08 aprel 2021 17:20
1367

Azərbaycan xalqı "dəmir yumruq" oldu və şanlı Qələbə qazandıq- MÜSAHİBƏ

Vətən müharibəmizdə adını bilmədiyimiz, tanımadığımız yüzlərlə cəsur, igid, qorxmaz oğullarımızın sayəsində tarixi Zəfər qazandıq.  İkinci Qarabağ savaşında bizə tarixi Qələbə sevincini bəxş edən əsgərlər və zabitlərimizin təkcə bir ailənin yox, bütün xalqın qəhrəmanına çevriliblər.

“İki sahil”in bugünkü qonağı İkinci Qarabağ savaşında düşmənlə vuruşan igidlərdən biri olan Qurban Qasımovdur. Onunla birgə Vətən müharibəsinin başladığı günə - yaxın keçmişə nəzər saldıq. Həmsöhbətimiz Qarabağ uğrunda gedən haqq mübarizəsi haqqında təəssüratlarını,  döyüş xatirələrini bizimlə bölüşdü. Müsahibimiz Füzuli və Xocavəndin azad olunması, Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub.

İlk olaraq müsahibim haqqında qısa məlumat: Qurban Həsənağa oğlu Qasımov 1998-ci ilin iyulun 12-də Sabunçu rayon Maştağa qəsəbəsində anadan olub. 2017-ci ildə 187 saylı məktəbi bitirib , 2018-ci il, yanvarın 4-də həqiqi hərbi xidmətə çağırılıb, 2019-cu il iyulun-2 si ordu sıralarından tərxis olunub. Orta təhsillidir. Asudə vaxtında idmanla məşğul olur. Ailədə üç uşaqdırlar. Evin kiçiyi Qurbandır. İki bacısı var. Hazırda mühafizə sahəsində çalışır. Arzusu uşaqlıqdan bəri həvəsində olduğu sahədə çalışmaq - polis olmaqdır. 

Müharibədə hər şeyə hazır olmalısan

Həmsöhbətim qeyd edib ki, həmişə müharibədə iştirak etməyi arzulayıb: "Döyüşlər başlayanda arzum gerçək oldu və müharibəyə yollandım.  Torpaqlarımızın işğaldan azad olunması və Vətən uğrunda savaşda canla-başla iştirak etmək, mübarizə aparmaq, döyüşmək  mənim xəyalım olub. Müharibədə iştirak etməyi çox istəyirdim. Döyüşdə iştirak etməyə çağırmasaydılar belə, nə yolla olur-olsun özüm gedəcəkdim. Çox şükür ki, mənə hərbi komissarlıqdan zəng gəldi və səfərbərliyə dəvət edildim. Müharibəyə gedəndə istənilən nəticəyə hazır olmalısan: ya şəhid, ya qazi, ya da sağ qayıtmaq. Həmin vaxt ilk olaraq həyəcanlanmışdım. Bilmirdim ki, qarşıda məni nə gözləyir. Amma 1-2 gün sonra həyəcan yox oldu. Ağlımda ancaq döyüşmək və qələbə qazanmaq var idi.”

Sevinərdim ki, şəhidlik zirvəsinə yüksəlmişəm

Müsahibim sürücü kimi müharibədə iştirak edib: “İlk gün bizə içində adımız olan giliz verdilər. Onda başa düşdüm ki, bu giliz "hazırlaşın 30 illik hicran vüsala qovuşur" deməkdir. Ordumuz müasir silah-sursatla  təmin edilmişdi. Sentyabrın 27-də düşmənin təxribatına cavab olaraq Füzuli istiqamətində döyüşə girdik. Yaralılara ilk tibbi yardım göstərirdim. Yeri gələndə çiynimdə daşıyırdım. Ən gərgin döyüşlər Füzulidə oldu. Bütün gücümüzü səfərbər etmişdik ki, Füzuli işğaldan azad olunsun. Ölümlə üz-üzə gəldiyimiz anlar çox oldu. Bir dəfə yolla gedəndə ermənilər kalonu vurmağa başladılar. Şükür ki, atdıqları minomyot bizim maşınlara dəymədi, təxminən 50 metr irəliyə düşdü. 5 dəqiqə tez getsəydik  hər şey fərqli ola bilərdi. Hər saniyə ölümlə üz-üzə idik.  5 dəqiqədən sonra bizi nələr gözlədiyini heç kim bilmirdi. Şəhidlik uca zirvədir. O zirvə hər insana qismət olmur. Mən şəhid olmaqdan qorxmurdum, əksinə buna görə sevinərdim ki, o zirvəyə yüksəlmişəm. Amma ən çox düşündüyüm o idi ki, düşməni məhv edim və torpaqlarımız işğaldan azad olunsun. Şəhid qardaşlarımızın qisasını almalı idik, aldıq da. Ona  görə də tam gücümlə, Vətən sevgisi, dönməz iradə və əzmkarlıqla döyüşlərdə iştirak etdim.”

