12 aprel 2021 20:15
1875

Nəğmə beşiyi

(Bir ömürlük xatirə)

Aşıq Nəsibin evi mənim nəzərimdə kəndimizin nəğmə beşiyi idi. Onun ailə ansanblı nəğmələrini el – obamıza  səxavətlə ərmağan edirdi. O zərif,  kövrək və təravətli nəğmələr -   o səs, o avaz indi də qulaqlarımdadır. Qəlbimdə yuva qurub, yuva nəğməsinə, yurd nəğməsinə dönüb.  O nəğmələrin ağ sevinci ilə yalyolunu birnəfəsə çıxırdım. Bizi evimizə aparan yalyolu Aşıq Nəsibin evindən beş – on metr sola dönəndə başlayır. Harda olsam da, o doğma cığırların, o yalyolunun, o yerlərin  cazibəsindən çıxa bilmirəm. Bizim, böyük şəhərlərin naməlum ünvanlarına gəlişimiz o yalyolundan, o cığırlardan başladı.

Aşıq Nəsib el – oba eşqinə sazı ilə həmdərd olurdu. Elin yadında qalan, sazının xallarını, güllərini elin nəbzinə uyğun dilləndirən, əsrlərin, qərinələrin öz havasını gülləndirən sənətkarlardan idi. O, sazında  qədimliyimizi, tariximizi yaşadırdı.  Böyük  şairimiz Səməd Vurğun Borçalını Faxralı kəndində qonaq olarkən məclisində Aşıq Nəsibin sazını dinləyib, onun sənətinə yüksək qiymət verib. Şairin dilindən dür kimi süzülən, aşığın sazının sinəsinə inci kimi düzülən sözlər Aşıq Nəsibin qəlbini riqqətə gətirib.

Mən Aşıq Nəsiblə ömrünün son illərində ünsiyyət tapmışdım. O zaman kəndin poçtalyonu işləyirdi. Hələ orta məktəb şagirdi olduğum o illərdən mənim şeirlərim və məqalələrim Gürcüstanda nəşr olunan yerli qəzetlərdə (“Qələbə bayrağı”, “Sovet Gürcüstanı,” “Axali Marneulu”, “Trialeti” və s.) çap olunurdu, Gürcüstan Dövlət Radiosunun efirindən vaxtaşırı reportajlarım, oçerklərim səsləndirilirdi. Yazılarımın işıq üzünə çıxdığı o qəzetləri Nəsib dayı mənə çatdıranda, oradakı fikir qönçələrimlə, çiçək üstündə şehi xatırladan söz incilərimlə sevinc ortağı olardı. İlk qələm təcrübələrim – özüm kimi utancaq şeirlərim haqda ustadlar ruhundan süzülüb gələn sözlər söyləyərdi. Ürəkdolusu danışır və məni daha yaxşı yazmağa ruhlandırırdı. Onun sözləri ürəyimdə çıraq yandırırdı.  Aşıq sözü idi, ustad sözü idi, axı!..

... El arasında onlara Aşıq Hasanlılar nəsli deyilir. Soyadlarımızdakı eynilik bəzən çoxlarını çaşdırırdı. Ailələrimiz arasında qohumluq bağlarının olduğunu düşünürdülər. Amma qan qohumluğumuz olmasa da, doğmalardan doğma münasibətimiz vardı.

Rəhmətliklər -  anamla (anam Əsli Alı qızı – on iki övlad anası, “Qəhrəman ana”) Sona xalanın (Aşıq Nəsibin ömür – gün yoldaşı – səkkiz övlad anası) çöhrəsindəki cizgiləri və söhbətləri hələ də yadımdadır. Onların söhbəti uzandıqca üzümü anamın dizinə söykəyib qulaq asardım. O doğma insanlar arasında ürəyin ürəyə necə böyük mehri varıydı, ilahi! Ürəklərində köhnə iman, köhnə güman, köhnə təpər, üzlərində təbəssüm qarışıq qəhər var idi.  O çağlarda analarımızın doğmalığı da mənəvi ucalığa bağlı idi. Sanki o vaxtın adamlarına doğmalıq peyvəndi vurulmuşdu.  Ulu olmuşlar o hərarəti, o məhəbbəti də özləri ilə apardılar.

...  Sənətini  varlığında yaşatmaqla yanaşı, Aşıq Nəsibin poçtalyon kimi çalışması  həyatın vacib ehtiyacından doğurdu. Yaş artıqca, səkkiz övlad atası olan Aşıq Nəsibin də ailədə övlad – uşaq qayğısı artırdı, atalıq yükü ağırlaşırdı. Övladlarının adları da şeir kimi qafiyələnib – Gülnarə, Sitarə, Dilarə, Kəmalə, Ələddin, Nurəddin, Həsən, Fəxrəddin... Təkcə Həsənin adı qafiyələnməmişdi. Babası Aşıq Həsənin şərəfinə bu adı daşıyırdı. Aşıq Həsən də dövrünün tanınmış aşıqlarından olub. Dövran istedadı sevmədiyindən, Aşıq Həsən öz qürurunu sındırmamaq üçün könül sazını daşlara çırpıb sındırıb.

