10 avqust 2019 14:46
345

2019-cu il Azərbaycan tarixinə sosial sahədə inqilabi islahatlar ili kimi düşəcək

Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısının iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, son bir il ərzində Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən iki böyük sosial paket vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərib. Bu ilin əvvəlində təsdiqlənən böyük sosial paket 4 milyondan çox insanı əhatə edir. Burada birinci və ikinci dəfə 40 faiz olmaqla minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Minimum əməkhaqqı da təxminən 2 dəfə artırılıb, 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Eyni zamanda, problemli kreditlərlə bağlı olan məsələ də öz həllini tapıb. Həmçinin 300 mindən çox əlilliyi olan şəxslərin, 500 minə qədər məcburi köçkünün, 100 mindən çox tələbə və gəncin, ümumilikdə 1,3 milyon insanımızın gəlirləri də çox əhəmiyyətli şəkildə artırılıb. İlk sosial paket 3 milyon insanı əhatə etməklə illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paket isə sentyabr ayından icra olunacaq və bu da 1 milyondan çox insanı əhatə edəcək. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Əlbəttə ki, davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək.

2019-cu ilin Azərbaycan tarixinə sosial sahədə inqilabi islahatlar ili kimi düşəcəyini deyən Bəhruz Quliyev əlavə edib ki, Azərbaycanda minimum əməkhaqqının iki dəfə, minimum pensiyanın 72 faizlik artımı nəticəsində ölkəmiz bu göstəricilər ilə MDB-də 1-ci və 2-ci yerlərdə qərarlaşır.

Siyasi ekspert vurğulayıb ki, əməkhaqqı və pensiyaların, tələbə təqaüdlərinin, məcburi köçkün və qaçqınlar, aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəşt və müavinətlərin artırılması, problemli kreditlərlə, çoxmənzilli binaların qeydiyyata alınması ilə bağlı göstərişlərin verilməsi ölkə vətəndaşlarının sosial müdafiəsinin təminatı istiqamətində aparılan siyasətin nəticələridir.

“Danılmaz faktdır ki, bu gün Azərbaycanda həyata keçirilən sosial-siyasi və hüquqi islahatlar əslində Prezident İlham Əliyevin inkişaf konsepsiyasının tərkib hissəsidir. Bu səbəbdən də Prezident İlham Əliyev hər zaman xalqının yanında olub, xalqdan güc alıb, xalq da onu dəstəkləyib. Azərbaycanda xalq-iqtidar birliyinin sarsılmazlığının əsasında da məhz bu faktor dayanır”, - deyə B.Quliyev vurğulayıb.