02 mart 2021 21:06
893

XALQIN MEHRİBANI

Xoşbəxt o insanlardır ki, onlara verilən ömrü təkcə özləri, ailələri, yaxınları üçün yaşamırlar. Ömürlərini mənsub olduqları Vətənin, xalqın, xoş gələcəyinə həsr edə bilirlər. Bu insanlar tutduqları vəzifəyə görə deyil, etdikləri əməllərə görə tanınır, sevilirlər. Ən yüsək vəzifəni, ən uca məqamı xalqa xidmətdə görürlər. Bir evin, bir ailənin övladı olmaqdan çıxıb, bütöv bir millətin övladı ola bilirlər. Azərbayacanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyeva kimi.

Ürfan fəlsəfəsinə görə, hər bir insanın adı, ömrü, taleyi hələ ana bətnində olarkən ona verilir. İnsanın yaşadığı ömür, keçirdiyi həyat tərzi adının məzmununu ifadə edir. Özünə sədaqət, adına sədaqət, tutduğu məqama hörmət etmək bacarığı böyük hikmətdir. Bu hisslərə sahiblənmək, elin hörmətini, etimadını qazanmaq, qoruyub saxlamaq üçün də gərək Tanrı səni sevə. Zirvəyə yüksəlmək üçün təkcə Allahın sevimlisi olmaq azdır, gərək həm də özün sevməyi bacarasan. Ətrafındakıları, xalqını, dövlətini, üstündə gəzdiyin ana torpağı, bizi əhatə edən bu dünyanı sevə biləsən gərək.

Bəli, insan üçün ən böyük sərvət mənsub olduğu xalqın hörmətini, inamını, sevgisini qazanmaqdır. İnsanların qəlbində ucalan sarayı heç kimsə dağıda, yıxa bilməz. Mehriban xanım Əliyeva da xeyirxah əməlləri ilə insanların qəlbində özünə məskən salmağı bacaran, dünyada xeyir mələyi kimi tanınan və ölkəsini tanıdan bir qadın lider, bir millət anası olmağı bacardı. O, siyasətə əxlaq gətirməyi, ən yüksək mənəvi əxlaqi dəyərlərə sahib olan siyasətçi olduğunu əməli ilə göstərə bildi. O, öz hərəkətləri, mərhəmət hissi, qayğısı, diqqəti ilə insanlığın ən yüksək zirvəsinə ucala bildı. Onun siyasəti insanlara xeyirxahlıq etmək oldu.

Heydər Əliyev Fondunu yaratmaqla və ona uğurla rəhbərlik etməklə Ulu Öndərin müəyyən etmiş olduğu yolla getməyə üstünlük verən birinci xanım bu millətin istiqbalının elmdə, təhsildə, bilikdə olduğunu, millətin yüksəliş yoluna məhz bu rakusdan işıq salmağın mümkünlüyünü yaxşı bildiyi üçün ölkəmizdə ilkin olaraq məktəb və məktəbəqədər uşaq müəssisələrinin tikintisinə daha çox önəm veməyi üstün tutdu. Məhz Mehriban xanımın təşəbbüsü və təşkilatçılığı ilə Azərbayacanın ucqar kəndlərində belə çoxsaylı yeni məktəblər tikilmiş, yaxud da əsaslı şəkildə təmir olunaraq, hər cür zəruri avadanlıqlarla, müasir idman qurğuları, trenajor zalları və tədris vasitələri ilə təmin olunaraq məktəblilərimizin ixtiyarına verilmişdir. Yeni idman meydançaları, uşaq, ailə sağlamlıq mərkəzləri tikilərək vətəndaşların xidmətinə verilib.

Ötən illər ərzində Heydər Əliyev Fondu və Mehriban xanım Əliyevanın fəaliyyətinin daha bir prioritet istiqaməti xəstəxana və poliklinikaların tikilməsi, təmirə ehtiyacı olanların yenidən bərpası, yeni sağlamlıq mərkəzlərinin açılması olmuşdur. Heç kimə sirr deyil ki, Mehriban xanımın qayğısı nəticəsində Bakı şəhərində, respublikanın digər rayon və şəhərlərində tikilib istifadəyə verilən müasir və baxımlı arxitektura nümunəsi olan tibb müəssisələri əhaliyə xidmət göstərir. Bu gün Azərbayacanın ən ucqar rayonunun vətəndaşının belə müayinə və müalicə üçün Bakıya gəlməsinə lüzum yoxdur. Hər bir vətəndaşımız yaşadığı rayondaca diaqnostika olunub, yüksək səviyyədə müalicə ala bilir. Savadlı tibbi kadrların yetişdirilməsi, bu kateqoriyadan olan gənclərin xaricdə təhsil almaları üçün hər cür qayğı və diqqət göstərilir, tədris xərcləri ödənilir.

