04 mart 2021 14:49
1106

BANM tələbə və məzunlarından Magistraturada yüksək nəticə

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən imtahanın nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin bir neçə tələbə və məzunu yüksək nəticələr göstərib.

Magistraturaya qəbul imtahanlarının nəticələrinə görə, bu il ən yüksək bal toplayanlardan biri Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fatimə Abdinli rus bölməsi üzrə Respublika I olub. O, 89 balla bu nəticəni əldə edib. Bakalavr pilləsi üzrə 695 bal toplayaraq Ali Məktəbə qəbul olan F.Abdinli magistratura təhsilini də BANM-də davam etdirmək niyyətindədir.

Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının 2020-ci il məzunu Əli Nuraliyev isə, 93 bal toplayaraq Respublika üzrə II yerdə qərarlaşıb.

Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Səfər Usubov heç bir hazırlıq keçmədən 92 balla Respublika üzrə III ən yüksək bal toplayan bakalavr olub.

Bundan başqa, Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Ağaqardaş Camalov və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Fərid Kərimli hər biri 91 bal toplayaraq Respublika üzrə IV yerdə qərarlaşıblar. A. Camalov Bakı Ali Neft Məktəbinin “Yatağın qiymətləndirilməsi və idarə olunması”, F.Kərimli isə “Texniki sistemlərdə informatika və idarəetmə” ixtisaslaşması üzrə təhsil almağı planlaşdırır.

Qeyd edək ki, imtahanda ən yüksək nəticə 96 bal olub. Toplanılması mümkün olan maksimal bal isə 100 bal təşkil edir.

Məlumat üçün bildirək ki, magistraturaya qəbul imtahanı üzrə yüksək nəticə göstərərək Respublika birincisi olan Pərviz Vəliyev də Bakı Ali Neft Məktəbini seçəcək. O, Kimya mühəndisliyi ixtisası üzrə təhsil almağı planlaşdırır.