Özümü və döyüş yoldaşlarımı riskə ata bilməzdim

Qurban Qasımov qeyd etdi ki, müharibə zamanı ən çox valideynləri və bir də nişanlısı üçün darıxıb: "Anam və atama görə çox narahat idim. Çünki onlar  mənimlə nəfəs alırdılar. Uzun müddət ailəmlə əlaqə saxlaya bilmirdim. Çünki telefon şəbəkəsi sayəsində düşmən hər hansı bir informasiya əldə edə bilərdi. Özümü və döyüş yoldaşlarımı riskə ata bilməzdim. Fürsət olduqda əlaqə saxlayıb məlumat verirdim. Ailəmə deyirdim ki, hər şey yaxşıdır. Onlar isə mənə özümü qorumağı, ehtiyatlı olmağı bərk-bərk tapşırırdılar. Deyirdilər ki, torpaqlarımızı düşmən azad edib hamınız salamar qayıdın. 44 günlük müharibə dövründə valideynlərim ac-susuz qalmışdılar. Boğazlarından bir tikə yemək belə, keçmirdi. Qəsəbəmizə şəhid xəbəri gələndə çox narahat olurmuşlar. Valideynlərim o 44 gündə hər an ümidlə yaşayıblar. Atamın dediyi söz isə indi də məni kövrəldir: “Artıq hər şeylə barışmışam. Bir oğlum var idi. O da Vətən uğrunda getdi. Ya şəhid, ya qazi, ya da salamat evimizə gələcək. İstənilən halda Vətən sağ olsun".

Birliyimiz, nikbinliyimiz, ümidimiz var idi və bu, bizə güc verirdi

Müharibə iştirakçısı döyüş yoldaşlarından da bəhs etdi: “Müharibədə yaxşı dostlar qazandım. Bir-birimiz üçün canımızdan, qanımızdan keçməyə hazır idik. Döyüş yoldaşlarımın fədakarlığını, şücaətini heç zaman unutmayacağam. Azərbaycan əsgəri ilə fəxr edirəm. Hamımızın bir düşüncəsi var idi - ölməyə yox, öldürməyə gəlmişik. Mən qorxaq insan deyiləm. Erməni kimdir ki, ondan qorxaq. Ermənilər bizim əsgərlərdən qorxurdular. Ona görə də bizim qarşımızda duruş gətirə bilməyərək döyüş meydanından qaçırdılar. Bizim savaşımız haqq savaşı idi. Azərbaycan güclü dövlətdir və müharibədə bunu təsdiq etdi. Dövlətimiz bundan sonra da güclü qalacaq. Unutmadığım bir xatirəmi sizinlə bölüşmək istərdim. 10 nəfər bir tikə çörəyi bölüb yeyirdik. Doymasaqda, bir-birimizə doyduq deyirdik. Çünki birliyimiz, nikbinliyimiz, ümidimiz var idi və bu, bizə güc verirdi.”

Xalqımızın dəstəyi, anaların duası bizə ən böyük kömək idi

Həmsöhbətimiz  arxa cəbhədə xalqımızın göstərdiyi dəstəkdən də danışdı: “Xalqımız bizə çox böyük dəstək oldu. Xalqımızın dəstəyi, anaların duası bizə ən böyük kömək idi. Bütün bunlar bizi ürəkləndirir, ruh yüksəkliyi veriridi. Görürdük ki, Qarabağ uğrunda təkcə ön cəbhə deyil, arxa cəbhə də, bütün xalqı ayağa qalxaraq mübarizə aparır. Azərbaycan xalqı "dəmir yumruq" oldu və şanlı Qələbə qazandıq".

Həmsöhbətimiz bu il yanvarın 9-da tərxis olub: “İndi həmin günlər, döyüş yoldaşlarım, o torpaqların ətri üçün darıxıram. İmkanım olarsa, bir gün azad edilmiş torpaqlarda özümə ev almaq istəyərəm. Müharibə başlayanda əmin idim ki, qələbə qazanacağıq. Dövlətimiz də, ordumuz, xalqımız da çox güclüdür. Ona görə də qələbə bizim oldu, torpaqlarımız işğaldan azad olundu, 30 illik həsrət bitdi. Azərbaycan dövləti və xalqı bunu bacardı. Gənclərə tövsiyəm odur ki, hər zaman Vətənə layiqincə xidmət etsinlər. Vətən bizə anadır. Anamızı qorumaq, müdafiə etmək hər bir Azərbaycan  övladının müqəddəs missiyasıdır. Cənnət də anaların ayaqları altındadır, onun yolunda ölmək də, lazım gələrsə uğrunda öldürmək də hər birimizin borcudur.”

Yaqut Ağaşahqızı, “İki sahil”