Alman şairi Henrix Heyne yazırdı: “Millətlərin adətləri müxtəlifdir, amma yaxşılıq hər yerdə eynidir”. Çin filosofu Konfutsi insanları xarakterizə edərkən “Ən yaxşı insan fərq qoymadan həmişə yaxşılıq edəndir”, - deyirdi. Mehriban xanımın xeyirxah əməllərinin coğrafiyası çox genişdir. Onun  təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən xeyriyyə tədbirləri artıq şoxdan sərhədləri aşaraq dünyanın bir çox ölkələrinin reallığına çevirib. 2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmayıb. Məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilib. 2008-ci ilin fevralında isə Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunub. Azərbaycanın Birinci xanımının təşəbbüsü ilə Rusiyada, Gürcüstanda, Misirdə yeni məktəb binaları tikilərək istifadəyə verilib.

UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri, xoş niyyətli Mehriban xanımın şəxsi fəaliyyəti və təşəbbüsü nəticəsində Azərbaycan mədəniyyəti və incəsənəti, onun ən layiqli nümayəndələri artıq neçə illərdir ki, dünyaya geniş planda tanıdılır, təqdim olunur. Qədim və şərəfli tariximizin yadigarı olan tarixi abidələrimizin bərpa olunub gələcək nəsillərə ötürülməsi üçün əhatəli işlər aparılır. Xalqımızın min illik tarixi abidələrinin tədqiqi, arxeoloji qazıntıların aparılması üçün xüsusi diqqət göstərilir. Min illərdir tarixin süzgəcindən süzülüb gəlmiş, diqqətdən kənarda qalmış adət ənənələrimizə, musiqi mədəniyyətimizə yenidən həyat verilir. Belə bir deyim var: «Əməlini göstər, kim olduğunu deyim». Onun müdrik və məqsədyönlü fəaliyyəti nəticəsində xoşniyyətli xalqımız dünyaya geniş planda təqdim oluna bilib. Mehriban xanım xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir. Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycanın Orta əsr əlyazmalarının bərpa olunmasına kömək edib. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək verib.

Heydər Əliyev Fondu artıq neçə illərdir ki, ermənilər tərəfindən xalqımızın başına gətirilən faciələrin dünya xalqlarına çatdırılması istiqamətində davamlı və əhatəli iş aparır. Məsələn, erməni vandalizminin mahiyyətinin əyanı sübutu olan 20-ci əsrin ən qəddar faciəsi olan Xocalı qətliamı hər il Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünyanın əksər ölkələrində qeyd edilməkdədir. Mehriban xanımın birbaşa təşəbbüsü və dəstəyi ilə keçirilən bu tədbirlərdə yaradıcı insanların, rəssamların, sənət adamlarının Xocalı faciəsindən bəhs edən əl işlərindən ibarət sərgilər təşkil olunur. Fotaşəkillər və sənədli filmlər nümayiş etdirilərək insanlara bu faciə barədə dəqiq bilgi verilir. Bunun nəticəsidir ki, artıq dünyanın bir çox ölkəsi 20-ci əsrin ən dəhşətli, qanlı faciəsi olan Xocalı qətliamını soyqırım kimi tanıyıb. Bu, insanları öz çürük ideyaları ilə zəhərləyən erməni lobbisi üzərində parlaq qələbənin sübutudur. Biz bütün bunların nəticəsini döyüş meydanında rəşadətli Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin qəhrəmanlıqlar göstərdiyi zaman bir daha hiss etdik. 44 günlük Vətən müharibəsi zamanı dünyanın ən nəhəng dini mərkəzi olan Vatikanın Qarabağ probleminin həllində  obyektivliyin tərəfdarı olduğunu ifadə etməsi, neytrallığını qoruyub saxlaması, İtaliya kimi nəhəng bir dövlətin öz dostluğunu ifadə edərək xalqımızın, dövlətimizin yanında olması Mehriban xanımın əhatəli və dəqiq hesablanaraq gördüyü işlərin məntiqi nəticəsi kimi qəbul edilməlidir. Vətən müharibəsi zamanı  dost ölkə Pakistanın hər an isti nəfəsini duyduq. Budur, siyasi uzaqgörənlik. Budur, hay-küysüz xalq, millət sevgisi. Öz xalqının, dövlətinin yolunda özünü sakit, səssizcə fəda etmək qüdrəti.

