04 mart 2021 10:14
855

Ötən il Naxçıvanda 4624 uşaq doğulub

2020-ci ildə muxtar respublikada 4624 körpə doğumu qeydə alınıb.

"İki sahil" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, doğulanların 2450-i və ya 53 faizini oğlanlar, 2174-ü və ya 47 faizini isə qızlar təşkil edib. Doğulan uşaqlardan 70-i əkiz, 2-si isə üçəm olub. 2020-ci ildə muxtar respublikada doğulan oğlanlarda Yusif, Əli, Hüseyn, Məhəmməd və Uğur, qızlarda isə Zəhra, Fatimə, Nilay, Məryəm və Zeynəb adları üstünlük təşkil edib. Ümumilikdə, son 10 ildə muxtar respublikada 71,5 min uşaq doğulub.

2020-ci ildə ölüm göstəricisi muxtar respublikada əhalinin hər 1000 nəfərinə hesabı ilə 6,2 nəfər olub. 1 yaşa qədər uşaq ölümü göstərici isə hər 1000 doğulana hesabı ilə 3,9 nəfər təşkil edib. Qeydə alınmış bu göstəricilər ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı səviyyədədir.