07 mart 2021 19:33
1259

YAP tarixin və taleyin sınağından üzüağ çıxmış milli məfhumdur

Azərbaycan cəmiyyətində yəqin ki, Yeni Azərbaycan Partiyasını tanımayan bir adam tapmaq çətin olardı. Ən azından bu nəhəng siyasi hərəkatın adını hər kəs eşidibdir. Siyasi hədəfləri olan bir partiya üçün əsas şərtlərdən biri məhz budur ki, cəmiyyətin  bütün kəsimləri siyasi, milli, dini və digər mənsubiyyətlərinə baxmayaraq onu tanısın və siyasi qüvvə kimi qəbul etsin. Yaşı az qala müstəqilliyimizlə bir olan doğma partiyamız nəinki ölkə daxilində, hətta hüdudlarımızdan kənarda da tanınır və ciddi əməkdaşlıqlar qurur. Real siyasi qüvvə kimi ölkənin maraqlarının qorunmasında, ölkəmizdə siyasi, demokratik institutların fəaliyyətində müstəsna rola malik olan YAP eyni zamanda da milli və dövlət maraqlarına xidmət edərək cəmiyyətimizin sosial müdafiəçisi rolunu məharətlə oynayır.

Ən çətin anda bütün çatışmazlıqlara rəğmən Naxçıvanda, soyuq zalda Ulu Öndər Heydər Əliyevin nəfəsinə isinən fədakar insanların yaratdığı Yeni Azərbaycan Partiyası bugün nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri və tarixi var. Lakin həyat dəyişir, zəmanə dəyişir. Biz müasir dünya ilə ayaqlaşmaq üçün ən yeni təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Son parlament seçkilərindən sonra ölkədə siyasi dialoq üçün münbit şərait yaranmışdır. Parlamentin rəhbərliyində, komitələrin rəhbərliyində müxalifət nümayəndələrinin təmsil olunması, onlarla dialoq mühitinin formalaşdırılması və imkanların genişləndirilməsi Azərbaycan hakimiyyətinin demokratik dəyərlərə verdiyi qiymətin təzahürüdür. Əlbəttə, bu məqamlara öz proqram xarakterli çıxışında toxunan dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyev bütün demokratik proseslərdə Yeni Azərbaycan Partiyasının aktiv rol aldığını vurğulamışdır.

Ölkə tarixində çox ciddi hadisələr baş verməkdədir. Azərbaycan uğurlar əldə edərək müstəqilliyi ilə həmyaşıd olan ərazi bütövlüyü kimi böyük bir probelmi həll etmiş və sağalmayan yarasına çarə tapmışdır. Qarabağ zəfəri nəinki Azərbaycanda eyni zamanda da regionda bütün siyasi, iqtisadi, sosial və hərbi balansları dəyişərək yeni reallıqlar yaratmışdır. İndi bütün cəmiyyətimiz kimi YAP da bu yeni reallıqların fövqündə dəyişim və inkişaf devizi ilə özünü və idarəetmə orqanlarını yeniləmək üçün növbəti VII qurultayını keçirmişdir. Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Ölkənin bütün regionlarının öz nümayəndələri ilə təmsil olunduğu son qurultayda 194 nümayəndə iştirak edirdi. Xatırladım ki, mövcud pandemiya qaydaları çərçivəsində keçirilən qurultayda iştirakçıların sayı təbii olaraq ötən illərlə nisbətdə azdır.

Dünya, region və ölkəmiz inkişaf edir. Bu inkişafın fövqündə iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası da inkişaf edərək günümüzün tələblərinə uyğun fəaliyyətini təmin etməlidir. Hesab edirəm ki, yeni formatda, rəhbər orqanlarında təmsil olunan dəyərli şəxsiyyətləri nəzərə alsaq deyə bilərik partiyamız daha fəal olacaq, ölkə qarşısında duran vəzifələri daha tez icra edəcəkdir. Son Prezident seçkilərindən sonra bütün sahələrdə islahatları daha da dərinləşdirən cənab Prezident YAP-ın da bu islahatlardan öz töhfəsini alması üçün partiyaya yeni yol və istiqamət göstərmişdir. Heç şübhə yoxdur ki, YAP ümumi islahatlardan kənarda qala bilməzdi. Doğma partiyamız həm də siyasi partiyalarımızın lokomotividir. Ölkəmizin siyasi palitrasında olan qurumlar, milli maraqlar nöqteyi nəzərindən YAP-ı özünə etalon hesab edirlər. YAP xalqımızın milli-mənəvi dəyərlərinin təmərküzləşməsidir.

Qurultayın qarşısında duran gündəlik ölkənin taleyüklü məsələlərinin həllinə hesablanmış və partiyanın gələcək inkişafını şərtləndirən amillər idi. Dövlət başçısı, partiyanın sədri İlham Heydər oğlu Əliyevin proqram xarakterli geniş nitqindən sonra gündəlikdə olan məsələlər səsə qoyularaq qəbul edildi. YAP-ın yeni nizamnaməsi qəbul edilməsi, 40 nəfərdən ibarət İdarə heyətinin seçilməsi, YAP sədrinin seçilməsi, təftiş qrupunun seçilməsi, Veteranlar şurasının seçilməsi və 6 siyasi partiyanın YAP-a qoşulmaq haqqında qərarına müsbət cavabın verilməsi kimi hər bir məsə yalnız partiya üçün deyil, bütün ölkə üçün böyük əhəmiyyətə malikdir. Çünki bugün ölkənin əldə etdiyi uğurların altında cənab Prezident, YAP-ın sədri möhtərəm İlham Əliyevin imzası vardır.