İnsan kimi çox təvəzökar idi Aşıq Nəsib. Onun evi işığa – nura, sevgiyə, musiqiyə, nəğməyə bələnmiş ev idi. O evin doqqaz qapısı gələnlərin üzünə nəğmə çələngi ilə, gün işığı ilə  açılırdı. O evlə bağlı  uşaqlıq illərindən yaddaşıma həkk olunmuş, möhürlənmiş neçə - neçə xoş xatirələr var. Bu xatirələr mənim üçün sonsuz xəzinədir, yaddaşıma yazılmış val kimidir.

Aşıq Nəsib sadə yaşadı, saf yaşadı, ölümü də gözəl oldu.  Yas mərasiminə gələnlərin arasında mən də var idim. O zaman hələ orta məktəbdə oxuyurdum. Cənazəsi önündə ruhuna dualar oxuyurmuş kimi, şeir oxudum. Bu da ehtirama layiq  belə bir uşaq duyğusu idi. Mən şeir oxuyanda sanki hamı nəfəsini içinə çəkmişdi. Mərasimə gələnlərin hamısı ağır bir sükut içərisində idi. Birdən adamlar arasından atamın zəndlə mənə baxdığını gördüm. Saçımdan topuğumacan tər məni basdı. Yanaqlarım, boynumdakı  pioner qalstuku kimi qızarmışdı. Atam   mənim şeir oxuduğumu ilk dəfə görürdü. Evə gələndə heç bir söz demədən alnımdan öpdü.

Aşıq Nəsibin nəğmə beşiyi olan evi Faxralının hüsnünə gözəl yaraşırdı. Aşıq Alı da Aşıq Nəsibin evinin qonşuluğunda yaşayır. Yalyolu ilə evimizə qalxanda Aşıq Alının eyvanda çaldığı sazın xalları, gülləri ruhuma sığal çəkirdi. Aşığın çəpərinin üstündən yola sarı əyilən cır narların turş tamından  umsuq uşaqlar kimi, ağzım sulanırdı, o nar kollarının şəklini gözlərimlə çəkib keçirdim. Kəndimizin o cır narının turşməzə dadını dünyanın heç bir narının  dadına dəyişmərəm.

Yalyolu ilə evimizə gedəndə Aşıq Alının  sazının səsini dinlədikcə ürəyimdə pıçıldadığım şeir hələ də əzbərimdədir:

“Aşıq yay gecəsi çıxır eyvana,

Ay axır simlərin ağ yollarından.

Çal, dönüm gözünə, söyləyir ona

Nübar bülbül səsi nar kollarından...”

...O illərdə Aşıq Alının  sazını da könüldolusu dinləyirdim. Onun  sənətinə  dəyər verib haqqında qəzetdə  məqalə yazmışdım. Aşıq Alı  Aşıq Nəsibin halallığını almış sənətkarlardandır.

Aşıq Nəsibin sənəti, nəsil şəcərəsindən olan neçə - neçə gənclərə sirayət etmişdi. Düzdür, onlar bilavasitə Aşıq Nəsibdən dərs almasalar da, onların  ustad – şəyird ülfəti olmuşdu.  Övladları da Aşıq Nəsibin nəğmə bulağının gözündən su içmişdi. Onların laylası sazla çalınmışdı. Hər birinin özünəməxsus istedadı vardı. Ailənin böyük oğlu Ələddin Həsənov Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra Gürcüstan radiosunda uzun illər diktor işləmişdi. O,  xoş rəftarı, şirin ünsiyyəti  ilə yadımda qalıb. İpək xasiyyətli, nur üzlü, nur camallı adam idi. Bütün hərəkət və davranışlarında incəlik, zəriflik vardı. Ruhuna yaxşılıq çilənmişdi sanki. İllər keçsə də onunla bağlı təəssüratlarım unudulmayıb. Ağlımda, fikrimdə nə varsa, görüşlərimizin ən ümdə anları ilə yadımdadır. O, gülər üzündən daxili saflığının şöləsi görünən bir insan idi. Onun məlahətli səsi hər axşam evlərimizin qonağı olurdu. Kəndimizin adamları onunla fəxr edirdi. O səs hələ də yaddaşımda öz təravətini, rayihəsini saxlayır. Ömrünün çoxunu Gürcüstan radiosuna, xalqın maariflənməsinə həsr etdi. Heyif aramızdan tez getdi.

