29 fevral 2016 15:36
6982

Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib

Danimarkanın paytaxtı Kopenhagenin mərkəzində yerləşən “Radhus Plads” meydanında bu ölkədə fəaliyyət göstərən “Vətən” Cəmiyyəti tərəfindən Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar aksiya keçirilib.

Skandinaviyada fəaliyyət göstərən müxtəlif cəmiyyətlərin və Danimarka KİV nümayəndələrinin iştirak etdikləri aksiyada bu ölkədə yaşan azərbaycanlı, türk, türkmən, çərkəz və çeçen diasporlarının fəalları iştirak ediblər. Türkiyənin Danimarkada akkreditə olunmuş səfiri Məhməd Dönməz də aksiya iştirakçıları arasında olub.

Azərbaycanın himninin səsləndirilməsi ilə başlayan aksiyada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc sakinlərə qarşı keçirilən hərbi əməliyyatdan söz açan “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi bu hadisələr nəticəsində insanlıq tarixində misli görülməmiş vəhşiliklərin baş verdiyini bildirib. O, bir gecə içərisində 613 Xocalı sakininin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 487 nəfərin yaralandığını, 1275 nəfərin əsir götürüldüyünü, 150 sakinin isə itkin düşdüyünü diqqətə çatdırıb. Xocalıdakı qətliama dünya ictimaiyyəti tərəfindən göz yumulduğu təəssüflə qeyd edilərək, bu kimi hadisələrin təkrarlanmaması üçün birgə səy göstərilməsinin vacibliyi vurğulanıb.

Aksiya zamanı Xocalı soyqırımı ilə bağlı müxtəlif dillərdə broşürlər yerli sakinlərə paylanılıb.