12 aprel 2021 15:13
695

MİDA 5 ildir vətəndaşlara xidmət edir FOTO

Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi tərəfindən əlamətdar gün münasibəti ilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

"İki sahil" xəbər verir ki, qurumun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Həmin gün, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlamasının 5-ci ildönümü ilə əlaqədar qurumun inzibati binasında tədbir keçirilib.

5 illik fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan iclası giriş sözü ilə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov açdı. O, qurumun yaradılmasının 5-ci ildönümü münasibəti ilə həmkarlarını təbrik edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Cənab Sadıqov bildirib ki, Azərbaycan Respublikası vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim ölkə başçısının diqqət mərkəzindədir. Ölkədə aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə cənab Prezident tərəfindən ayrılan xüsusi diqqətin daha bir göstərcisi 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması oldu.

Agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Respublikası Prezidentinin dəyərli tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil etmişdir. Sadiq Sadıqov qeyd etdi ki, ölkə başçısının insanların yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və rahat yaşayışının təmin olunması məsələsinin həllinin prioritet kimi müəyyən edilməsi, həmçinin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə göstərdiyi dəstək qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılmasına öz töhfəsini verir.

Əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə ölkə başçısının tapşırığına əsasən ötən müddət ərzində Agentliyə 2016-cı ildə Bakı şəhərinin Yasamal rayonunda əvvəlcə 11,6 hektar, 2017-ci ildə Suraxanı rayonunda 20 hektar və daha sonra Yasamal rayonunda 15,4 hektar, 2019-cu ilin əvvəlində Sumqayıt şəhərində 0,75 hektar, iyun ayında isə Gəncə şəhərində 6,23 hektar, 2020-ci ildə Suraxanı rayonunda 23,25 hektar torpaq sahələri ayrılmışdır. Bununla yanaşı, 2021-ci ilin mart ayında Lənkəran şəhərində 1,5 hektar və Sumqayıt şəhərində isə 2 hektar torpaq sahəsi güzəştli mənzillərin tikintisinin reallaşdrılması məqsədi ilə Agentliyin sərəncamına verilmişdir.

Tədbirdə hesabat məruzələri ilə çıxış edən Agentliyin digər vəzifəli şəxsləri də 5 il ərzində müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdilər.

Daha sonra, Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksindən güzəştli mənzil əldə edən Bəhruz Əliyev kompleks sakinləri adından çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə aztəminatlı və gənc ailələrin sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu layihəyə görə dərin təşəkkürünü bildirib.

Bununla yanaşı, Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasının 5-ci ildönümü münasibətilə Agentliyin növbəti layihəsi olan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin (15.4 ha) ərazisində ağacəkmə aksiyası keçirilmişdir.

Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə keçirilmiş aksiya zamanı Mənzil İnşaatı Dövlət Agentliyi və onun tabeliyində olan “MİDA” MMC-nin əməkdaşları tərəfindən 600-ə yaxın yeni ağac əkilmiş, mövcud yaşıllıqlara qulluq edilmişdir.