15 avqust 2019 20:21
346

2019-cu il tarixə sosial islahatlar ili kimi yazılacaq

Ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi sosial paketlər bir daha bu reallığı təsdiqləyir ki, dövlət hər bir vətəndaşının yanındadır, insanların sosial müdafiəsi prioritetdir

Dövlətimizin başçısı İlham Əliyev cari ilin ilk günlərindən bu hədəfi açıqladı ki, 2019-cu il sosial islahatlar ili olacaq. Təbii ki, bu əminliyə əsas verən amillərdən biri ötən ilin uğurları və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmaq üçün göstərilən səylərdir. Əsas prinsip budur: Bir nəfərin inkişafı hamının inkişafının şərti kimi çıxış edir. Bu məqsəd  yeni iş yerlərinin açılmasında, əməkhaqqı və pensiyaların artırılmasında, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxışlaşdırılması yönümündə tədbirlərin görülməsində, ən əsası kiçik və orta sahibkarlığın inkişafına xidmət edən Dövlət proqramlarının qəbulunda və uğurlu icrasında özünü daha aydın göstərir. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə də bu və ya digər istiqamətlərdə görülən işlərin statistikası əsaslı şəkildə diqqətə çatdırıldı. “Bizim siyasətimiz sosialyönümlü siyasətdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir.

Əməkhaqlarının, pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Azərbaycanın sosial-iqtisadi uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır və qarşıdakı dövr üçün proqnozlar açıqlanır. Belə ki, “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin hesabatında Azərbaycan iqtisadiyyatında növbəti dövrdə 3 faiz iqtisadi artımın proqnozlaşdırılması ölkəmizdə iqtisadi artım tempinin bu il daxil olmaqla gələcək illərdə qorunub saxlanacağından xəbər verir. Növbəti illərdə Azərbaycanda daha sürətli iqtisadi artımın əldə ediləcəyi gözlənilir. O baxımdan “Standard & Poor’s” tərəfindən yüksək iqtisadi artım tempinin proqnozlaşdırılması birmənalı şəkildə məhz Azərbaycanda aparılan islahatların iqtisadi artıma birbaşa təsirindən xəbər verir. Makroiqtisadi stabilliyin qorunub saxlanılması həm də Azərbaycan üçün ÜDM-də artım tempinin qorunub saxlanılmasına, növbəti illərdə daha sürətli artımın əldə edilməsinə zəmin yaradır. “Fitch” beynəlxalq reytinq agentliyinin reytinqində Azərbaycanda sosial, siyasi stabilliyin uzunmüddətli dövrdə qorunub saxlanacağı bildirilir. Bu təşkilat tərəfindən ölkəmizdə həm bu il iqtisadi artımın proqnozlaşdırılması, həm də Azərbaycanın valyuta ehtiyatlarının məhz bu kontekstdən növbəti illərdə artımın proqnozlaşdırılması və xüsusən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın dövlət gəlirlərinə birbaşa təsir göstərən amillərdən hesab olunur. Qurumun hesabatı növbəti dövrlərdə ölkəmizdə stabilliyin qorunub saxlanılmasından xəbər verir. Bu da ölkəmizin kredit reytinqinə və bütövlükdə ölkəmizin qeyri-neft sektoruna daha çox investisiya cəlb etməsinə zəmin yaradacaq.

Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə günün əsas çağırışlarından olan yoxsulluqla mübarizə də hər zaman önə çəkilir, ölkəmizin bu sahədəki təcrübəsi nümunə göstərilir. Son 15 ildən artıq dövrdə  yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi təbii ki, uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. Prezident İlham Əliyev bildirir ki, ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir: “Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz-vətəndaşlara eyni şərait yaratmaq.” Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası dövlətimizin başçısı İlham Əliyevin rayonlara səfəri çərçivəsində açılışı və təməlqoyma mərasimləri keçirilən sosial obyektlərin say tərkibindən də daha aydın görünür. Ölkə Prezidenti bildirir: “Regionların inkişafı daim diqqət mərkəzində olmuşdur... Mən hər il bölgələrə səfərlər edirəm. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir.” Bu rəqəmi də açıqlamaq yerinə düşər ki, Dövlət proqramlarının uğurlu icrası nəticəsində son 16 ilə yaxın dövrdə  iki milyona yaxın yeni iş yeri yaradılıb.

“İş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib. Artıq biz 10 milyonuq: “Bu, tarixi nailiyyətdir. Əlbəttə ki, bu, ölkəmizi gücləndirir, potensialımızı artırır. Ancaq, eyni zamanda, artan əhali infrastruktur layihələrinin, iş yerlərinin yaradılması üçün əsas şərtdir. Çünki uşaq bağçaları, məktəblər tikilməlidir, infrastruktur layihələri icra edilməlidir. Sovet vaxtında yaradılmış infrastruktur ovaxtkı əhaliyə hesablanmışdı. İndi Bakı şəhəri böyüyüb, əhalisi artıb, rayonlarda da əhali artıb. Ona görə bu məsələyə biz daim diqqət göstərməliyik.”

Ölkə Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı və bu sənədə əsasən hazırlanan müxtəlif istiqamətləri əhatə edən yol xəritələri arasında əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edən addımlar xüsusi diqqət çəkir. Dünyada iqtisadi və maliyyə böhranının yaşanması ilə əlaqədar bəzi ölkələrdə sosial ödənişlərin azaldığına baxmayaraq ölkəmizdə müxtəlif sahələrdə çalışanların əməkhaqları və pensiyaların mütəmadi olaraq artırılması insan amilinə verilən dəyərdən qaynaqlanır. Hər bir kateqoriyadan olan insanların sosial müdafiəsi dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır. Təkcə cari ilin arxada qalan aylarında  görülən tədbirlərə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir.

