12 aprel 2021 12:42
889

Azərbaycan- Rusiya sərhədində yaranan növbələr aradan qaldırılacaq

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Rusiya ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda aparılan tikinti işləri ilə tanış olub.

“İki sahil” xəbər verir ki, DGK-dan verilən məlumata görə, ərazidə həyata keçirilən tikinti-quraşdırma işləri ilə bağlı Komitə sədrinə ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsinin sədri postda gömrük rejimi zonasında, idxal-ixrac nəzarət xəttlərində, eləcə də postun inzibati binasında tikinti işlərinin gedişatı ilə maraqlanıb, müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, inşaat işlərini həyata keçirən mütəxəssislərlə söhbət edib, tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, “Xanoba” gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin ötən ilin aprel ayında imzaladığı sərəncama əsasən aparılır. İnşaat işləri başa çatdıqdan sonra gömrük postunun buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur.

Bundan başqa, “Xanoba” gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan- Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.