Ötən ilin payızı dünyada COVID-19 pandemiyasının ikinci dalğasının başlaması və yoluxma sayının sürətli artımı ilə yadda qaldı. Lakin ilin sonlarına yaxın vaksinlərlə bağlı əldə olunan uğurlar insanlığın pandemiyanı məğlub edəcəyinə ümidləri artırdı. Bir sıra ölkələrdə peyvəndlər sınaqdan keçirildi, yüzlərlə peyvənd namizədi ortaya çıxdı, sürətli işlər aparılaraq yeni texnologiyalarla istehsal edilmiş vaksinlər hazırlandı. 2020-ci ilin dekabrından etibarən isə dünyanın bir çox ölkəsində pandemiyaya qarşı vaksinasiyaya başlanıldı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri, eyni zamanda, bu sahənin mütəxəssisləri dəfələrlə bəyan edirlər ki, yeni növ koronavirusa yoluxmamağın yolu vaksinasiyadır.
Dünyanın bir sıra virusoloqları ilk növbədə vaksinasiya prosesinin sürətləndirilməli olduğunu diqqətə çatdırırlar. Çünki peyvəndləmə müddəti uzandıqca yeni-yeni mutasiyaların yaranacağı şübhəsizdir. Bununla yanaşı, onların fikrincə, sosial məsafə daha da artmalı, maska taxmaq hamı üçün əsas olmalıdır. Bəzi vətəndaşlar elə düşünürlər ki, vaksin olunandan sonra bu infeksiyadan 100 faiz qorunmuş olacaqlar və daha izolyasiya qaydalarına riayət etməyə, maska taxmağa, gigiyena qaydalarını, sosial məsafə prinsiplərini gözləməyə ehtiyac qalmayacaq. Bu, tamamilə yanlış fikirdir. Çünki insanlar arasında hələ də xəstəlik keçirməyənlər, həssas qruplar var. Peyvənd tətbiq olunduğu gündən bir ay keçəndən sonra qoruyuculuğunu göstərməyə başlayır. Belə ki, ilkin doza tətbiq olunur. Ondan 21 gün sonra ikinci doza vurulur. İkinci dozadan təxminən 10 gün sonra müəyyən qədər qoruyucu hesab olunmaq olar. Çünki orqanizmə yeridilən vaksin immun sisteminə təsir göstərir və müəyyən immun zülalların formalaşmasına kömək edir. İnaktiv peyvəndlərdə peyvənddən iki həftə sonra növbəti vaksin vurula bilər. Qrip, meninqokok, pnevmokok, hepatit A, B əleyhinə vaksin vurulanlar iki həftədən sonra koronavirusa qarşı peyvənd oluna bilərlər. Suçiçəyi, vərəm əleyhinə vaksin vurduranlar isə bir aydan sonra koronavirusa qarşı peyvənd oluna bilirlər.
Bu gün dünyanın hər yerində COVID-19 və ya başqa xəstəlik əleyhinə peyvənd üçün məcburiyyət yoxdur. Ölkəmizdə də bu proses tam könüllü əsaslarla aparılır. Lakin bir qrup şəxslər var ki, peyvəndləmə prosesinin qəti əleyhinədirlər. Bu, peyvəndin yan təsirləri ilə bağlıdır. Mütəxəssislərin də vurğuladıqları kimi, peyvəndin yüngül və ciddi yan təsirləri mümkündür. Yüngül yan təsirlərə peyvənd olunan nahiyədə qızarıqlıq, şişkinlik, müəyyən istilik, ümumi bədən temperaturunun yüksəlməsi, halsızlıq aiddir. Vaksin orqanizmdə müəyyən xəstəlik əlaməti formalaşdırmalıdır ki, ona qarşı immun sistemimiz aktivləşsin və immunitet formalaşsın. Bu hallar bir neçə gün ərzində baş verə bilər və əhəmiyyətsizdir. Ciddi yan təsirlərə anafilaktik şok, yəni allergik reaksiya aiddir ki, o da ilk 30-40 dəqiqə ərzində baş verir. İstənilən dərman preparatına qarşı da insanda allergik reaksiya, anafilaktik şok baş verə bilər.
Mütəxəssislər, həmçinin bildirirlər ki, 18 yaşına qədər uşaqlara peyvənd vurdurmaq olmaz, çünki onlar üzərində sınaqlar həyata keçirilməyib və nəticələr yoxdur: Hazırda COVID xəstəsi olanlar yalnız sağaldıqdan sonra peyvənd oluna bilərlər. Hamilə qadınlara xüsusilə ilk trimestrdə vaksin vurdurmaq tövsiyə olunmur. Onlarda risk qiymətləndirilməsi aparılmalıdır. Əgər risk qrupundadırlarsa, yanaşı xəstəliyi, xəstəliyi ağır keçirmə ehtimalları varsa, işi ilə əlaqədar olaraq insanlarla çox sıx təmasdadırlarsa, bu halda növbəti trimestrlərdə hamilələrin həkimləri ilə məsləhətləşərək onlara vaksin vurula bilər. Ciddi immunsupressiv vəziyyətdə olanlara, məsələn, orqan transplantasiyası keçirən xəstəyə peyvənd vurulmasına dair qəti əks-göstəriş yoxdur. Həmin şəxslər risk qrupuna daxildirlərsə, onlar həkimləri ilə məsləhətləşmədən və immun statusları dəyərləndiriləndən sonra peyvənd oluna bilərlər.
Sevinc Azadi, “İki sahil”