KÖŞƏ

Qvami Məhəbbətoğlu

Rüstəm İbrahimbəyov millətini aşağılamaqla yenə “Oskar” almaq fikrinə düşüb?

24 may 2018 23:17
16849

Rejissorları Eldar Şenqelaya və Fuad İbrahimbəyov olan “Qafqaz üçlüyü” filminin qəhrəmanları erməni, azərbaycanlı və gürcüdür. Çöx təəssüf ki, həmin filmdə azərbaycanlı qorxaq, eyni zamanda vəhşi, erməni isə cəsur kimi göstərilir. Onları belə göstərən, daha doğrusu, ssenari halına gətirən isə kim olsa yaxşıdır? Bir vaxtlar özünü siyasətə sırımağa çalışan, millətə demokratiya dərsi keçməyə cəhd edən, hətta prezidentlik sevdasına düşən, “milli şura”nın “fəxri” sədri Rüstəm İbrahimbəyov... “Səhranın bəyaz günəşi”ndə müsəlmanı bambılı yerinə qoyub, rusu göylərə qaldıran Rüstəm İbrahimbəyov... Bu mənada ondan nə desən gözləmək olardı! Bir sözlə, R.İbrahimbəyov - bu milli dönük bu filmdə də ermənipərəst mövqeyini ortaya qoyub. Bu isə təbii ki, xislət məsələsidir. Bunun isə çarəsi yoxdur: Rüstəm İbrahimbəyovun xisləti də ermənilərinkindən fərqlənmir. Yəni filmdə onun daha çox Azərbaycan xalqına olan qəzəbi, kini, düşmən münasibəti əsas yer alıb.

...Film Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması və bununla da “vəhşi azərbaycanlıların” “dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdən başqa bir şey deyil. Hətta öldürülən oğlunun xəbərini almaq niyyəti ilə Azərbaycana gələn  erməninin Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyülməsi ilə ssenarist sanki “gül” vurub. Təbii ki, Azərbaycanda böyümüş bir nəfər tərəfindən “etiraf” olunan bu “həqiqətlər” dünya erməniliyi üçün əsl hədiyyədir. Elə Rüstəm İbrahimbəyov da bunu yaxşı dərk edir. Görünür Rüstəm İbrahimbəyov bu yolla, yəni öz millətini aşağılamaqla yenə “Oskar” almaq fikrinə düşüb.

Əgər xatırlayırsınızsa, bu filmdən danışan ssenarist demişdir: “Azərbaycanda çoxlarına mənim baxışlarım xoş gəlmir. Ancaq mən səmimi qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik”. Elə onun bu fikri də insanın əsəblərini tarıma çəkir. Necə yəni düşmən deyilik? Bu adam hələ də dərk etmir ki, ermənilər əsrlər boyu bizə qarşı soyqırımlar törədiblər. Bu milləti bizə qarşı sonsuz nifrətə kökləyiblər onların Balayanları...Və bunlara heç zaman etibar yoxdur... Məgər bu gün də  “türk sizin düşməninizdir” sözləri ilə böyüyən ermənilərdən sabah sığortalanmaq mümkündürmu?

Amma müəllif cidd-cəhdlə göstərməyə çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur. Təbii biz də anlayırıq ki, qonşuluqda yaşadığımız halda əbədi düşmənçilik mümkün deyil.  Amma erməni qatilləri işğal etdikləri torpaqlarımızda dövran sürərkən bir “ziyalı”nın bu formada ermənini ortaya çıxarması qəbuledilməzdir. Çünki bu, dolayısı ilə düşmənin əməllərinə haqq qazandırmaqdır. Bir sözlə, bu film İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən minasibətinin təzahürüdür.

Filmdə diqqəti çəkən bir məqam var ki, o da bu ekran əsərində azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumlarının və bir də gürcü aktyorların yer almasıdır. Görünür heç bir azərbaycanlı  belə yaramaz, düşmən layihədə yer almaq istəməyib. Onu da qeyd edək ki, filmin rejissorlarından biri - Fuad İbrahimbəyov Rüstəm İbrahimbəyovun birinci həyat yoldaşından olan övladıdır. Əlavə şərhə ehtiyac varmı?

Qvami Məhəbbətoğlu