Partiyamızın yeni, müasir və çevik, qarşıya çıxan sual və problemlərə adekvat bir nizamnaməyə ehtiyacı var idi. Edilmiş yeni dəyişikliklər siyasi işin təşkili, partiyanın səmərəli fəaliyyəti üçün böyük imkanlar yaradacaqdır. YAP-ın idarə edilməsində müəyyən dəyişikliklərin edilməsi zamanın tələbi olaraq qarşıya çıxan ən vacib məqamlardan idi. Belə ki, YAP Siyasi Şurasının ləğvi və genişləndirilmiş İdarə heyətinin seçilməsi ölkədə aparılan islahatlara cavab verəcək bir idarəetmənin YAP-da formalaşmasına hesablanmışdır. Eyni zamanda da İcra katibliyinin ləğv edilərək Aparat rəhbərliyi institutu ilə əvəz olunması da partiyanın daxili iş sistemində çevikliyə, operativliyə və adekvatlığa səbəb olacaqdır.

Hər bir qurultayın əsas vəzifələrindən biri əlbəttə, sədr və idarə heyətinin seçilməsidir ki, son qurultayda bu prosses də həyata keçirildi. Qarabağ fatehi, bütün müasir uğurlarımızın banisi möhtərəm İlham Əliyev və onun təklif etdiyi 40 nəfərdən ibarət İdarə heyəti yekdilliklə seçildi. Cəmiyyətimizin ən dəyərli nümayəndələrindən ibarət olan İdarə heyətinin üzvləri bundan sonra da doğma partiyamızın inkişafına öz töhfələrini verəcəklər. Hər biri öz sahələrində böyük uğur qazanmış İdarə heyətinin üzvləri bundan sonra partiyanın və ölkənin gələcək inkişafı naminə çalışacaqlar. İdarə heyəti ilə yanaşı təftiş qrupu da seçilmişdir.

Yeni Azərbaycan Partiyası tarixin məngənəsindən, taleyin sınağından üzüağ çıxmış milli məfhumdur. Onun yaranması tarixi hadisə idi. Onu yaradanlar vaxtı ilə öz canlarını bu partiyanın və Ulu Öndər Heydər Əliyevin amalları, ideyaları uğrunda qurban verməyə hazır olan adamlar idilər. “91-lərin” faəliyyətini yüksək qiymətlənləndirən partiya sədri onların cəsarətinin və qətiyyətinin sayəsində Yeni Azərbaycan Partiyasının vaxtılə böyük uğurlara imza atdığını ifadə etmişdir. Doğrudan da o vaxtlar cəsarətli əqidə daşıyıçıları olmasa idi və Ulu Öndərin ətrafında birləşməsə idilər, bugün qüdərtli dövlətçiliyimiz olmazıdı. Cənab Prezident bu məqama xüsusi toxunaraq bildirmişdir ki, partiyada yaşlı nəsilin nümayəndələri vardır və onlar bundan sonra da partiya işində aktiv rol alacaqlar. Məhz, onların qorunub saxlanması və təcrübələrindən istifadə olunması üçün 35 nəfərdən ibarət Veteranlar şurası yaradılmışdır. Bu, partiyanın inkişafa meyilli olduğu qədər öz mirasına da sahib çıxdığını göstərən amildir.

YAP-ın qurultaylarının iştirakçısı kimi deyə bilərəm ki, sonuncu qurultay bir çox məqama görə digərlərindən fərqlənirdi. Əminəm ki, qurultayda alınan qərarlar çox qısa zamanda həm dövlətimiz, həm cəmiyyətimiz, həm də doğma partiyamız üçün müsbət nəticələrini verəcəkdir. İlk dəfə olaraq sonuncu qurultayda müxalifətdə təmsil olunan və aktiv fəaliyyət göstərən 6 rəsmi qeydiyyatdan keçmiş partiya öz qurultaylarını keçirərək Yeni Azərbaycan Partiyasına qoşulmaq haqqında qərar qəbul etmişdir. Bunlar Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasıdır. Cənab Prezident və YAP-ın sədri möhtərəm İlham Əliyev həmin partiyalara “xoş gəlmisiniz” deyərək öz məmnunluğunu bildirmişdir. Doğrudan da ölkəyə, dövlətə və xalqa xidmət etmək üçün hər hansı bir titula sahib olmağa ehtiyac duyulmur. Qaldı ki, YAP xalqa xidmətin ən layiqli yeridir. Son 29 ildə ölkənin inkişafında bir başa rol alan, cəmiyyətimizin bütün istiqamətlərdə tərəqqisi üçün çalışan, Ulu Öndər siyasi xəttinə xidmət edən bir siyasi hərəkatda yer almaq heç şübhəsiz ki, qürurverici haldır. 6 siyasi partiyanın atdığı nümunəvi addım digər siyasi partiyalar üçün də örnək ola bilər. Əgər onlar doğrudan da öz dövlətlərinə və xalqlarına xidmət etmək istəyirlərsə, mütləq Yeni Azərbaycan Partiyasına müraciət edərək öz siyasi karyeralarına doğma partiyamızda davam etdirə bilərlər.

Yeni qurultayın doğma partiyamıza və xalqımıza düşərli olmasını arzu edirəm!

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri