03 mart 2021 01:00
980

Azərbaycan yalnız deyil

Ölkə başçısı İlham Əliyev dünyanın 35 –dən artıq media nümayəndəsinin 50-yə yaxın sualını 4 saat ərzində və bir neçə dildə cavablandırdı. Bölgədə baş verən ən son vəziyyətlə, o cümlədən işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək beynəlxalq layihələrlə bağlı olduqca mühüm əhəmiyyət kəsb edən açıqlamalar verən, həmçinin müəyyən mesajlar ötürən İlham Əliyev, bir dünya rekorduna imza atdı. Ölkə başçısı çıxışında Azərbaycan-Türkiyə münasibətlərinə, iki qardaş ölkə arasındakı əlaqələrə, eləcə də Türkiyənin bölgədəki roluna çox böyük yer ayırdı və bir sıra diqqət çəkən məqamlara toxundu.

Öncəliklə qeyd etmək lazımdır ki, artıq, Türkiyə regionda söz sahibinə çevrilib və Dağlıq Qarabağda yaradılan Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi bunu sübuta yetirir.

Məlum olduğu kimi bu Mərkəz bölgədə təhlükəsizliyə nəzarət edir. Onun fəaliyyəti isə 10 noyabr bəyanatı ilə tənzimlənir. Hələ noyabr ayının 10-da xalqa müraciətində Prezident İlham Əliyev bildirmişdi ki, qardaş Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində mühüm rol oynayacaq. Bu gün işğaldan azad edilən Ağdamda yaradılan Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi ölkə rəhbərinin verdiyi sözə əməl etməsinin və qətiyyətinin bariz nümunəsidir. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması, həm də Azərbaycanın siyasi iradəsinin növbəti təzahürü və dövlətimizin başçısının düşünülmüş, qətiyyətli və prinsipial siyasətinin məntiqi nəticəsi kimi də dəyərləndirilə bilər. Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi bizə həm də qardaş ölkənin haqq işimizi necə dəstəklədiyini bir daha göstərdi. Əlbəttə ki, bu dəstək hər iki dövlət arasındakı əlaqə milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Başqa cür ola da bilməz, çünki bu qardaşlığa ən böyük töhfəni türk dünyasının Ulu öndəri Mustafa Kamal Atatürk, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli lider Heydər Əliyev isə "Bir millət iki dövlət” ifadələri ilə veriblər. Elə bu qardaşlığın nəticəsi idi ki, Türkiyə 44 günlük Vətən müharibəsinin ilk günlərindən Azərbaycana siyasi-mənəvi dəstək nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğan və digər yüksək səviyyəli dövlət xadimləri haqq işimizi dəstəkləyərək, “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır”, kimi ifadələr səsləndirdilər. Bu ifadələr haqq işimizə problem yaratmaq istəyənlərə “siz kənarda dayanın, qarışmayın” mesajı oldu.

Türkiyə bu gün nəinki regionda, o cümlədən bütün dünyada əsas güc mərkəzi kimi tanınır. Dünyanın aparıcı dövlətləri qardaş ölkə ilə hesablaşmaq məcburiyyətində qalırlar. Nə qədər ki, Türkiyə bölgədə mövcuddur və dünyada əsas güc mərkəzi kimi mövqeyini qoruya bilir, bu, Azərbaycanın da maraqlarına xidmət edir. Çünki qardaş Türkiyənin maraqları Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsindən keçir.

Eyubova İnarə Ədalət qızı

Xəzər Gənclər evinin direktoru