Ailənin ikinci oğlu Nurəddin Həsənovun istedadı əsla danılmazdır. İxtisasca müəllim olsa da, mədəniyyət sahəsində fəaliyyət göstərmişdi.   Cavanlığından könlünü saza vermişdi. Azərbaycanın görkəmli şairi, dəyərli  publisist Səyavuş Sərxanlı onun haqqında sanballı bir məqalə yazmışdı. Ağır əməliyyat keçirməsəydi, yenə imran dili bülbüllər kimi ötərdi Nurəddinin. Xalq şairi Söhrab Tahirin Nurəddinə ithaf etdiyi şeir hələ də əzbərimdə qalır:

Ay aşıq qardaşım, Nürəddin qağa,

Məni sazında çal, sözündə saxla.

Mən sənə Təbrizdən bir gül gətirdim,

Gül solsa, Təbrizi özündə saxla...

Meşələrimizdəki bulaqların başında Nurəddinin qurduğu məclislər, o məclislərdə sazını xoş avazla dilləndirməsi və oxuduğu havacatlar o dövrün uşaqlarının yaxşı yadındadır. O  çağlar gözəl çağlar idi. Hər işdə xoşbəxtlik arayırdıq. Dünyanın xoşbəxtləri kimi ümidlərlə, arzularla yaşayırdıq.

O günləri xatırlayanda xəyal məni çəkib uzaqlara aparır. Həyatın axarı çox adamları taleyin müxtəlif məcralarına yönəltdi. Amma kənddən qıraqda olanlar, durnalar öz elinə qayıdan kimi, bayramdan – bayrama, yaydan – yaya kəndimizə gəlirdilər. Gedənlərin qayıtmağıyla, kəndimizdə xoş bir əhval – ruhiyyə hökm sürürdü, doğma kənd, isti ata ocağı könül məskəninə çevrilirdi. Təhsil almaq üçün Bakıya gedən Həsən Həsənov da hər yay kəndə gələrdi. Onun kəndə gəlişinin sorağı daha tez yayılırdı. O, hərtərəfli istedadlı insan idi. Sazı, tarı, gitaranı ustalıqla ifa edirdi, şirin avazla oxuyurdu. Bir sözlə, ifaçı kimi də, aktyor kimi də özünəməxsus yeri vardı. Hələ əsgərlikdə olan zaman, o dövrün nüfuzlu qəzetlərindən sayılan “Azərbaycan gəncləri” qəzetində onun haqqında yazılmış məqalə bu sözlərlə başlayırdı: ”Məşhur gitaraçı Həsən Həsənov...” Həsən doğrudan da çox məşhur idi, çox istedadlı idi. Hərbi xidmətdən qayıtdıqdan sonra İncəsənət İnstutunun Mədəni Maarif fakültəsinə daxil oldu. Ali təhsilini bitirdikdən sonra, 40 illik sənət fəaliyyəti dövründə müxtəlif yerlərdə çalışdı. O cümlədən, bir neçə teatrda sərəncamçı direktor və direktor işlədi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görüldü.

... Günəş qürub edəndə, kəndimizin yay axşamlarında havanın istiliyi azalmağa başlayırdı, yala – yamaca qısa kölgələr düşürdü. Kölgələr sanki musiqinin ahənginə uyğun, kəndimizin üstü ilə sürünürdü. Elə ki, Ay bədirləndi, kəndimizin səması musiqi sədalarına, nəğmə ovqatına bürünürdü. Kövrək gecələrin süd aydınlığında, səmanın ənginliyində bərq vuran, sayrışan ulduzlar əriyib yox olanadək Həsənin saz havacatları üstündə köklənmiş gitarasının səsi gələrdi. Faxralıya elektro gitaranı ilk dəfə Həsən gətirmişdi.

Bilmirəm, gecələr Ay işığını, ulduzların baxışını  insanlar  mən sevən kimi sevirmi? O nəğmələr, kəndimizin yay axşamlarında sərin mehin gətirdiyi, Günəş rəngli kövşən ətri kimi könlümə dolurdu.   Bu sətrləri yazarkən, xatirələrin işığında uzaq üfüqlərə bir də boylandım. Həsənin beş il öncə iş yerimə gəldiyini xatırladım. Qərara gəldik ki, haqqında yazmaq üçün bir də görüşüb söhbət edək. O zaman 65 yaşı tamam olurdu. Amma işlərin çoxluğundan, o görüşümüz baş tutmadı. Daha bir yubileyi – 70 yaşı da oldu, yenə görüşə bimədik. Bu günlərdə 71 yaşı tamam olmamış haqqın dərgahına qovuşdu. Neynəmək olar? İnsan dünyanın qonağıdır.

Sağlığında yaza bilmədiyim  bu məqalə vaxtında ünvanına yetişməyən məktuba bənzəyir. Mən gecikdim, Həsən “tələsdi.” Bu məqaləni oxuya bilmədi,  təki ruhu şad olsun!..

Həzi Həsənli, 
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair – publisist, Prezident təqaüdçüsü