04 mart 2021 10:04
909

Çin Mars planetinin yüksəkölçülü şəkillərini yayıb

Çinin Milli Kosmos Administrasiyası "Tianwen-1" zondunun çəkdiyi Mars planetinin 3 yüksəkölçülü şəkilini yayıb.

"İki sahil" xəbər verir ki, "Tianwen-1" zondu Mars planetinin 2 panxromatik ağ-qara fotosunu planetin səthindən 330-350 kilometr yüksəklikdən çəkib. AZƏRTAC-ın məlumatına görə, Çinin Marsın tədqiqi missiyasının nümayəndəsi Liu Toncie bildirib ki, həmin fotolarda Qırmızı planetin bəzi diqqətəlayiq coğrafi xüsusiyyətləri əks olunub.

"Şəkillərdə Marsın relyefindəki kiçik kraterlər, dağ silsilələri aydın görünür", - deyən çinli mütəxəssis əlavə edib ki, şəkillərdən birində diametri təxminən 620 metr olan krater əks olunub.

Marsın şimal bölgəsində çəkilən rəngli fotoda isə 5 min kilometr məsafədə böyük ərazi görünür.

Qeyd edək ki, Çinin ilk Mars missiyası olan "Tianwen-1" zondunun qırmızı planetə göndərilməsi ötən ilin iyulunda uğurla baş tutub. Marsın səthinin tərkibini, geoloji quruluşunu, meteoroloji mühitini tədqiq etmək üçün nəzərdə tutulan zond moduldan – orbital, enmə və gəzən aparatlardan ibarətdir. Zond müxtəlif araşdırmalar aparmaq üçün aparat 2 panorama kamerası, multispektral kamera, aşkarlayıcı radar, maqnetik detektor, meteoroloji ölçü alətləri ilə təchiz olunub. Zond hazırda yer səthindən 223 milyon kilometr məsafədədir. Zondun may və y aiyun ayında Marsın səthinə enməsi planlaşdırılıb.