04 mart 2021 10:05
913

İnfeksionist: Ölkəmizdə istifadə olunan vaksin yeni ştammlara qarşı effektlidir

COVID-19 qasırğasının qarşısını almaq üçün ən önəmli yol peyvəndləmədir. Nəticə əldə etmək üçün cəmiyyətin 65-70%-i peyvənd olunmalıdır.

"İki sahil" xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının infeksionist həkimi Mədinə Abdullayeva deyib. O bildirib ki, peyvəndləmənin bu səviyyəyə çatmasına qədər virusdan qorunmada ən effektiv yol qaydalara ciddi riayət edilməsidir.

“Bu qaydalar əl və tənəffüs gigiyenası, sosial məsafə (1.5-2 metr) və maska taxmaqdır. Tünlük, yaxşı havalandırılmayan yerdə 15 dəqiqədən daha artıq qalacaqsınızsa, ikiqat maska taxılması tövsiyə olunur”.

Mutant virusların yoluxucu olduğunu deyən həkim infeksionist qeyd edib ki, onlar daha çox xəstəxana müalicəsinə və ölümə səbəb olur.

“Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına görə, peyvəndləmə Ro göstəricisini aşağı saldığı üçün yoluxuculuq azalır və mutant virusların ortaya çıxma ehtimalı aşağı düşür. Hazırda ölkəmizdə istifadə olunan "CoronaVAC" peyvəndinin koronavirusun Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı effektli olduğu göstərilib. Peyvənd həyat qurtarır”, deyə M.Abdullayeva əlavə edib.