inkişafı üzrə Milli Prioritetlər təsdiq edildi. Bu barədə nə deyərdiniz?

- Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiq edilməsi işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanaraq iqtisadi inkişafa təkan verməsidir. Aydındır ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Diqqəti çəkən əsas məqamlardan biri iqtisadi inkişafda inklüzivlik və innovativliyin daha da önə çəkilməsidir. Sadə dildə desək, inklüziv inkişaf dəyərin yaradılmasında və bölüşdürülməsində bütün cəmiyyətin daha yaxından iştirak etməsi və gələcək nəsillər üçün dəyər bir hissəsinin qorunub saxlanılmasıdır. Digər tərəfdən, müasir çağırışlara uyğun olaraq ümumi dəyərdə innovativ payın daha artırılmasına nail olmaq əsas hədəflərdəndir. Əsas məqamlardan biri də qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin olunmasıdır. Növbəti dövr eyni zamanda, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və yeni quruculuq dövrü kimi də yadda qalacaq. Yeni Milli Prioritetlər ölkəmiz üçün xeyirli və düşərli olsun!

Şəmsiyyə Əliqızı, «İki sahil»