07 mart 2021 15:52
1164

Sadiq Qurbanov: Qadınların ölkəmizin ictimai-siyasi həyatında müstəsna yeri var

Azərbaycan xanımları zərifliyin, ülviliyin və gözəlliyin rəmzidir. Onlar milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar.

Eyni zamanda  onlar hər sahədə yüksək fəallığı, zəngin biliyi, vətənpərvərliyi, dövlətçilik ənənələrinə sədaqəti, mərdliyi ilə tarix boyu seçilmiş və xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar. Azərbaycanın müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar xanımlarının adları çoxəsrlik zəngin tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Bu sözləri “İki sahil"ə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, bu gün də ölkəmizin ictimai-siyasi həyatında müstəsna yeri olan, beynəlxalq aləmdə dövlətimizin adını uca edən, milli-mənəvi dəyərlərimizi qoruyaraq dünyada təbliğ edən  Mehriban xanım Əliyeva kimi, eyni zamanda vətən və dövlət üçün şəhidliyi gözə alan mərd övladlar yetişdirən qəhrəman analar müasir tariximizin səhifələrini zənginləşdirərək, milli kimliyimizin təsdiqində xüsusi rol oynayırlar.

Qadınların ürəyinin böyüklüyünə heyrətlənməmək mümkün deyil. Ən çətin və çıxılmaz anlarda belə, ümid dolu olur, bəşəriyyətin sülhə nail olmasına öz töhvələrini verirlər. İnanıram ki, Azərbaycan qadını hər zaman olduğu kimi böyük ürəyi və zəngin mənəviyyatlı ilə bundan sonrada müasir cəmiyyətimizin formalaşmasında xüsusi rola malik olcaq.

Sadiq Qurbanov Azərbaycan qadınlarını, anaları, bacıları təbrik edib: “Sizin hər birinizi qarşıdan gələn 8 MART - Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür və sonsuz xoşbəxtlik arzu edirəm!

Qadın gülərsə, bütün dünya gülər. Arzu edirəm ki, heç zaman gülüş üzünüzdən əskik olmasın və gülmək üçün hər zaman səbəbiniz olsun!

Dəyərli Xanımlar bir daha bayramınız mübarək!”.