04 mart 2021 23:28
1451

Qarabağ regionun ən abad və görməli məkanlarından birinə çevriləcək

Artıq erməni vandallarının xarabazara çevirdikləri tarixi torpaqlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi istiqamətində işlərə başlanılıb. Belə ki, hərbi əməliyyatların bitməsindən, Vətən müharibəsində parlaq Qələbəmizdən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunan rayonlara səfər etməsi dövlət başçısının uzun illər düşmənin nəzarətində qalan və xarabalığa çevrilən yaşayış sahələrimizin bərpa-quruculuq işlərinə nə dərəcədə həssas yanaşdığını göstərir. Hazırda işğaldan azad edilən bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı ölkə Prezidentinin tapşırığı böyük məsuliyyətlə icra olunur. Eyni zamanda, Qarabağ bölgəsində “yaşıl enerji” zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində tezliklə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi nəzərdə tutulur. “Ağıllı kənd” layihəsinin ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılması planlaşdırılır.

Dövlətimizin başçısı Laçın rayonuna səfəri zamanı Güləbird kəndində çıxışında ermənilərin üçtərəfli Bəyanatdan sonra da torpaqlarımızda dağıntılar törətdiklərini qeyd edib: “Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını darmadağın edib, avadanlığı buradan çıxarıb, stansiyaların binalarını da dağıdıb”. Ali Baş Komandan daha sonra bildirib ki, düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb: “Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaq”. Prezident İlham Əliyev “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının da son dərəcə böyük resurslarının mövcudluğunu xatırladaraq bərpaolunan enerji növlərinin bu bölgədə çox böyük potensiala malik olduğunu diqqətə çatdırıb.

Ölkə başçısı bu bölgənin elektrik təchizatının dövlət üçün prioritet olduğunu vurğulayaraq, ilk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təmin etmək üçün işlərin davam etdiyini söyləyib. Dövlətimizin başçısı deyib: “Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir”.

Ölkə başçısı dəfələrlə çıxışlarında Azərbaycanın bölgə ölkələri arasında kommunikasiya xətlərinin üzərində yerləşdiyini və bu istiqamətdə böyük işlərin görüldüyünü xatırladaraq, Qarabağın uzunmüddətli inkişafı, burada sabitliyin möhkəmləndirilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün nəqliyyat layihələrinin xüsusi rolunu xatırladıb, eyni zamanda, bu layihələrin icrasına qoşulacaq bütün ölkələrin bundan ancaq xeyir götürəcəyini, faydalanacağını vurğulayıb: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər...”.

Mənsumə Babayeva,   “İki sahil”