04 mart 2021 10:30
1021

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi potansial çox yüksəkdir

44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. İşğaldan azad olunan Füzuli şəhərində beynəlxalq aeroportun tikilməsi siyasi-iqtisadi və təhlükəsizliyin təminatı üçün strateji əhəmiyyət daşıyır. Füzuli-Şuşa avtomobil yolu inşasına başlanan yeni Füzuli hava limanının yaxınlığından keçir. Magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədilə 27-ci kilometrlikdə yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulmuşdur. Füzuli aeroportunun tikilməsi ərazilərdə Azərbaycanın suverenliyinin tam təmin olunması baxımından əhəmiyyətlidir. Azad edilmiş ərazilərdə nəqliyyat komunikasiya xəttlərinin çəkilməsi fəaliyyətin dinamikliyinə, keyfiyyətinə təsir edəcək. Bu addımlar Azərbaycanın siyasi mövqelərini daha da möhkəmləndirir”. Regionda təhlükəsizlik, beynəlxalq komunikasiyanın yaradılması baxımından vacibdir. Ərazinin Azərbaycana məxsusluğunu daha da gücləndirir. Ölkə başçısının tapşırığına əsasən işğaldan azad edilən ərazilərdə geniş miqyasda iqtisadi, sosial layihələr və aktiv məşğulluq proqramları icra olunacaq,  kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılması ilə insanların məşğulluğu təmin ediləcək. İqtisadiyyat və sosial həyat tamamilə yenidən qurulacaq. Bunun üçün sözügedən sahələrə dövlətimiz tərəfindən böyük həcmdə maliyyə resursları cəlb olunacaqdır. Şübhəsiz, Dağlıq Qarabağ və ətraf rayonların iqtisadiyyatının bərpası və inkişafı növbəti onilliklərdə Azərbaycan iqtisadiyyatına böyük dividentlər verəcəkdir.

Zəngin təbii ehtiyatlara malik Qarabağ və ətraf rayonların iqtisadiyyatının bərpası və yenidən qurulması qeyri-neft sektorunda yeni gəlirlərin əldə edilməsinə, iş yerlərinin yaradılmasına, ixrac potensialımızın artırılmasına, ölkə iqtisadiyyatının böyüməsinə əhəmiyyətli şəkildə təkan verəcəkdir. “Böyük Qayıdış” konsepsiyasının reallaşdırılması üçün Azərbaycanın kifayət qədər iqtisadi qüdrəti və maliyyə resursları vardır. Bölgədə  böyük infrastruktur layihələri olacaq və göründüyü  kimi işğal müddətində Ermənistan silahlı qüvvələri tərəfindən praktik olaraq bütün infrastruktur dağıdılıb. Ona görə də, ilk növbədə bu istiqamətdə quruculuq işləri aparılacaq. Bunun üçün də sərmayə qoyuluşlarına ehtiyac olacaq. Bununla yanaşı, iqtisadiyyatın fərqli sektorları, İtaliya şirkətləri üçün emaledici sektor və turizm cəlbedicidir. Çünki İtaliyanın həmin sektorlar üzrə xüsusi təcrübəsi var, müqayisəli üstünlüyə malikdir. İtaliya şirkətlərinin həm ərzaq məhsulları üzrə emaledici məhsulların hazırlanması, həm  turizm sektoru , həm də mineral və təbii ehtiyatlara əsaslanan sənaye istehsalının formalaşmasında da iştirakı mümkündür. Bu sahədə həmçinin Türkiyə şirkətlərinin də iştirakı gözlənilir. Türkiyə şirkətləri eyni zamanda aqrar sektorda, həmçinin bir sıra sənaye məhsullarının istehsalında, o cümlədən turizm sektoruna cəlb oluna bilər. Azad edilmiş ərazilərimizin iqtisadi potensialı böyük olduğuna görə, həmin ərazilərə xarici sərmayənin cəlb edilməsi imkanları da genişdir. Ölkəmizə dost olan ölkələr üçün həmin ərazilərdə kifayət qədər imkanlar var.

Regionda bitki və heyvanlar aləmini mühafizə etmək məqsədi ilə Kiçik Qafqazın işğal altında olan ərazilərində vaxtilə bir sıra qoruq və yasaqlıqlar təşkil olunmuşdur. Bunlardan Bəsitçay Qoruğunu, Laçın yasaqlığını göstərmək olar. Bəsitçay qoruğu Azərbaycanın cənub-qərbində bu günlərdə işğaldan azad edilmiş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılıb. Qoruğun sahəsi 107 hektardır. Burada qorunan obyekt şərq çinarıdır. Çay boyu çinar meşəliyi 12 km məsafədə uzanır. Burada bitən ağacların yaşı 500 ilə çatırdı və şərq çinarı "Qırmızı Kitab"a daxil edilib.

Laçın yasaqlığı Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində 1961-ci ildə təşkil edilmişdir. Sahəsi 21.4 min hektardır. Yasaqlıqda dağ keçisi, cüyür, çöl donuzu, turac, kəklik mühafizə olunurdu. Eyni zamanda, Dağlıq Qarabağda yerləşən Şuşa şəhərinin füsunkar təbiəti də turizm baxımından əlverişlidir. Azərbaycanda yeganə olaraq Şuşa rayonu ərazisində bitən xarı bülbül Qarabağın rəmzi hesab olunur. Cəbrayıl və Zəngilan ərazisində yerləşən Xudafərin su anbarının azad olunması 75 min hektar yeni ərazinin suvarılması və mövcud suvarılan ərazilərin suvarılmasının yaxşılaşdırılması deməkdir. Bu su anbarının həcmi bəzi hesablamalara görə 1.6 mlrd. kubmetrdir. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə fərqlənir. İstisu bulağı üstündə keçən əsrin 80-ci illərində iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərimizdə yaxın vaxtlarda “Böyük Qayıdış” ın mühüm elementləri icra ediləcək. Torpaqlarımızın işğaldan azad olunması bizə imkan verəcəkdir ki, bütün sahələrdə  vəziyyəti yaxşılaşdıraq.

Rauf Əliyev,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi