Son vaxtlar kütləvi informasiya vasitələrində ölkədə ərzaq və qeyri-ərzaq məhsullarında olduğu kimi, dərman vasitələrinin qiymətlərində də artımın olması ilə bağlı xəbərlər yayılmaqdadır. Qeyd edilir ki, dərman vasitələri bahalaşmaqdan əlavə, satış qiymətləri də apteklər üzrə fərqlənir.
Doğrudanmı, dərman vasitələrinin qiymətləri artıb?
Əvvəlcə ondan başlayaq ki, 2015-ci ildən Azərbaycanda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılıb. Dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir və onun siyahısı qurumun saytında yerləşdirilib. Bu qiymətlərdən fərqli qiymətə satışla bağlı cərimələr də müəyyən edilib. Nəticədə ötən müddət ərzində əksər dərman vasitəsi nəinki bahalaşıb, əskinə, ucuzlaşıb. Eyni zamanda, dərman vasitələrinin satışına yerindən asılı olmayaraq vahid qiymət tətbiq edilib və buna əməl etməməsi məsuliyyətə səbəb olur.
Qiymətlərin tənzimlənməsi, eyni zamanda, qiymət müstəvisində rəqabəti aradan qaldırıb.
Digər tərəfdən, son illərdə ölkədə kiçik və orta biznesin inkişafı üçün yaranmış münbit şərait apteklərin sayının artmasına gətirib çıxarıb ki, bu da rəqabəti artırıb. Bununla da qiymətlərin tənzimlənməsinə apteklər arasında rəqabətin artmasını da əlavə edəndə, dərman vasitələrinin qiymətinin süni şəkildə artırılmasını heç təsəvvür etmək də mümkün deyil. Söhbət ondan gedir ki, qiymətlərin tənzimlənməsi ilə qiymət müstəvisində rəqabətdən məhrum olan apteklər üçün qiymət artımına getmək yüksək miqdarda cərimələrlə yanaşı, müştərilərini itirmək deməkdir.
Ancaq onu da vurğulamaq lazımdır ki, apteklərdə təkcə dərman vasitələri satılmır. Bu baxımdan xüsusilə də bioloji fəallığa malik qida əlavələri xüsusilə qeyd edilməlidir. Məsələ burasındadır ki, son illərdə ölkəmizdə aparılan müalicələrdə dərman vasitələri ilə bərabər, bioloji fəallığa malik qida əlavələrinin istifadəsi geniş yayılıb. Lakin heç bir şəkildə müalicə əhəmiyyəti olmayan belə məhsulların qiyməti tənzimlənmir. Yəni, bioloji fəallığa malik qida əlavələrinin qiyməti sərbəst şəkildə təyin oluna bilindiyindən apteklərdə onların qiyməti fərqli olur.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ötən ay keçirdiyi brifinqdə ölkəyə bioloji fəallığa malik qida əlavələri idxal edən şirkətlər barədə danışarkən onlara qiymətləri aşağı salmaq, yaxud da satış qiymətinə uyğun gömrük ödənişləri etmələri təklif edildiyini bildirmişdi. Komitə sədri belə şirkətlərin ölkəyə gətirdikləri məhsulların gömrük dəyəri ilə apteklərdəki satış qiyməti arasında 300-600 faiz fərq olduğunu qeyd etmişdi.
Bununla belə, məsələ təkcə qiymətlə bağlı deyil. Ölkə qanunvericiliyə görə, bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. Söhbət ondan gedir ki, bu məhsullar xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədi ilə təyin olunan dərman vasitələrini əvəz etmir.
Bir sözlə, çoxlarının dərman vasitəsi kimi bildiyi, apteklərdə fərqli qiymətə satışda olan bioloji fəallığa malik qida əlavələrinin qiyməti tənzimlənmir və müalicəvi əhəmiyyəti yoxdur. Qanunvericiliyə əsasən, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən ancaq tövsiyə oluna bilər, onların həkim reseptinə yazılması qadağandır.
Ceyhun Piriyev, “İki sahil”