Arxasıza dayaq olmaqdan, kimsəsizə kömək etməkdən, imkansıza əl tutmaqdan daha artıq savab nə ola bilər?! Etiraf edək ki, Mehriban xanım bu gün ölkəmizdə ehtiyacı olan hər bir vətəndaşın ümid yeri, uman yeri, güman yeridir. İnsanlar gözəl bilirlər ki, çətinliyə düşənin, köməyə ehtiyacı olanın, bir sözlə, hər kəsin üz tutmağa bir ünvanı var. Ona mehribanlıq göstərəcək, dərdinə dərman olacaq bir doğması var. Göz yaşını silib, ürəyini oxşayacaq bir həmdəmi var. Ona üz tutanların nə zamansa naümid, peşman olduğunu düşünmək belə ədalətsizlik olar. Bu günədək bəlkə də, minlərlə insan məhz onun qayğısı sayəsində müalicə alaraq sağlamlığına qovuşub. Onun Vətən yolunda canlarını fəda etmiş şəhidlərin ailələrinə göstərdiyi qayğı və fədakarlıq sözlə ifadə olunmayacaq dərəcədə böyükdür. Qazilərimiz üçün ən son texnologiya ilə hazırlanan protezlər, yaradılan reabilitasiya mərkəzləri, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən evlər, edilən yardımlar görülən işlərin gözlə görünüb, sözlə ifadə edə biləcəyimiz az bir qismidir. Bir sözlə, insanlarımızın dara düşüb, köməyə ehtiyac duyduğu hər yerdə Mehriban xanım var, onun köməyi və şəfqəti var.

Dünya COVID-19 bəlası ilə üz-üzə qalanda da Mehriban xanımın xalqla bir olduğuna,  sosial qayğıya ehtiyacı olan təbəqənin yanında olduğuna şahidlik etdik. Bu çətin günlərdə Heydər Əliyev Fondu əhalinin ehtiyacı olan təbəqələrinə sovqat göndərib, yardımlar etdi. Artıq neçə illərdir ki, Qurban, Ramazan, Novruz bayramlarında aztəminatlı ailələri bayram sovqatları ilə sevindirmək ənənə halını alıb. Özü də Heydər Əliyev Fondu bu cür  humanist tədbirləri təkcə ölkəmizdə deyil, Pakistanda, Somalidə və digər ölkələrdə də həyata keçirməkdədir.

Milli adət-ənənələrə hörmət, milli mənəvi dəyərləri uca tutmaq, dini normalara həssasiyyəti baxımından da Mehriban xanımın bir nümunə, bir örnək olduğu inkarolunmazdır. Onun müqəddəs ziyarətgahlara səfərləri, işğaldan azad olunmuş torpaqlarda ilk olaraq məscidlərimizi,milli mənəvi baxımdan xüsusi rolu olan Xüdafərin körpüsünü ziyarət etməsi, Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olması, tarixi-mədəni yadigarların öyrənilməsi, konservasiyası və bərpası işinə dəstək verməsi insanlar tərəfindən son dərəcə yüksək dəyərləndirilməkdədir.

Tanrı insanları sevəndə, insan Allaha layiqli bəndə olanda Ulu Yaradan da onun mükafatını əsirgəmir. İnsan nəinki bəndənin, Allahın da sevimlisi ola bilir. Biz qürurla deyə bilərik ki, xalq olaraq Allahın sevimlisiyik. Seçimimizdə yanılmadığımıza, ədalətdə sapmadığımıza, mərifətdə qüsur etmədiyimizə, zəhməti itirmədiyimizə görə. Bütün bunlara görə Tanri bizi mükafatlandırdı. Tariximizə Vətən müharibəsi kimi düşən İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində 30 il işğal altında saxlanılan torpaqlarımız azad olundu. Bununla da xalqımızın xalqlar arasında, dövlətimizin dövlətlər arasında, ordumuzun ordular arasında, Prezidentimizin, Ali Baş Komandanımızın dünyanın hərbi-siyasi liderləri sırasında reytinqi göylərə qalxmış oldu.

İnsan dünyaya bir dəfə gəlir. Həyat da birtərəfli yol kimidir. Geriyə dönüş yoxdur. Gərək sənə verilən ömrü elə yaşayasan, elə ömür sürəsən ki, keçdiyin yola dönüb geri baxanda peşman olmayasan. Özün qalmasan da, izin qala. Nə mutlu ki, arxanca gələnlər, şüurlu həyatını bütünlüklə xalqına və dövlətinə həsr edənlər, bu yolu bir də keçmək istəyənlər xalqının qəlbində əbədi olaraq öz abidəsini ucaltmış bir insanın keçdiyini bilmiş olsun. Böyük Mövlanənin dediyi kimi “Mələklər də baxıb insan olmadığına təəssüflənsin”, xalqımızın əzizi, sevimlisi və mehribanı olan Mehriban xanım Əliyeva kimi əşrəf İnsan olsun!

Qafar Cəbiyev, 
tarix elmləri doktoru, professor, Əməkdar jurnalist

Elşən Qəni, 
publisist