04 mart 2021 22:43
1153

Siyasi partiyaların bu qərarı YAP-ın böyük nüfuzunun bir daha təsdiqidir - Aydın Mirzəzadə

Azərbaycanda 5 siyasi partiya Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərar qəbul ediblər. Bunlar Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası və Milli Qurtuluş Partiyasıdır.

Bu siyasi partiyalar qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçiriblər.

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə mövzu ilə bağlı qəzetimizə açıqlamasında sözügedən partiyaların bu qərarını yüksək qiymətləndirib.    

A.Mirzəzadə qeyd edib ki, siyasi partiyaların bu qərarı Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətində böyük nüfuzunun bir daha təsdiqidir: “Həmin partiyalar cəmiyyətdə öz mərkəzçilik mövqeyində tanınırdılar və belə bir addım atmaları onların Yeni Azərbaycan Partiyasının aparıcı rolunu qəbul etmələri, YAP-ın dövlətçiliyimizin möhkəmlənməsinə, ictimai-siyasi vəziyyətin stabilləşməsinə, Azərbaycanın milli maraqlarının təmin edilməsinə verdiyi böyük töhfəyə dəstək göstərməkdir.”

A.Mirzəzadənin sözlərinə görə, sözügedən siyasi partiyalar özlərinin potensialını Yeni Azərbaycan Partiyasının potensialına qataraq Azərbaycanın gələcəyinin qorunmasında iştirak etmək istəyirlər: “Əlbəttə ki, son qərarı Yeni Azərbaycan Partiyasının ali orqanı verəcək. Təbii ki, belə bir qərar Yeni Azərbaycan Partiyasının yüksək nüfuzu, müəyyən partiyaların artıq kiçik partiya kimi deyil, böyük bir partiyanın daxilində vahid bir qüvvə kimi iştirak etmək istəklərini göstərir.”

Cavid Əkbərov, “İki sahil”