Ölkə Prezidenti İlham Əliyev  müharibədən, işğaldan əziyyət çəkən soydaşlarımıza diqqət və qayğının həyata keçirilən siyasətin əsas tərkib hissələrindən olduğunu bildirir. Son illərdə 100-ə yaxın qəsəbə salınıb, minlərlə köçkün evlərlə, mənzillərlə təmin edilib. Statistikaya əsasən, son 15 ildən artıq dövrdə  məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb. Sosial müdafiənin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticəsi olaraq məcburi köçkünlər və qaçqınlar arasında yoxsulluq azalaraq 75 faizdən 12 faizə enib. Dövlətimizin başçısı İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin 50 faiz artırılması ilə bağlı Sərəncamı da bu diqqət və qayğının davamlığının göstəricisidir.

Dövlətimizin başçısı İlham Əliyevin təkcə iyun ayında əhalinin rifahının yüksəldilməsi məqsədilə təsdiqlədiyi sosial paketdə əksini tapan 17 Sərəncam ölkədə ayrı-ayrı sahələrdə çalışan insanların sosial rifahının yüksəldilməsinə xidmət etməklə yanaşı, bu məqama işıq saldı ki, əhalinin yüksək rifahı prioritetdir. Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə minimum əməkhaqqının məbləği 40 faiz artırılaraq 250 manata çatdırılıb. Minimum pensiyaların da məbləği artırıldı. Dövlətimizin başçısı İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqlədi. Dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur.

Dövlətimizin başçısı İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” bu il iyunun 1-də imzaladığı Sərəncam da sosial xidmətlər sistemində yeni bir istiqamət kimi ahıllar üçün də günərzi xidmətlərin təşkilinə şərait yaradıb. Sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişləri əsasında ilk mərhələdə 10 rayonda ahıllar üçün günərzi xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub. Mərkəzlərin 4-ü Bakı şəhərində, 6-sı Sumqayıt, Gəncə, Mingəçevir, Abşeron, Xaçmaz, Lənkəran şəhər və rayonlarında yaradılacaq. Həmin mərkəzlərdə tənha ahıllar yarımstasionar şəkildə, yəni günərzi formasında sosial-məişət xidmətləri ilə təmin olunacaq, onların asudə vaxtlarının mənalı təşkili və s. istiqamətlərdə işlər aparılacaq. O da məlumdur ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Burada özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər daimi dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər.

Əhalinin sosial müdafiəsinə xidmət edən mühüm addımlar sırasında bunu da qeyd etməliyik ki, cənab İlham Əliyevin bu ilin yanvarında imzaladığı Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdindəki üç müəssisə əsasında vahid qurum yaradılır. Fərmanın icrası olaraq, Nazirlər Kabinetinin bu il iyulun 30-da verdiyi Qərarla DSMF-nin nəzdindəki üç sosial xidmət müəssisəsi - “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi”, “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” və “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” ləğv edilib və onların əsasında Dövlət Sosial Müdafiə Fondunun nəzdində olmaqla həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin yaradılmasına başlanılıb. Bildirilir ki, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi həmin şəxsləri, o cümlədən müəyyən yaşayış yeri olmayanları, baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanları stasionar şəraitdə sosial xidmətlərlə təmin edəcək. Müəssisə yalnız sığınacaq kimi fəaliyyət göstərməyəcək, burada həmin insanların normal həyat tərzinə sahib olmaları, əmək qabiliyyətli olanların əmək bazarına dönüşü, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların vəziyyətdən çıxarılması, nəticə etibarilə həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası və s. üçün aidiyyəti işlər aparacaq.

Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mrkəzlərinin yaradılması da dövlətin hər bir kateqoriyadan olan vətəndaşının sosial müdafiəsinin təminatçısı olduğunu təsdiqləyir. Belə ki, əvvəldə qeyd etdiyimiz “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” bu il iyunun 1-də imzalanan Sərəncam sosial xidmətlər sahəsində fəaliyyət istiqamətlərinin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan verir. Bu sahədə yeni istiqamət kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ölkəmizin regionlarında sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzlərinin yaradılmasına başlanılıb.

Həmin mərkəzlər sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası prosesində valideynlərin aktiv iştirakına dəstək verəcək, uşaqların zəruri bacarıqlara yiyələnmələri üçün valideynlər tərəfindən hansı işlərin aparılmalı olduğu barədə onların sistemli şəkildə maarifləndirilməsinə xidmət edəcək. İlk mərhələdə 10 rayon və şəhərdə həmin mərkəzlərin yaradılması, gələcəkdə onların sayının daha da artırılması planlaşdırılır.

Cənab İlham Əliyev hər addımında hər kəsin Prezidenti olduğunu, hər bir vətəndaşının yanında olduğunu təsdiqləyir. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi, cəmiyyətdə xoş ovqat yaratması gələcəyə daha yeni-yeni hədəflərlə irəliləməyə əsas verir. “Bu siyasət davam etdiriləcək” söyləyən dövlətimizin başçısı İlham Əliyev iqtisadi tərəqqinin hər bir inkişafın əsası olduğunu xüsusi vurğulayır. Beynəlxalq maliyyə qurumlarının proqnozlarında da bu statistika xüsusi yer tutur ki, enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla vəsait daxil olacaq ki, bu da öz növbəsində büdcənin sosialyönümlülüyünü artıracaq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha mühüm tədbirlər həyata keçiriləcək.

Yeganə Əliyeva, “İki sahil”